Məhkəmə qərarları › İş №2(104)-513/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-513/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-513/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, iddiaçı "xxxx" KB ASC-nin prosessual hüquq varisi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki üzrə Samux Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 394nkKPZ/23 nömrəli kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 60 ay müddətinə illik 25% dərəcəsi ilə 4661 manat məbləğində kredit vermişdir. Bank tərəfindən verilmiş 13 iyul 2024-cü il tarixli, UB-BANK/PİKMD/1206388 nömrəli maliyyə arayışına əsasən, cavabdehin 394nkKPZ/23 nömrəli kredit müqaviləsi üzrə 12 iyul 2024-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 4580,50 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 673,15 manat, borcun ödənilməsinin gecikdirilməsi üçün hesablanmış cərimə borcu 34,30 manat təşkil edir. Bank hazırki iş üzrə tələb hüququnu xx.xx.2022-ci il tarixli, 02/22 nömrəli müqaviləyə 30 nömrəli Əlavə əsasında 27 dekabr 2024-cü ildə "xxxx" ASC-yə satmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC iddiaçı Bankın prosessual hüquq varisi kimi işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 4580,5 manat, faiz 673,15 manat, cərimə 34,3 manat, cəmi 5287,95 manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 72,92 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 394nkKPZ/23 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il müddətinə, illik 25 faizədək ödəmək şərtilə 4661 manat məbləğində kredit təklif edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş, dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 13 iyul 2024 tarixə Banka 4580,5 manat əsas, 673,15 manat faiz, 34,3 manat cərimə, cəmi 5287,95 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Bank öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Samux Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(058)- 895/2024 nömrəli iş üzrə qəbul etdiyi 22 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən əsas borc üzrə 4580,50 manat, faiz borcu üzrə 402 manat, cərimə 10 manat, cəmi 4992,50 manat, 0,40 manat xidmət haqqı və ödənilmiş 69,92 manat məbləğində dövlət rüsumunun Bankın xeyrinə tutulması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh öz riski ilə kredit müqaviləsini bağladığından həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıyır. Rayon Məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd etmişdir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 69,92 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 445.1, 447.1, 462.1, 467, 739.1, 739.2, 741, 743 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin faiz hissəsinin silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddianı təmin edərkən mübahisəni hərtərəfli araşdırmamış və iddia tələbinə düzgün qiymət vermədən iddianı təmin etmişdir. Belə ki, cavabdeh mübahisə üzrə 2023-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən 60 ay müddətinə 4661 manat kredit götürmüşdür. Həmçinin kredit müqaviləsi üzrə öhdəliyini mütamadi olaraq vaxtı-vaxtında icra etmişdir. Lakin son vaxtlar maddi imkanının aşağı olması səbəbindən ödəniş edə bilməmişdir. İddiaçı cavabdehdən 4580,50 manat əsas borcla yanaşı həm də 673,15 manat faiz borcunun tutulmasını tələb etmişdir ki, hazırki vaxtda yaxşı olmayan maddi durumumu birazda çətinləşdirir. 673,15 manat faiz borcunun tələb olunması müqavilə cavabdehin maddi vəziyyətini daha da ağırlaşdırır. Məhkəmə 4580,50 manat əsas borcla yanaşı 673,15 manat faiz borcunun tutulmasını qət etmişdir ki, bu da qanunvericiliyin tələbinə və işin hallarına uyğun gəlmir. Bundan başqa görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə ödəniş edilmişdir. İddiaçı tərəfindən həmin pul əsas borcla yanaşı cərimə borcundan da çıxılmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri "xxxx" ASC apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətini maddi durumunun aşağı olması ilə əsaslandırmışdır ki, cavabdeh bununla bağlı icra qurumuna müraciət edə bilər. Cavabdeh etdiyi ödənişlərin əsas borcla yanaşı cərimə borcundan da çıxılmadığını bildirmişdir. Halbuki kredit verildikdən sonra ödəniş etdiyi 3 ay ərzində sadəcə bir dəfə ödəniş etməmişdir və növbəti ay etdiyi ödəniş üzrə cərimə, faiz, əsas kredit məbləği ardıcıllığı ilə silinmələr aparılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxıçının məhkəmə iclasında iştirak edən "xxxx" KB ASC-nin prosessual hüquq varisi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin iddiaçı Bank qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin bir hissəsi, yəni iddianın faiz və cərimə borcunun tutulmasına aid hissəsinin həll edilməsini mübahisələndirilir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktın yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bank ilə cavabdeh arasında xx.xx.2023cü il tarixdə bağlanmış 394nkKPZ/23 nömrəli kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 60 ay müddətinə illik 25% dərəcəsi ilə 4661 manat məbləğində kredit vermişdir. İş materiallarından görünür ki, borcalan cavabdeh kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 12 iyul 2024-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 4580,50 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 673,15 manat, borcun ödənilməsinin gecikdirilməsi üçün hesablanmış cərimə borcu 34,30 manat təşkil edir. Bankın təqdim etdiyi xx.xx.2024-cü il tarixli bildirişdən həmçinin görünür ki, cavabdehin 394nkKPZ/23 nömrəli kredit müqaviləsinə əsasən Banka xx.xx.2024-cü il tarixə 4580,50 manat əsas, 402 manat faiz, 11,69 cərimə, cəmi 4994,19 manat borcu yaranmışdır. Cavabdehə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Göründüyü kimi, cavabdehin kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsi aşkardır. Cavabdeh apellyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığını bildirir. Cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bank ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və yuxarıda qeyd edilən kredit müqaviləsindən görünür ki, borc məbləği illik 25 faiz dərəcəsi ilə verilmiş, əsas borc üzrə ödəniş müqaviləyə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Məhkəmə bildirir ki, birinci instansiya məhkəməsi Bank tərəfindən müqavilənin ləğv edilməsi barədə cavabdehə bildiriş göndərdiyi tarixə hesablanmış 402 manat faiz borcunu tutmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Öhdəliyin gecikdirilməsini və kredit müqavilələrinin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə 34,30 cərimə (dəbbə) hesablamış və həmin məbləğin cavabdehdən Bankın xeyrinə tutulmasını xahiş etmiş, işə baxmış Rayon Məhkəməsi isə bu tələbi qismən təmin edərək cavabdehdən Bankın xeyrinə 10 manat məbləğində cərimənin (dəbbə) tutulması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi kredit müqaviləsi üzrə 34,30 manat cərimənin (dəbbənin) tutulması barədə tələb olunan məbləğini azaltmaqda haqlı olsa da, cərimənin 10 manat məbləğində müəyyən etməkdə iş üzrə səhv nəticəyə gəlmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə cavabdehdən Bankın xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və cavabdehdən Bankın xeyrinə 394nkKPZ/23 nömrəli kredit müqaviləsi üzrə 5 manat məbləğində cərimə (dəbbə) tutulmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə cavabdehdən tutulacaq cərimə borcunun məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Göstərilənləri nəzərə alaraq və MPM-nin 384-cü maddəsinə təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli, 394nkKPZ/23 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən Bankın xeyrinə 5 manat dəbbə pulu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Samux Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noyabr 2024cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə Cavabdeh iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulacaq cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh cərimə borcu olaraq 5(beş) manat məbləğində pul tutularaq Unibank” X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar