Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-503/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1215/2022 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 216 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1215/2022 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən 11 saylı fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat borc silinməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə yaşadığı Gəncə şəhəri, Heydər Əliyev prospekti ev 11-də yerləşən mənzil cavabdeh tərəfindən təbii qazla təmin olunur. xx.xx.2021-ci il tarixdə cavabdehin əməkdaşı tərəfindən mənzilə quraşdırılmış sayğac dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxt abonent olaraq cavabdehə hər hansı borcu olmamışdır. Çünki mütəmadi olaraq kart vasitəsilə sərf ediləcək təbii qazın həcmi sayğaca yüklənmiş və dəyəri əvvəlcədən ödənilmiş həcmdə qaz istehlak edilmişdir. Lakin sayğac dəyişdirildikdən sonra “Milli ÖN posterminalı” vasitəsilə ödəniş etmək istəyərkən aparatda 216 manat borcun olması qeyd edilmişdir. Həmin əsassız borcun səbəbini öyrənmək üçün cavabdehə müraciət etdikdə oradan tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə akt təqdim edilmişdir. Həmin aktda guya ki, sayğacda qüsur müəyyən edilməsi göstərilmişdir. Akt oğlu X1 adına tərtib edilmişdir. İstifadə etdikləri əvvəlki sayğac dəyişdirilərək yenisi ilə əvəz edilərkən cavabdeh müəssisənin əməkdaşları tərəfindən bu barədə heç bir məlumat verilməmişdir. Onlar sayğaca hər hansı müdaxilə etməmişlər. Həmin 216 manat borc əsassız olaraq hesablanmışdır. Hazırda ödədiyi məbləğin isə bir hissəsi həmin əsassız borca silinir. Mülki iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Gəncə şəhəri, Ş.İ.Xətai 11 ünvanında quraşdırılmış Zinner G-4 markalı **********9 nömrəli qaz sayğacı abonentin ərizəsi ilə Zinner G-4 STS**********766 qaz sayğacı ilə növbədən kənar əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda aşağıdakılar qeyd olunmuşdur: istehlakçı İddiaçı yaşadığı ünvan 2 ünvanında sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin alt hissəsi deşici alətlə deşilmişdir. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. ünvan 2 ünvanda yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 216 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ********** saylı, xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospektində yerləşən 11 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı İddiaçı ünvanına quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi faktı təqdim olunmuş subutlarla təsdiqini tapsa da səthi məhkəmə araşdırması nəticəsində buna qiymət verilməmişdir. Göründüyü kimi, iddiaçıya 2021-ci ilin avqust ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. İddiaçı iddia tələbinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, İnformasiya Texnologiyaları və rabitə idarəsinin xx.xx.2021-ci il tarixli, MSK-29/1710-02423-1 saylı aktına əsasən G-4 markalı **********9 saylı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməklə medaxilə edildiyi məlum olmuşdur.iddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin avqust ayında hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən qaz sayğacının istismar müddəti bitdiyinə görə qaz sayğacı başqası ilə əvəzlənmişdir. xx.xx.2021-ci il tarixdə isə istismar müddəti bitmiş sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin alt hissədən deşici alətlə deşilməsi müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia etmişdir. Lakin, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixdə qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacda hər-hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərlidiyi müddət ərzində ehtiyyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın sayğacın hesablama mexanizminin alt hissədən deşici alətlə deşilməsi nəticəsində qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1215/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-503/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-503/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver