Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-495/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(066)-1121/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00204024 saylı müqaviləyə əsasən LG GN-C732SGGU markalı soyuducu 18 ay müddətinə 2815 manat qiymətinə müştəri Cavabdeh kreditə verilmişdir.
2. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 312634 saylı müqaviləyə əsasən İMEİ kodu **********29947 olan LG X 240 K8 markalı telefon 18 ay müddətinə 558 manat qiymətinə müştəri Cavabdeh kreditə verilmişdir.
3. 21.09.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018ci il tarixli müqavilə üzrə 2664 manat əsas, 266 manat cərimə, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 310 manat əsas, 31 manat cərimə olmaqla ümumilikdə cəmi 3271 manat borcu vardır.
4. 11.08.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən LG markalı soyuducu üçün 2664 manat ödənilməmiş hissənin, 266 manat cərimə pulunun, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********29947 olan LG X 240 K8 markalı telefon üçün 310 manat ödənilməmiş hissənin, 31 manat cərimə pulunun, ümumilikdə 3271 manat borcun və 52.71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən cavabdeh LG markalı soyuducu, İMEİ kodu **********29947 olan LG X 240 K8 markalı telefon almış və nəticədə 3271 (üç min iki yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2815 (iki min səkkiz yüz on beş) manat (18 ay x 148 manat + 151 manat ilkin ödəniş) olan LG markalı soyuducu üçün ümumilikdə 2930 (iki min doqquz yüz otuz) manat olmaqla ondan 2664 (iki min altı yüz altmış dörd) manat ödənilməmiş hissə, 266 (iki yüz altmış altı) manat cərimə pulu, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 558 (beş yüz əlli səkkiz) manat (18 ay x 31 manat+0 manat ilkin ödəniş) olan **********29947 İMEİ kodlu LG X 240 K8 markalı telefon üçün ümumilikdə 341 (üç yüz qırx bir) manat olmaqla ondan 310 (üç yüz on) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 399 manat təşkil edir.
7. Göygöl Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(066)-1121/2022 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2664 (iki min altı yüz altmış dörd) manat ödənilməmiş hissənin, 5 (beş manat) manat cərimənin, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən 310 (üç yüz on) manat ödənilməmiş hissənin, 5 (beş) manat cərimə olmaqla ümumilikdə cəmi 2984 (iki min doqquz yüz səksən dörd) manat borcun və 52.71 (əlli iki manat yetmiş bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 467, 600.4, 601.1 və 601.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(066)-1121/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə mühasibatlıq ekspertiza təyin edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, o tam ödəniş etmişdir, buna baxmayaraq iddiaçı şişirdilmiş məbləğ tələb etmişdir. İş üzrə mühasibatlıq ekspertizası təyin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. Öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən cavabdeh LG markalı soyuducu, İMEİ kodu **********29947 olan LG X 240 K8 markalı telefon almış və nəticədə 3271 (üç min iki yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2815 (iki min səkkiz yüz on beş) manat (18 ay x 148 manat + 151 manat ilkin ödəniş) olan LG markalı soyuducu üçün ümumilikdə 2930 (iki min doqquz yüz otuz) manat olmaqla ondan 2664 (iki min altı yüz altmış dörd) manat ödənilməmiş hissə, 266 (iki yüz altmış altı) manat cərimə pulu, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 558 (beş yüz əlli səkkiz) manat (18 ay x 31 manat+0 manat ilkin ödəniş) olan **********29947 İMEİ kodlu LG X 240 K8 markalı telefon üçün ümumilikdə 341 (üç yüz qırx bir) manat olmaqla ondan 310 (üç yüz on) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə pulu miqdarında borcu yaranmışdır.
22. Cavabdeh apellyasiya şikayətinin dəlillərində borcun düzgün hesablanmadığını, iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də buna dair əsaslı sübut (ödəniş qəbzi və s.) təqdim etməmişdir. Bununla belə məhkəmə kollegiyasının araşdırması zamanı ekspertizanın keçirilməsini zəruri edən hal müəyyən edilməmişdir.
23. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassızdır.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, hazirkı iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(066)-1121/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .