Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-495/2025 28.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibаrət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(076)-4739/2024 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il tarixli 230 saylı sərəncamı ilə Şəmkir rayonu Kür qəsəbəsi Şəhriyar küçəsi 2 saylı evin 2 otaqlı, yaşayış sahəsi 35.72 kv. m. olan 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 48 saylı mənzilə görə tərtib olunmuş 15 avqust 2006-cı il tarixli 02 saylı orderin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(076)-4739/2024 nömrəli qərardadı ilə (hakim Nazlı Heydərova) ərizəçi İddiaçı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi və ərizəyə əlavə olunmuş bütün sənədlərin rəsmi qaydada iddiaçıya təqdim olunması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan ərizəçi İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim etdiyi orderdə onun adında bir hərf artıq yazılıb. Bu səbəbdən də həmin order maraqlı şəxs tərəfindən qəbul olunmur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İstəmişdir ki, məhkəmə hüquqmüəyyənedici sənədin ona məxsus olması faktını müəyyən etsin. Sənəddəki yanlışlıq aradan qaldırılmadığı üçün təbii ki, 11 saylı Şəmkir Ərazi İdarəsi onun mülkiyyət hüquqlarını qeydə ala bilməz. Nə üçün inzibati orqanın hərəkətindən şikayət etməlidir? Axı sənədindəki, yanlışlıq aradan qaldırıldığı halda, DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərsə, həmin inzibati orqanın ondan tələbi haqlıdır. Şəmkir Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(076)-4739/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin yolverilməzliyə görə qəbulundan imtina barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bununla belə nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya işə məhkəmədə baxılması üçün qanuni əsaslar olub-olmaması, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Mübahisələndirilən məhkəmə qərardadından görünür ki, məhkəmə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edən zaman mübahisənin inzibati xarakterli olmasına əsaslanmış və Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbulundan imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Ərizədən görünür ki, ərizəçi İddiaçı Cavabdeh xx.xx.2006-cı il tarixli 230 saylı sərəncamı ilə Şəmkir rayonu Kür qəsəbəsi Şəhriyar küçəsi 2 saylı evin 2 otaqlı, yaşayış sahəsi 35.72 kv. m. olan 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 48 saylı mənzilə görə tərtib olunmuş 15 avqust 2006-cı il tarixli 02 saylı orderdə (hüquqmüəyyənedici sənəd) adının səhv yazıldığını bildirir və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Qeyd edilməlidir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. MPM-nin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Bu kontekstdə hüquqi dəyərləndirmə aparıldıqda müəyyən olunur ki, iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması üçün qanuni əsaslar mövcuddur. Belə ki, MPM-nin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsində deyilir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 6-cı bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İstinad edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması ilə bağlı mübahisələrə məhkəmə tərəfindən baxılması nəzərdə tutulduğu halda, hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Lakin, qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş materialları əsasında bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında ərizənin icraata qəbul edilməsi barədə qərardad çıxartmağa haqlı deyildir. Çünki, ərizənin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinin həlli, təkcə ərizənin icraata qəbul edilməsinin yolverilməzliyi üçün müəyyən olunmuş halların mövcud olub-olmaması üçün aparılan araşdırma ilə bitmir. Ərizənin icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş materialları ərizənin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. MPM-nin 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və MPM-nin 263-264, 372, 398.0.2, 399 və 402.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(076)-4739/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizənin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-495/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-495/2025
28.01.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver