Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-500/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 2(052)-173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11095 (on bir min doxsan beş) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Lənkəran rayonu, Digah kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. 2019-cu ildə Naftalan şəhərində yerləşən “Möcüzə” pansionatında müalicə alarkən orada iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Belə ki, cavabdeh həmin pansionatda işləmişdir. Cavadeh ona “sən Lənkərandansan, mən də, Lənkərandanam, burada mənə hər ay 300 manata qədər maaş verirlər” demişdir. Orada müalicə aldığı vaxt onun ad günü olacaqmış. Bu səbəbdən o, cavabdehə demişdir ki, yerliçilikdir, ad günündə ərzaq alsın, cavabdeh də, öz evində bişirsin və birlikdə yesinlər. Lakin cavabdeh ona anası ilə qaldığını, anasının onların tanışlıqlarından xəbəri olmaması gərəkdiyini demiş və onunla razılaşmamışdır. Orada müalicə aldığı müddətdə cavabdeh ilə hər gün telefonla əlaqə saxlamışdır. Müalicəsini bitirdikdən sonra isə o, Lənkəran rayonunda yerləşən evinə qayıtmışdır. Evində olarkən cavabdeh onunla telefon əlaqəsi saxlamış və ona demişdir ki, uşağı xəstədir, müalicəyə ehtiyacı vardı. Bu səbəbdən ondan 1000 manat pul istəmişdir. Həmin vaxtı onun əlində nağd pul olmadığı üçün kredit götürmək istəmiş, lakin yaşı keçdiyi üçün bankdan kredit götürə bilməmiş, həmçinin borc da, ala bilməmişdir. Məcbur qalaraq cavabdehin ondan istədiyi 1000 manat pulu hissə-hissə olmaqla hər ay aldığı pensiyasından və şəhid ailəsi olduğu üçün ona verilən təqaüddən toplayaraq cavabdehə göndərmişdir. Cavabdehə pul ilə yanaşı vaxtaşırı olaraq sovqatlar da, göndərmişdir. O, cavabdeh üçün təxminən 17 dəfə sovqat payı göndərmişdir. Bütün bunlara ümumilikdə 4780 manat pul xərcləmişdir. Eyni zamanda həmin sovqatları cavabdehə göndərmək üçün taksilərə 530 manat pul ödəmişdir. Cavabdeh eyni zamanda ondan danışıq üçün kontur pulu yükləməsini də, xahiş etmiş və o, ümumilikdə cavabdeh üçün 750 manatlıq kontur yükləmişdir. Lakin cavabdeh bununla kifayətlənməyərək hər dəfə ondan təkrar pul istəmişdir. O isə cavabdehə demişdir ki, onun istədiyi məbləğdə nağd pulu yoxdur. Cavabdeh isə ona demişdir ki, “mən kredit götürmüşəm, krediti hər ay sən ödəyərsən”. Onun cavabdehə yazığı gəldiyi və cavabdehə inandığı üçün hər ay ona kreditini bağlamaq üçün 197 manat, bəzi aylarda isə 204 manat pul göndərmişdir. Beləliklə o, cavabdehə ümumilikdə 5235 manat pul göndərmişdir. Bütün bu sovqatları və pulları cavabdehə ona görə göndərmişdir ki, cavabdeh ona həyat yoldaşının xəstə olduğunu, həkimlərin yoldaşına 2 ay vaxt qoyduqlarını, onun öləcəyini, bundan sonra isə o, Lənkərana gələrək onunla ər-arvad kimi yaşayacağını deməsi olmuşdur. O, da cavabdehə inanmış və öz həyat yoldaşının həmin vaxtı ağır xəstə olması səbəbindən onunla razılaşmışdır. Sonradan bilmişdir ki, cavabdeh onu aldadır. Belə ki, cavabdehin həyat yoldaşı həmin vaxtdan 07 il əvvəl vəfat etmişdir. Əslində isə cavabdeh ondan pul qoparmaq üçün bu addımları atırmış. O, vəziyyətin belə olduğunu gördükdən sonra cavabdeh barəsində tədbir görülməsi üçün Naftalan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Oraya hər ikisi çağırılmış və ayrı-ayrılıqda şifahi olaraq dindirilmişdir. Polis şöbəsində bununla bağlı ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən o, Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, şəhid ailəsidir, dövlətin hər ay ona verdiyi təqaüdlə dolanır. Cavabdeh isə onun etibarından istifadə edərək onu ümumilikdə 11745 manat xərcə salmışdır. Odur ki, həmin məbləği ondan tələb edir.
3. Naftalan Şəhər Məhkəməsinin 2(052)-173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Səlimov) iddia rədd edilmişdir.
4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyindən, eləcədə iş üzrə bağışlamaqdan imtina və ya bağışlamanın ləğvi əsasları mövcud olmadığından iddia rədd edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 385, 666, 673-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
6. Naftalan Şəhər Məhkəməsinin 2(052)-173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1949-cu il tarixdə Lənkəran rayonu, Digah kəndində anadan olmuş və hazırda da, həmin kənddə yaşayır. O, 2019-cu ildə Naftalan şəhərində yerləşən “Möcüzə” pansionatında müalicə olunarkən iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh həmin pansionatda işləmişdir və o, da orada müalicə almışdır. Lənkəranlı olduğunu bilmiş və demişdir ki, burada ona hər ay 300 manata qədər maaş verirlər. Orada müalicə aldığı vaxtı onun ad günü olacaqdır, o, ona demişdir ki, yerliçilikdir, ad günündə ərzaq almışdır, evinizdə bişirərsə, bir yerdə yeyərdilər. Ancaq o, ona demişdir ki, o, anası ilə qalır, gərək ananın onlara tanışdığından xəbəri olmasın və buna görə də o, onun dediyi ilə razılaşmamışdır. Orada müalicə aldığı müddətdə onunla hər gün telefonla əlaqə saxlayırmış. Müalicəsini bitirəndən sonra Lənkərana evinə gəlmişdir və Lənkəranda evdə olarkən o, onunla lətelefonla əlaqə saxlayıb, demişdir ki, bəs onun uşağı xəstədir, müalicəyə ehtiyacı var və buna görə ondan 1000 manat pul istəmişdir. Həmin vaxtı əlində nəğd pul olmadığı üçün yaşı keçdiyi üçün bankdan kredit götürə bilmədiyi və borcda ala bilməmişdir. Məcbur olub, onun ondan istədiyi 1000 manat pulu hissə-hissə aldığı pensiyasından və şəhid ailəsi olduğu üçün buna görə ona verilən təqaüddən ona göndərmişdir. Pul göndərə-göndərə eyni zamanda o, ona vaxtaşırı sovqat da, göndərmişdir. O, təxminən onun üçün 17 dəfə sovqat göndərmişdir. Bütün bunlara 4780 manat pul xərcləmişdir. Eyni zamanda həmin sovqatları ona göndərmək üçün taksilərə 530 manat pul xərcləmişdir. Cavabdeh eyni zamanda ondan kontur pulu da, yükləməyi xahiş etmişdir və ona ümumilikdə buna görə 750 manat kontur yükləmidir. Cavabdeh bununla kifayətlənməyərək hər dəfə ondan pul istəmiş və o da, ona demişdir ki, bəs onun istədiyi məbləğdə nəğd pulu yoxdur. O, isə demişdir ki, bəs o, kredit götürsün, krediti hər ay cavabdeh ödəyər. O, da yazığı gəldiyi üçün ona inanıb, hər ay onun kreditini bağlamaq üçün ona 197 manat, elə ay olurdu 204 manat pul göndərmişdir. Beləliklə də, o, ümumillikdə ona 5235 manat pul göndərmişdir. Bütün bu sovqatları və pulları ona görə göndərmişdir ki, cavabdeh ona bildirmişdir ki, bəs həyat yoldaşı xəstdədir, həkimlər ona 2 ay vaxt qoyublar, o, öləcək bundan sonra gəlib, Lənkəranda onunla ər-arvad kimi yaşayacaqdır. O da, cavabdehə inanaraq onun da, həyat yoldaşı həmin vaxtı ağır xəstə olduğu üçün onunla razılaşmışdır. Sonradan bilmişdir ki, cavabdeh onu aldadır, onun həyat yoldaşı artıq 07 ildir ki, vəfat edib və o, ondan pul qopartmaq üçün bütün bu addımları atmışdır. O, da vəziyyəti belə görüb, onun barəsində tədbir görülməsi üçün Naftalan Şəhər Polis Şöbəsinə şikayətlə müraciət etmişdir. Orada hər ikisi çağırıb, ayrı-ayrılıqda şifahi olaraq dindirdikdən polis şöbəsində bununla bağlı ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də, o, Cavabdeh qarşı hazırki, pul tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, o, özü şəhid ailəsidir, dövlətin ona verdiyi təqaüdlə dolanır və cavabdeh onun etibarından istifadə edərək onu ümumilikdə 11745 manat xərcə salmışdır. Ona görə də, o, qeyd olunan məbləğdə pulunu ondan tələb etmişdir. Bütün qeyd etdiyi hallarla bağlı məhkəməyə lazımi sübutlar təqdim etsə də, məhkəmə tərəfindən onun işi qeyri-obyektiv və tam araşdırılmadığı üçün və qeyd olunan hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmədiyi üçün onun iddia tələbi rədd edilmişdir.
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddiaçını 2018-ci ildən tanıyır. İddiaçını onun işlədiyi Naftalan şəhərində yerləşən sanatoriyada müalicə alarkən tanımışdır. İddiaçı yerli olduqlarını bildirmişdir. Həmin vaxt iddiaçı artıq bütün pullarını xərcləmiş olduğunu, bu səbəbdən ona hörmət edə bilməyəcəyini demişdir. İddiaçı ondan israrla telefon nömrəsini istəmiş və demişdir ki, rayona qayıtdıqdan sonra sanatoriyaya gələnlər ilə onun üçün sovqat payı göndərəcəkdir. Həqiqətən də, iddiaçının dediyi kimi ona 3 ədəd böyük qutuda sovqat payı gəlmişdir. Qutulardan ikisində cənub meyvələri, bir qutuda isə bişmiş ət məhsulları, yəni cücə, balıq, əlavə olaraq uşağı üçün mağazadan alınmış şirniyyat malları olmuşdur. Oğlu xəstə olduğu və müalicəyə ehtiyacı olduğu üçün iddiaçının ona poçt vasitəsi ilə göndərdiyi pulları qəbul etmişdir. İddiaçı zəng vuraraq demişdir ki, onu kəbinə aldırmışdır, “əgər istəmirsənsə gedib kəbini pozduraram” demişdir. Bundan sonra ona məlum olmuşdur ki, əslində iddiaçının əvvəldən niyyəti onunla evlənmək olmuşdur. Əgər əvvəldən bunu bilmiş olsa idi, telefon nömrəsini iddiaçıya verməz, ondan heç bir sovqat qəbul etməzmiş. Pandemiya qurtardıqdan sonra sanatoriyalar yenidən fəaliyyətə başlamış və iddiaçı da, onun işlədiyi sanatoriyaya müalicə üçün gəlmişdir. Bu zaman iddiaçı sanatoriyada qarşısına keçən hər kəsə guya əvvəllər onunla evləndiklərini, daha sonra isə onun iddiaçının bəyənmədiyini deyərək, onun barəsində söhbətlər yaymağa başlamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
14. Maddə 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
15. 673.1. Hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin 2(052)-173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materialları və tərəflərin verdiyi izahatlar ilə müəyyən edilmişdir ki, iddiaçı Naftalan şəhərində yerləşən “Möcüzə” pansionatında müalicə alarkən orada iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh həmin pansionatda işləmişdir. Onlar arasında yaxın dostluq münasibətləri olmuşdur. İddiaçı tərəfindən cavabdehə qutuda sovqat payı gəlmişdir. Qutularda cənub meyvələri, bişmiş ət məhsulları, yəni cücə, balıq, əlavə olaraq uşağı üçün mağazadan alınmış şirniyyat malları olmuşdur. O, oğlu xəstə olduğu və müalicəyə ehtiyacı olduğu üçün iddiaçının ona poçt vasitəsi ilə göndərdiyi pulları qəbul etmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı cavabdehin ondan pul istəməsini, sovqat tələb etməsini və ya borc istəməsini sübuta yetirə bilməmiş, qeyd etdiyi xərcləri könüllü olaraq çəkmədiyini, buna əsas kimi qarşılığında cavabdehin onunla ailə quracağı barədə söz vermiş olmasını qeyd edir. Odur ki, hazırki işdə iddiaçı vermiş olduqlarını bağışlama düşüncəsi ilə etmədiyini istinad edirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükünü də, daşımış olur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
31. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər şəxsi xarakterli olduğundan işin həqiqi hallarını müəyyən etmək üçün onların verdikləri izahatlar digər sübutlarla qarşılıqlı əlaqəli şəkildə araşdırılmalı və qiymət verilməlidir. Qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı verdiyi izahatlarında cavabdehə qeyd etdiyi məbləğləri verməsinin, həmçinin sovqatlar göndərməsinin səbəbi onunla evlənmək niyyətinin olması olduğunu göstərmişdir. Lakin cavabdehin belə bir öhdəlik qəbul etməsi, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməmişdir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər.
32. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
33. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
34. Göründüyü ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
35. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
36. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Naftalan Şəhər Məhkəməsinin 2(052)-173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 2(052)-173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.