Məhkəmə qərarları › İş №2(104)-493/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-493/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-493/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona olan borcunun hesablanması və ona olan borcuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə)hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırki işdə iddia tələbi qeyri-müəyyəndir. İddiaçı, cavabdehdən 2016-ci ildə borc olaraq götürdüyü puldan artıq pul ödədiyini, lakin həmin pulun məbləğini bilmədiyini və cavabdehin ona yaranmış borcunun məhkəmə tərəfindən hesablanması və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –MPM) 149.2-ci maddəsində qeyd olunmuşdur ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-nin 152-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı iddia ərizəsini MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl etmədən vermişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, iddia ərizəsini geri qaytarmamışdır. MPM-nin 259-cu maddəsinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır(maddə 259.0 və 259.0.12). Bununla bağlı Məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilə bilməzdi, qəbul edilmiş qətnamə isə düzgün sayıla bilməz və bu qətnamənin apellyasiya icraatı qaydasında yoxlanılmasının nəticələrinə dair qətnamə qəbul edilə bilməz. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Ağdam Rayon Məhkəməsi tərəfindən 28 noyabr 2024-cü il tarixdə qəbul edilmiş qətnamə ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar