Məhkəmə qərarları › İş №2(104)-514/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-514/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-514/2025 17.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 01 aprel 2024cü il tarixli 2(040)-46/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 16 mart 2015-ci il tarixli, 15-xx-xx-010852 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 28 faiz olmaqla 2964 ABŞ dolları kredit verilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar İddiaçı ASC ilə Cavabdeh arasında 60 ay müddətinə (12 ay güzəşt) illik 1 faiz olmaqla 2913,22 manat kreditin verilməsinə dair 18 iyun 2019-cu il tarixli, 15xx-xx-088727 nömrəli kredit müqaviləsi bağlanmışdır.

3. Maliyyə arayışından görünür ki, Cavabdeh 09 dekabr 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2913,22 manat əsas, 70,22 manat faiz olmaqla, ümumilikdə 2983,44 manat borcu qalmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-ci il tarixli 2-3(103)-54/2023 nömrəli qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 18 iyun 2019-cu il tarixli, 15-xx-xx-088727 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2913,22 manat əsas, 70,22 manat faiz olmaqla, cəmi 2983,44 manat borc və ödənilmiş 50 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 mart 2015-ci il tarixli, 15-xx-xx-010852 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 48 ay müddətinə, illik 28 faiz olmaqla 2964 ABŞ dolları kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar İddiaçı ASC ilə Cavabdeh arasında 60 ay müddətinə (12 ay güzəşt) illik 1 faiz olmaqla 2913,22 manat kreditin verilməsinə dair 18 iyun 2019-cu il tarixli, 15-xx-xx- 088727 nömrəli kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsədə, lakin öhdəliyi yerinə yetirməmişdir. Nəticədə 09 dekabr 2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə 2913,22 manat əsas, 70,22 manat faiz olmaqla, cəmi 2983,44 manat kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyin icrasından imtina edir.

7. Kəlbəcər Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(040)-46/2024 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbi təmin edilərək, Cavabdeh 2913,22 manat (iki min doqquz yüz on üç manat-22 qəpik) əsas borc, 70,22 manat (yetmiş manat-22 qəpik) faiz borcu olmaqla, cəmi 2983,44 manat (iki min doqquz yüz səksən üç manat-44 qəpik) kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 3033,44 manat (üç min otuz üç manat-44 qəpik) pul vəsaiti tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 739 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.3, 119, 217.4, 218.3, 216-220 maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmaqla alınacaq rəy üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, pensiyasından tutmalar aparılan zaman qətnamədən xəbəri olmuş və 20 avqust 2024-cü il tarixdə qətnaməni əldə etmişdir. Birinci instasniya məhkəməsində icraat zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin olunması barədə vəsatət vermiş, vəsatəti təmin olunmuş, lakin 22 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi rəy vermədən işi geri qaytarmışdır. 2019-cu ildə rekturizasıyanın düzgün aparılıb-aparılmamasının araşdırmamış, rekturizasıya aparılkarkən ona 1000 manat verilmiş, eləcədə 2015-ci ildə götürdüyü krediti restruktruzasiya aparılana qədər ödəmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi işə iştiraklarıı olamdan baxılması barədə ərizə göndərmiş, Cavabdeh isə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

19. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında ilkin olaraq 16 mart 2015-ci il tarixli, 15-xx-xx-010852 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə, illik 28 faiz olmaqla 2964 ABŞ dolları kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar qeyd olunan kreditin qalıq məbləği restruktruzasiya olunmuş və İddiaçı ASC ilə Cavabdeh arasında 60 ay müddətinə (12 ay güzəşt) illik 1 faiz olmaqla 2913,22 manat kreditin verilməsinə dair 18 iyun 2019-cu il tarixli, 15-xx-xx-088727 nömrəli kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsi üzrə borcalan müəyyən edilmiş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsədə, lakin öhdəliyi yerinə yetirməmiş və nəticədə 09 dekabr 2022-ci il tarixə 2913,22 manat əsas, 70,22 manat faiz olmaqla, cəmi 2983,44 manat kredit borcu yaranmışdır. Ona görədə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

32. Məhkəmə kollegiyasıda hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33 . Belə ki, kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi razılaşma sayəsində olur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı ASC ilə Cavabdeh arasında 60 ay müddətinə (12 ay güzəşt) illik 1 faiz olmaqla 2913,22 manat kreditin verilməsinə dair 18 iyun 2019-cu il tarixli, 15-xx-xx-088727 nömrəli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar bağlamışdır. Kreditor müqavilə üzrə öhdəliklərini icra etsədə, borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcu yaranmışdır.

35. Cavabdeh apellyasiya şikayətində 2019-cu ildə rekturizasıyanın düzgün aparılmasının araşdırmamasını, rekturizasıya aparılarkən bank tərəfindən ona 1000 manat verilməsini, 2015-ci ildə götürdüyü krediti restruktruzasiya aparılana qədər ödəməsini və iş üzrə ekspert rəyinin alınmamasını qeyd etmişdir. Kollegiya şikayətin dəlillərini əsaslı saymır və hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas deyil. Çünki, İddiaçı ASC ilə Cavabdeh arasında ilkin olaraq bağlanmış 16 mart 2015-ci il tarixli, 15-xx-xx-010852 nömrəli kredit müqaviləsi üzrə (ABŞ dolları) kreditin qalıq borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar restruktruzasiya olunmuş və İddiaçı ASC ilə Cavabdeh arasında 60 ay müddətinə (12 ay güzəşt) illik 1 faiz olmaqla 2913,22 manat kreditin verilməsinə dair 18 iyun 2019-cu il tarixli, 15-xx-xx-088727 nömrəli kredit müqaviləsi bağlamış və hər iki tərəf müqaviləni imzalamışdır. 18 iyun 2019-cu il tarixli, 15-xx-xx-088727 nömrəli müqavilə üzrə Cavabdeh 1000 manat verilməmiş, əksinə əvvəlki müqavilə üzrə qalıq borc (ABŞ dolları) 2913,22 manat müəyyən edilməklə restruktruzasiya olunmuşdur. Restruktruzasiya olunan məbləğ üzrə isə sonuncu heç bir ödəniş etməmişdir. Belə olan təqdirdə isə kollegiya iş üzrə ekspertiza təyin olunmasına zərurət görmür.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(040)-46/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar