Məhkəmə qərarları › İş №2(104)-491/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-491/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-491/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Tovuz Rayon Məhkəməsinin 2(062)- 1022/2022 saylı mülki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sadə yazılı akt şəklində qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı 11800 manat borc pul götürmüş və 2020-ci ilin dekabr ayında qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sadə yazılı akt şəklində qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6400 manat borc pul götürmüş və 5 ay sonra qaytarmağı öz öhdəsinə götürmüşdür.

3. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/309 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 4-cü vərəqində xx.xx.2020-ci il tarixli “Qəbz”in aşağı hissəsində “İmza” yazısının qarşısında olan imza, mülki işin 5-ci vərəqində xx.xx.2020-ci il tarixli “Qəbz”in aşağı hissəsində “İmza” yazısının qarşısında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18200 manat məbləğində pulun və ödənilmiş 145 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun müddətdir ki tanıyır. Cavabdeh xx.xx.2020-ci il tarixdə ondan 11800 manat borc pul almış və həmin pulu 2020ci ilin dekabr ayında qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa xx.xx.2020-ci il tarixdə 6400 manat borc pul almış və həmin pulu 5 ay sonra qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda cavabdehin ona ümumilikdə 18200 manat borcu vardır. Dəfələrlə borcunu tələb etməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, əslində həmin pul borc şəklində götürülməmiş, iddiaçının da ona borcu vardır. Ona görə də o, iddiaçının pulunu hələ qaytarmamışdır.

8. Tovuz Rayon Məhkəməsinin 2(062)-1022/2022 saylı mülki iş üzrə 17 may 2022ci il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia təmin edilmiş, 18200 (on səkkiz min iki yüz) manat məbləğində pulun və ödənilmiş 145 manat dövlət rüsumunun Cavabdeh tutularaq (alınaraq) İddiaçı verilməsi qət edilmişdir..

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1022/2022 saylı mülki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olmaqla yanaşı maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, qətnamənin əsası kimi məhkəmə iş materiallarında olan sadə yazılı formada olan qəbzə istinad edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki həmin qəbzlər nə ona aiddir, nə də ki, həmin qəbzlər onun tərəfindən tərtib və imza edilməmişdir. Hakim isə işin bu halına heç bir qiymət vermədən, həmin qəbzlərin kim tərəfindən tərtib və imza edildiyini araşdırmadan hüquqa və qanuna zidd qətnamə qəbul etmişdir. Bu səbəbdən də həmin qəbzlərdəki imzaların ona məxsus olub olmamasına aydınlıq gətirilməsi üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermiş, şikayətin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda məhkəmə kollegiyasına yazılı vəsatət təqdim edərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə etirazının olmadığını bildirmişdir.

14. İş üzrə tərəflərə məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin, onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 28 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Belə ki, işin hallarından müəyyən olunur ki, cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıdan 11800 manat borc pul almış və həmin pulu 2020-ci ilin dekabr ayında qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa xx.xx.2020-ci il tarixdə 6400 manat borc pul almış və həmin pulu 5 ay sonra qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda cavabdehin ümumilikdə 18200 manat borcu vardır. Dəfələrlə borcunu tələb etməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəmə tərəfindən iddia təmin edilmişdir.

35. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, qətnamənin əsası kimi məhkəmə iş materiallarında olan sadə yazılı formada olan qəbzə istinad edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki həmin qəbzlər nə ona aiddir, nə də ki, həmin qəbzlər onun tərəfindən tərtib və imza edilməmişdir.

36. Apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədilə iş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərin Cavabdeh tərəfindən tərtib olunubolunmaması, eləcə də həmin qəbzlərdə olan imzaların Cavabdeh tərəfindən icra edilibedilməməsi ilə bağlı məhkəmə kollegiyası tərəfindən iş üzrə ekspertiza təyin olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2023-cü il tarixli rəyi ilə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qəbzlərdə olan imzanın Cavabdeh tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yalnız formal xarakter daşıyır.

37. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

38. Məhkəmə təqdim edilmiş iddia ərizəsindən, eləcə iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı cavabdehə ümumilikdə 18200 manat borc vermiş, cavabdeh həmin borcunu qaytarmamışdır. İddiaçının cavabdehə həmin məbləğdə borc verdiyi iş materiallarında olan qəbzlərlə öz təsdiqini tapmışdır. Həmin məbləğdə borcun mövcud olması işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə 18200 manat məbləğdə borcunun olmadığını və ya həmin məbləğdə borcu qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh isə həmin qəbzlərin onun tərəfindən tərtib olumadığını və imzalanmadığını bildirsə də, məhkəməyə öz izahatından savayı heç bir mötəbər sübut növünü təqdim edə bilməmiş, əksinə məhkəmə kollegiyasına təqdim edilmiş ekspertiza rəyi ilə həmin qəbzlərdə olan imzaların cavabdeh tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Belə olan halda cavabdehin apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

40. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1022/2022 saylı mülki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1022/2022 saylı mülki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar