Məhkəmə qərarları › İş №2(104)-51/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-51/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-51/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 28 sentyabr 2023cü il tarixli 2(052)-196/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 avqust 2022-ci il tarixli 9918nkGNDJb/22 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana illik 25 faiz olmaq şərtilə 36 ay müddətinə 5700 manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür;

2. "xxxx" KB ASC tərəfindən təqdim edilmiş 04 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 9918nkGNDJb/22 saylı kredit müqaviləsi üzrə borcalanın 04 avqust 2023-cü il tarixə banka olan borcu 5591.80 manat əsas, 845.72 manat faiz, 11.65 manat cərimə olmaqla, cəmi 6449.17 manat məbləğindədir.

3. Xəbərdarlıqdan görünür ki, cavabdehə kredit borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2024-cü il tarixli 9/9433 nömrəli ekspert rəyindən görünür ki, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 05 avqust 2022-ci il tarixli 9918nkGNDJb/22 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə olan borcu 5591,80 manat əsas, 889,86 manat faiz borcu olmaqla, ümumilikdə 6481,66 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5591.80 manat əsas, 845.72 manat faiz, 11.65 manat cərimə olmaqla, cəmi 6449.17 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 84.90 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı "xxxx" KB ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcverən 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 5700 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən “bu müqavilə üzrə borcalan ayrılan kredit məbləği oferta çərçivəsində borcalan verilən ödəniş kartına köçürülür”. Bu müqavilə "xxxx" ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş və borcalanın yazılı razılığı ilə bütün şərtləri onun tərəfindən qəbul edilmiş xx.xx.2021 tarixli 01U/21 saylı ümumi oferta çərçivəsində bağlanmışdır. Bu müqavilədə nəzərdə tutulmayan və tərəflər arasında münasibətləri tənzimləyən bütün digər şərtlər oferta ilə tənzimlənir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış olsa da, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.

7. Naftalan Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(052)-196/2023 nömrəli qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddia təmin edilərək, Cavabdeh 5591.80 manat əsas, 845.72 manat faiz, 11.65 manat cərimə borcu olmaqla, cəmi 6449.17 manat borcun və 84.90 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən iddiaya etirazını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Çünki, onun tərəfindən kredit götürülüb-götürülməməsi və ya ödəniş edilib-edilməməsi kimi hallar araşdırılmamışdır.

c) Apellyasiya instansiyasında icraat:

11. Apellyasiya baxışı zamanı "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ekspert rəyi ilə də kredit müqaviləsi üzrə qalıq borc məbləği müəyyən edilmişdir. Ona görə də xahiş edir ki, apellyasiya şikayəti təmin edilməsin, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın.

e) Prosessual məsələlər

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, kredit borcundan ödənişlər etdiyini, lakin ondan yüksək məbləğdə borc tələb edildiyini, bu səbəbdən də iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Üçüncü şəxs "xxxx" ASC də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC isə nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

19. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında 05 avqust 2022-ci il tarixli 9918nkGNDJb/22 nömrəli kredit müqaviləsi bağlannmış və həmin müqaviləyə əsasən bank tərəfindən borcalana illik 25 faizlə 36 ay müddətinə 5700 manat kredit verilmişdir. Buna baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

32. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası 05 avqust 2022-ci il tarixli 9918nkGNDJb/22 nömrəli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir.

33. Qeyd edilməlidir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

34. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

35. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

36. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.

37. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.

39. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan 05 avqust 2022-ci il tarixli kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.

41. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də borcun kredit müqaviləsi üzrə tərəf olan Cavabdeh tələb edilməsi əsaslıdır.

42. Qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi mühasibatlıq fəaliyyəti aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

43. Nəzərə almaq lazımdır ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

44. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

45. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya baxışı zamanı kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən olunması üçün iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2024-cü il tarixli 9/9433 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 05 avqust 2022-ci il tarixli 9918nkGNDJb/22 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə olan borcu 5591,80 manat əsas, 889,86 manat faiz borcu olmaqla, ümumilikdə 6481,66 manat təşkil edir.

46. Azərbaycan Respublikasının MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

47. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

48. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. Cavabdeh tərəf yenidən mühasibatlıq ekspertizası keçirilməsini xahiş etsə də, lakin tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, habelə verilmiş rəyin əksini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ödənişlər etdiyini bildirsə də, lakin tərəfindən edilmiş ödənişlər barədə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) məhkəməyə təqdim edilməmişdir. Alınmış ekspert rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut olaraq qiymətləndirmişdir. Bu qənaətinə uyğun olaraq həmçinin kollegiya iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilməsi barədə cavabdeh tərəfin vəsatətini də əsassız saymışdır.

49. Göründüyü kimi, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borc məbləğindən az olduğunu bildirsə də, lakin iş üzrə alınmış ekspert rəyi ilə kredit müqaviləsi üzrə əsas borc 5591,80 manat (müəyyən edilən məbləğə uyğun), faiz borcu isə 889,86 manat, yəni məhkəmənin müəyyən etdiyi məbləğdən bir qədər çox olduğu müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı alınmış mühasibatlıq ekspertizası rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin kredit müqaviləsi üzrə faiz borcu həmin rəyə əsasən dəyişdirilə bilməz. Ona görə ki, iddiaçı bank kredit müqaviləsi üzrə cavabdehdən 845,72 manat faiz borcu tələb etmişdir. Ekspertiza tədqiqatı nəticəsində isə faiz borcunun məbləği iddiaçının tələbindən artıq məbləğdə, yəni 889,86 manat müəyyən olunmuşdur.

51. Mülki prosessual qanunvericiliyə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM maddə 218.3).

52. Həmçinin, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

53. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

54. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

56. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş və borcalandan 11,65 manat cərimə borcu tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

57. Şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Bundan əlavə, işdən müəyyən olunur ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(052)-196/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar