Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-512/2025 17.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(058)-884/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 07 avqust 2020-ci il tarixli BPM**********32 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X7 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat kart limiti verilmişdir.
2. 07 avqust 2020-ci il tarixli BPM**********32 nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X7 36 ay müddətinə illik 22 faizlə 2000 manat məbləğində kredit verilmişdir.
3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18 iyul 2021-ci il tarixdə vəfat etmişdir.
4. 25 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux rayon notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Cavabdeh2 və xx xxxxxx 1984-cü il tarixdə anadan olmuş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Cavabdeh1 mərhum X5 vərəsələridir.
5. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 25 may 2024-cü il tarixə X5 banka 1480,77 manat əsas, vəfat etdiyi tarixə 0,01 manat faiz, cəmi 1480,78 manat borcu yaranmışdır.
6. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 04 iyun 2024-cü il tarixə X5 banka 499,89 manat əsas, (vəfat etdiyi tarixə) 22,43 manat faiz, cəmi 522,32 manat borcu mövcuddur.
7. 04 avqust 2022-ci il tarixli 2V-257 nömrəli vərəsəlik işindən görünür ki, X5 adına vərəsəlik işi açılmış, Cavabdeh2 və Cavabdeh1 X6 vərəsələri hesab edilmişlər.
8. 04 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18 iyul 2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan oğlu Cavabdeh2 və Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan qızı Cavabdeh1 miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Gəncə filialı ilə X8 arasında bağlanmış 11 fevral 2021-ci il tarixli 5ZİNAS102928702 nömrəli girov müqaviləsinə əsasən X7 məxsus 1 ədəd sep, 1 ədəd qolbağ, 1 ədəd üzük olan qızıl- zinət əşyalarından ibarətdir.
9. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 16 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-ti ilə X8 arasında bağlanmış 11 fevral 2021ci il tarixli 5110***-*******01 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna müştəri vəfat etdiyi tarixdən 683 manat məbləğində ödəniş edilmiş, kredit borcu yoxdur və ödənişlər terminallardan ödənildiyi üçün kim tərəfindən ödənildiyi bilinmir. Təminat qismində girov qoyulmuş qızıl-zinət əşyalarının dəyəri 11 fevral 2021-ci il tarixli qiymətləndirmə aktına əsasən 2086,41 manat müəyyən edilmişdir. Qızılzinət əşyaları vərəsələr tərəfindən təhvil alınmışdır.
10. 26 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərdən sözügedən kredit müqaviləsi üzrə borcun 3 (üç) gün müddətində ödəmələri xahiş olunmuş, öhdəlik yerinə yetirilmədiyi təqdirdə kreditor tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, X5 vərəsələri Cavabdeh1 və Cavabdeh2 nağd kredit müqaviləsi üzrə 1480,77 manat əsas, 0,01 faiz olmaqla, cəmi 1480,78 manat borc, kart limiti ürə 499,89 manat əsas, 22,43 manat faiz, cəmi 522,32 manat borc, ödənilmiş 41,46 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında 07 avqust 2020-ci il tarixli BPM**********32 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 22 faiz olmaqla 36 ay müddətinə 2000 manat nağd kredit, eləcədə 36 ay müddətinə illik 24 faiz olmaqla, 500 manat məbləğində kart limiti verilmişdir. Hər iki kredit müqaviləsi üzrə borcalan müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizləri ödəməlidir. X2 18 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Samux rayon notariat ofisinin 25 oktyabr 2023-cü il tarixli 513 nömrəli məktubundan müəyyən olunmuşdur ki, X4 qalmış mirası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş 04 iyun 2024-cü il tarixli maliyə arayışına əsasən, X5 banka ödənilməmiş nəğd kredit üzrə 1480,77 manat əsas, vəfat etdiyi tarixə 0,01 manat faiz borcu, kart limiti üzrə 499,89 manat əsas, vəfat etdiyi tarixə 22,43 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X4 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən xəbərdalıq edilsədə, cavabdehlər öz öhdəliklərini hazırki günədək yerinə yetirməmişlər.
13. Samux Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(058)-884/2024 nömrəli qətnaməsi ilə (hakim G.Şirinov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəğd kredit üzrə 1480,77 manat əsas borc, 0,01 manat faiz, cəmi 1480,78 manat, kart limiti üzrə 499,89 manat əsas borc, 22,43 manat faiz, cəmi 522,32 manat, ödənilmiş 41,46 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386, 390, 425, 442, 500.1, 503, 739, 1146, 1151, 1153, 1255, 1306, 1146, 1255 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 217.1, 217.4, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, X4 miras qalmış 1 ədəd sep, 1 ədəd qolbağı və 1 ədəd üzüyük başqa bir bankda girov olmuş və ümumi dəyəri 1040 manatdır. Həmin müqavilə üzrə ödənilməmiş 1061 manat borc yaranmış və həmin borcu ödəyərək anasına məxsus qızıl-zinət əşyalarını bankdan götürmüşdür. Miras aktivi olan qızılların ümumi dəyəri 1040 manat olmuş, miras passivi isə anasının banka olan borcudur. Belə olan halda iddia tələbi qismən, yəni 2003,1- 1061=942,10 manat həddində təmin edilməlidir. Miras əmlak kütləsinə daxil olan qızıl-zinət əşyalarının ümumi çəkisi 21,4 qram olsa da, bankdan götürüldüyü vaxt 1 qram qızılın real bazar qiyməti (2022-ci ilin avqust ayında) 40 manat olduğundan 852 manat dəyərində olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, anasının vəfatından sonra banka olan borcunu ödəyib bacısı ilə birlikdə qızıl-zinət əşyalarını girovdan çıxartmışlar. Qızılları bacısı ilə birlikdə satıb anasının yası mərasiminə xərcləmiçlər. Qızıllardan əlavə anasından başqa heç bir əmlak miras qalmamışdır. Banka olan borcu ödəməyə maddi imkanı yoxdur. Cavabdeh2 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
23. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
26. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
27. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
29. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" ASC ilə X8 arasında 07 avqust 2020-ci il tarixli BPM**********32 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmış və sonuncuya 36 ay müddətinə illik 24 faizlə 500 manat kart limiti verilmişdir. Eləcədə 07 avqust 2020-ci il tarixli BPM**********32 nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən X7 36 ay müddətinə illik 22 faiz olmaqla 2000 manat kredit verilmişdir. X1 18 iyul 2021-ci il tarixdə vəfat etdiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux rayon notariat ofisi tərəfindən birinci növbə vərəsələrinə, yəni Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Gəncə filialı ilə X8 arasında bağlanmış 11 fevral 2021-ci il tarixli 5ZİNAS102928702 nömrəli girov müqaviləsi əsasında banka girov qoyulan 1 ədəd sep, 1 ədəd qolbağ, 1 ədəd üzükolan qızıl- zinət əşyalarından ibarət olmuşdur. Ona görə də kreditor cavabdehlərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətini Cavabdeh2 vermişdir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
42. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 18 iyul 2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri oğlu Cavabdeh2 və qızı Cavabdeh1dır. 04 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunur ki, sonuncular miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak isə "xxxx" ASC-nin Gəncə filialı ilə X8 arasında bağlanmış 11 fevral 2021-ci il tarixli 5ZİNAS102928702 nömrəli girov müqaviləsinə əsasən X7 məxsus 1 ədəd sep, 1 ədəd qolbağ, 1 ədəd üzük olan qızıl- zinət əşyalarından ibarətdir.
43. "xxxx" ASC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 16 oktyabr 2024-cü il tarixli məktubdan da görünür ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış 11 fevral 2021-ci il tarixli 5110***-*******01 nömrəli kredit müqaviləsi üzrə borcu qalmamış, təminat qismində girov qoyulmuş qızıl-zinət əşyalarının dəyəri 11 fevral 2021-ci il tarixli qiymətləndirmə aktına əsasən 2086,41 manat müəyyən edilmiş və qızıl-zinət əşyaları vərəsələr tərəfindən təhvil alınmışdır.
44. Cavabdeh2 da apellyasiya icraatı zamanı izahatında göstərmişdir ki, anası tərəfindən "xxxx" ASC girov qoyulmuş qızıl-zinət əşyalarını girovdan çıxardıb bacısı ilə birlikdə satmışlar.
45. Cavabdeh2 apellyasiya şikayətində girov qoyulmuş qızıl-zinət əşyalarının dəyərinin 1040 manat olmasını qeyd etsədə, lakin onun bu dəlili sübut olunmur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi "xxxx" ASC girov qoyulmuş 1 ədəd sep, 1 ədəd qolbağ və1 ədəd üzüyün birlikdə dəyəri 11 fevral 2021-ci il tarixli qiymətləndirmə aktına əsasən 2086,41 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə tələb olunan kredit borcu isə ümumilikdə 2003,1 manatdır.
46. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, "xxxx" ASC ilə X8 arasında tam kart çərçivə müqaviləsi əsasında bağlanmış 07 avqust 2020-ci il tarixli BPM**********32 nömrəli müqavilə əsasında yaranmış borcun, yəni nəğd kredit üzrə cəmi 1480,78 manat, kart limiti üzrə cəmi 522,32 manat kreditorun xeyrinə onun birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2 tutumaqda düzgün nəticəyə gəlmişdir.
47. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayəti ndə göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Qətnamə mübahisələndirilən hissələrdə iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPMin 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(058)-884/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.