Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-514/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi) Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(061)-1258/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(061)-1258/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, lakin şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməmişdir. İşin 178-ci səhifəsindəki məhkəmə qəbzindən görünür ki, Cavabdeh 15 noyabr 2023-cü il tarixdə qəbzə imza edərək Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(061)- 1258/2023 nömrəli qətnaməsinin surətini rəsmi qaydada qəbul etmişdir. Hazırkı apellyasiya şikayəti isə 19 dekabr 2023-cü il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 1 (bir) ay müddət bitdikdən sonra məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyriiş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130, 360, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(061)-1258/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-514/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-514/2024
23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver