Məhkəmə qərarları › İş №2(104)-501/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-501/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-501/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-1366/2022 saylı mülki iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İş materiallarında olan Qazax rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış və müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus olan 1187 ABŞ dolları pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyun ayında uşaqları Gürcüstan Respublikasına gedən zaman onlara məhudiyyət qoyulmuşdur. Cavabdeh həmin məhdudiyyətin götürülməsi üçün ona kömək edə biləcəyini bildirmiş və ondan 2200 lari pul istəmişdir. Onlar isə cavabdehlə razılaşaraq ona həmin məbləğdə pulu verəcəklərini bildirmişlər. X1 zəng vuraraq, evdə zərfin içində olan 2200 lari gürcü pulunu Cavabdeh verməsini bildirmiş, o da həmin zərfin içində olan pulu cavabdehə vermişdir. Həmin zərfin içində əlavə olaraq 1187 ABŞ dolları pul da olmuşdur. Həmin puldan onun xəbəri olmamışdır. Cavabdeh 1187 ABŞ dolları pulu qaytaracağını bildirsə də, müxtəlif bəhanələrlə həmin pulu qaytarmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh onlara kömək edəcəyini bildirmiş və ondan 1187 ABŞ dolları pul istəmiş, o da cavabdhelə razılaşaraq ona 1187 ABŞ dolları pul vermişdir. X1 zəng vuraraq evdə zərfin içində olan 2200 lari gürcü pulunu Cavabdeh verməsini bildirmiş, o da həmin zərfin içində olan pulu cavabdehə vermişdir. Həmin zərfin içində əlavə olaraq 1187 ABŞ dolları pul da olmuşdur. Həmin puldan xəbəri olmamışdır. 2200 larini Gürcüstan Respublikasında dəyişmək üçün, 1187 ABŞ dolları pulu isə uşaqlarının bəzi problemlərini həll etməsi üçün vermişdir. Cavabdeh 2200 larini dəyişib qaytarmışdır. Sonda iddianın təmin ounmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona 2200 lari gürcü pulu verilmişdir. Həmin pulu Gürcüstan Respublikasında dəyişərək iddiaçının özünə qaytarmışdır. İddiaçı tərəfindən ona heç bir işin həll olunması üçün pul verilməmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qazax Rayon Məhkəməsinin 2(023)-1366/2022 saylı mülki iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən öz mövqeyini pnunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsi ilə məhkəmə iclasında verdiyi izahat arasında ziddiyyətlər vardır. İddiaçı 1187 ABŞ dolları pulun cavabdehə verilməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, həmçinin cavabdeh iddiaçıya borcunun olduğnu etiraf etməmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)- 1366/2022 saylı mülki iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırmadan sözügedən qətnaməni çıxarmaqla onun hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, iddia ərizəsinə Qazax rayon Polis şöbəsinə müraciət etməsi ilə bağlı sənəd əlavə etsə də, məhkəmə qətnaməsində bu barədə heç bir qeyd yoxdur. Bundan başqa cavabdehin ondan 2200 lari pul almasını öz izahatında qeyd etməsi, o cümlədən həyat yoldaşının telefonu ilə dəfələrlə 1187 ABŞ dollarının geri qaytarılması barədə telefon zənglərinin olması məsələləri barədə qeyd etməsinə baxmayaraq məhkəmə nədənsə birtərəfli qətnamə çıxararaq onun hüquqlarını pozmuşdur. Cavabdeh ondan heç pul almamışdırsa onda 2200 lari pulun alınmasını da təkzib edərdi. Cavabdeh ondan pul almasını özü də təsdiq etməsinə baxmayaraq məhkəmə yenə də heç bir araşdırma aparmadan, mülki işə qiymət vermədən hazırki qətnaməni qəbul etmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsiinn qətnaməsi ləğv edilməli və onun iddia tələbinin təmin eilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat vermiş, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

13. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

14. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 78.1 - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

16. Maddə 217.2 - qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Apellyasiya baxışının hədləri

17. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

18. Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

19. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlamaq səlahiyyəti vardır.

22. Maddə 385.2 - birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə kollegiyası belə nəticəyə gələrkən nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.

26. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

27. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymərləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətnbiq edilir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyihalda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh onlardan 1187 ABŞ dolları pulu almış, dəfərlərlə tələb etmələrinə və qaytaracağına söz versə də, hələ də qaytarmamışdır.

30. Məhkəmə kollegiyası bununla bağlı göstərir ki, İddiaçı Cavabdeh 1187 ABŞ dolları məbləğində pul verməsi barədə iddiaçının izahatı başqa əlaqəli sübutlarla təsdiq olunmur.

31. Ona görə də мəhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarilə haqlı olaraq iddianı təmin etməmişdir.

32. Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin 2(023)-1366/2022 saylı mülki iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsi mümlünlüyü məsələsini müzakirə edərək qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti 5000 manatdan az məbləğ olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-1366/2022 saylı mülki iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar