Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-502/2024 24.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1373/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 45 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu Mərkəzi bazarda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh 2021-ci ilin sonlarında mağazaya gələrək, ondan 3100 manat dəyərində qızıl-zinət əşyasını nisyə almışdır. Cavabdeh həmin puldan 280 manat ödəniş etdikdən sonra, 2500 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən pulu tələb etsə də, borcunu qaytarmaqdan boyun qaçırmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1373/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Nemət Musayev ) iddia qismən təmin edilmiş, Cavabdeh 2485 (iki min dörd yüz səksən beş) manat və 45 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1373/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normalara istinad edərək belə nəticəyə gəlmişdir ki, cavabdehin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Lakin, məhkəmə bu qənaətini lazımi qaydada əsaslandıra bilməmiş, onun iddiaçı qarşısında öhdəliyinin nədən ibarət olduğunu, bu öhdəliyin hansı səbəblərdən yarandığını və ümumiyyətlə iddiaçı ilə onun arasında belə bir əqdin bağlanıb-bağlanmadığını araşdırmamış, dəftərdəki yazının və imzanın ona məxsus olmasını yoxlamamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, görsətdi ki, iddiaçıdan heç bir əşya götürməmişdir. Sadəcə, onun Afaq adlı tanışı var və Afaqı qızıl əşysı üçün iddiaçının yanına göndərmişdir. Afaq isə aldığı əşyaların hamısının dəyərini ödəyib qurtarmış və hazırda borcu qalmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 1373/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının işin 20-ci vərqəsində olan Cavabdeh Qazax Rayon Məhkəməsinə ünvanlanmış ərizəsinndəki imzanın onun tərəfindən icra olunub olunmamasına dair sualına cavab olaraq, göstərmişdir ki, həmin imza onun tərəfindəın icra edilmiışdir. Sədrlik edənin həmin imzanın ekspertiza üçün əldə edilmiş eksprimental imzalardan fərqlənməsi barədə sualına cavab olaraq isə, cavabdeh bildirmişdir ki, o, imzasını dəyişmiş və ekspertizaya dəyişmiş imzasını göndərmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddiasının dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-115/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1373/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1373/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində o, şikayətinin dəlillərində həmin qətnamənin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. İddianın təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: İddiaçının təqdim etdiyi nisyə dəftərindən Cavabdeh aid səhifədən görünür ki, Səkinə - Minayə xaladan cəmi 2765 manat aldım. İmza. Həmin borcdan xx.xx.2022 - 100 manat, 27.08.22 - 100 manat, xx.xx.2022 – 80 manat Rəşad adlı şəxs tərəfindən ödəniş edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 2765 manat dəyərində qızıl-zinət əşyalarıı nisyə almış, borcundan cəmi 280 manat məbləğində ödəniş etmiş və 2485 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində dəftərdəki yazının və imzanın ona məxsus olmasını mübahisələndirmişdir. Bununla bağlı, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilmiş, Cavabdeh imza və xətt nümunələri götürülərək, Ekspertiza Mərkəzinə göndərilmişdir. Lakin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən cavabdehin sərbəst xətt nümunələri təqdim edilmədiyi üçün, ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə kollegiyası tərəfindən işin 20-ci vərqəsində olan Cavabdeh Qazax Rayon Məhkəməsinə ünvanlanmış ərizəsinndəki imzanın onun tərəfindən icra olunub olunmaması istiqamətində araşdırma aparmış, cavabdeh həmin imzanın onun tərəfindəın icra edildiyini bildirmişdir. Adi vizual baxışda isə, həmin imzanın ekspertiza üçün əldə edilmiş eksprimental imzalardan fərqləndiyi göründüyündən, bu barədə cavabdehin izahı dinlənilmiş və cavabdeh bildirmişdir ki, o, imzasını dəyişmiş və ekspertizaya dəyişmiş imzasını göndərmişdir. İşin bu kimi halı ona deməyə əsas verir ki, Cavabdeh iddiaçıdan nisyə qızıl əşyası almamasına dair izahatında səmimi deyildir və onun məhkəmə ərəfəsində imzasını dəyişməsi məhz borcunu ödəməkdən yayınması kimi dəyərləndirilir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsi bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1373/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1373/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.