Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-496/2024 08.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehlər Cavabdeh3, Cavabdeh4 iştirakları ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1564/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Cavabdeh3 02 aprel 2021-ci il tarixli 01753 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 32% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. 02 aprel 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən 02 aprel 2021-ci il tarixli 01753 saylı kredit müqaviləsinin təminatı olaraq zaminlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdürlər. "xxxx" MMC 06 dekabr 2022-ci il tarixində pretenziya qaydasına riayət edərək, cavabdehlərdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 02 aprel 2021- ci il tarixli 01753 saylı kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada 10690.68 manat əsas, 1945.02 manat əsas məbləğə hesablanmış faiz və 83 manat cərimə borcu olmaqla cəmi 12718.70 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 128.16 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 aprel 2021-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh3 arasında 01753 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 32% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində pul ayrılmışdır və o, müqavilənin şərtlərinə əsasən 36 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. İstehlak kreditinin ayrılması üçün borclu və zaminlər gəlirlərini təsdiq edən müvafiq sənədləri təqdim etmişlər. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi 02 aprel 2021-ci il t tarixdə Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borclu Cavabdeh3 "xxxx" MMC-nin qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərkən kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Böyükağalı Turut Elxan oğluna vermişdir. Amma borclu Böyükağalı Turut Elxan oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Cavabdeh3 öhdəliyini icra etməməsi nəticəsində "xxxx" MMC-yə zərər vurmuşdur. Bu isə onun "xxxx" MMC qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1564/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 02 aprel 2021-ci il tarixli 01753 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada 10690.68 manat əsas, 1945.02 manat əsas məbləğə hesablanmış faiz və 83 manat cərimə borcu olmaqla, cəmi 12718.70 manat borc və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 128.16 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 442, 448, 472-ci maddələrini rəhbər tutaraq iddia tələbini təmin etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin ödədiyi pullar nəzərə alınmaqla əsas borc, faiz borcu hissəsində azaldılmasına, cərimə borcu hissəsində rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, ona işə baxılan zaman məhkəmədən bildiriş göndərilmədiyinə görə məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməmişdir. Məhkəmə iclasında ancaq "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi sənədlər araşdırılmışdır. "xxxx" MMC özünə xeyir edən sənədləri məhkəməyə təqdim etmişdir. Onun ödədiyi pulun hara silinməsi məhkəmə iclasında araşdırılmamışdır. "xxxx" MMC iddia tələbində borcu həddindən artıq şişirtmişdir. Ödənilən pulları əsassız olaraq faiz və cəriməyə silinir. Hesab edir ki, "xxxx" MMC-dən onun kredit müqaviləsi üzrə ödədiyi məbləğlərlə bağlı hesabdan çıxarışı məhkəməyə təqdim etməli, onun qeyd etdiyi xüsusatlara əsasən "xxxx" MMC-yə olan borcunun düzgün hesablanması, iddia tələbində qeyd edilən əsas borcun, faiz və cərimə borcuna əsassız silinmələr araşdırılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh3 məhkəmə iclasında iddia tələbində göstərilən əsas, faiz və cərimə borcu olmaqla ümumi borc məbləği ilə razı olduğunu bildirmişdir. Lakin ailə vəziyyəti ilə bağlı olaraq borcun tamamını ödəmək imkanının olmadığını bildirərək aldığı əmək haqqının 50 faizi miqdarında ödəyə biləcəyini. Cavabdeh4 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və səbəbini bildirməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsində deyilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsində göstərilmişdir ki, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin normalarını əhatəli təhlil edərək kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır və birinci instansiya məhkəməsi gəldiyi nəticədə qanuni və əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarından da göründüyü kimi Cavabdeh3 göstərilən kredit müqaviləsi üzrə "xxxx" MMC-dən borc almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair "xxxx" MMC qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 02 aprel 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq zaminlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 "xxxx" MMC qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. 06 dekabr 2022-ci il tarixli pretenziya məktubundan (bildirişdən) görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, cavabdehlərdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin öhdəliyə görə iddiaçı olan "xxxx" MMC öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən şərtlərə əməl etmiş, bunun nəticəsində "xxxx" MMC-nin borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə "xxxx" MMC qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmə prossesində iştirak etmədiyindən birinci instansiya məhkəməsində mübahisə həll edilərkən onun tərəfindən "xxxx" MMC-yə olan borcdan ödəmiş olduğu bütün ödənişləri nəzərə alınmamışdır. Kollegiya qeyd edir ki, Cavabdeh3 məhkəmə iclasında iştirak edərək iddia tələbində göstərilən əsas, faiz və cərimə borcu olmaqla ümumi borc məbləği ilə razı olduğunu bildirmişdir. Lakin ailə vəziyyəti ilə bağlı olaraq borcun tamamını ödəmək imkanının olmadığını bildirərək aldığı əmək haqqının 50 faizi miqdarında ödəyə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir. Odur ki, iddiaçının iddia tələbinə münasibətdə təqdim etdiyi mötəbər dəlillər əsasında iddianın əsaslılığı sübuta yetirilmişdir, lakin verilmiş apellyasiya şikayətini təsdiq edəcək dəlillər cavabdeh tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1564/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-496/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-496/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver