Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-517/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO ASC) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı lpo İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 2012-ci il 23 may tarixli kredit müqaviləsi üzrə 275,505.54 manat əsas, 137382.95 manat faiz, 94586,93 manat cərimə borcu olmaqla cəmi 507475,42 manat, 2013-cü il 18 mart tarixli kredit müqaviləsi üzrə 17064.63 manat əsas, 7259.86 manatfaiz, 8061.57 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 32386.06 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 07 oktyabr 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək 2012-ci İİ23 may tarixli kredit müqaviləsinə əsasən hərgün üçün 168.36 manatgündəlikfaiz və 168.36 manat cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın 2012-ci il 23 may tarixli kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətindəki istehsalat təyinatlı əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus 1/4 hissəsi və Cavabdeh2 məxsus ¾ hissəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Cavad bəy Şıxiinski küçəsində, mülkiyyətində olan 0.398 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3498.2 kv.m sahədən ibarət, istehsalat təyinatlı əmlak kompleksinin boşaldılaraq banka təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən İddiaçı ASCnin xeyrinə 2012-ci il 23 may tarixli kredit müqaviləsi üzrə 275.505,54 manat əsas, 137.382,95 manat faiz və 50.000 manat cərimə borcu olmaqla cəmi 462.888,49 manat, eləcə də 2013-cü il 18 mart tarixli kredit müqaviləsi üzrə 17.064,63 manat əsas, 7.259,86 manat faiz və 5000 manat cərimə borcu olmaqla cəmni 29.324,459 manat pul olmaqla – hər iki müqavilə üzrə 292.570,17 manat əsas borc, 144.642,81 manat faiz borcu, 55.000 manat cərimə borcu olmaqla ümumilikdə 492.212,98 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh3m (1/4) və Cavabdeh2 (3/4) məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Cavad bəy Şıxlınski küçəsində mülkiyyətdə olan 0,398 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3498,2 kv.m sahədən ibarət istehsalat təyinatlı əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 400.000 manat məbləğində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə1 Boris oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)- 107/2016 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə1 Boris oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Bundan sonra Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə1 Boris oğlu yenidən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək, ötürülmüş prosessual müddtin bərpa olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)- 107/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh3 tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə1 Boris oğlu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı ilə, şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli, 2(104)- 2507/2023 nömrəli qərardadı ilə, Cavabdeh3 şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il il tarixli, 2(043)-107/2016 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, iş ərizəyə yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı (hakim Xədicə Səfərli) ilə, ərizənin təmin edilməməsi, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət buraxılmamış hesab edilməklə, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı ASC şikayət verərək, qərardadın ləğv edilməsini və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-107/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmış hesab edilməsinə və cavabdehin prosessual müddətin bərpası ərizəsinin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(043)-107/2016 saylı qətnaməsinin qəbul edilməsindən və icraya yönəldilməsindən 7 (yeddi) ilə qədər vaxt keçmişdir ki, bu da həmin müddət ərzində cavabdehin sözügedən qətnamənin mövcudluğundan xəbərinin olmaması həqiqətini əks etdirmir. Necə ola bilər ki, keçən 7 (yeddi) il ərzində həmin əmlakın aqibəti mülkiyyətçi olan cavabdehlər Cavabdeh3 və X3 düşündürməsin və əmlakın mövcud vəziyyəti onları maraqlandırmasın. Cavabdehin nümayəndəsi (vəkili) KərimovTural Boris oğlu tərəfindən xx.xx.2022-ci il tarixli 167/1826 nömrəli sorğu ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə poçt rabitəsi vasitəsi ilə sözügüdən qətnamə rəsmi qaydada ona təqdim edilmişdir. İş materiallarında mövcud olan "xxxx" MMC poçt xidmətinin göndəriş qəbzindən görünür ki, cavabdehin nümayəndəsi (vəkili) tərəfindən tərtib olunmuş apellyasiya şikayəti Gəncə Şəhər Məhkəməsinə çatdrılması üçün xx.xx.2023-cü il tarixdə həmin poçt xidmətinə təqdim edilmişdir. Lakin “alanın soyadı və imzası” qrafasında alan şəxsin adı, soyadı, imzası qeyd edilməmişdir. Yəni həmin poçt qəbzindən apellyasiya şikayətinin hara, nə vaxt verildiyi, kim tərəfindən qəbul edildiyi qeyri-müəyyəndir. Kuryer qrafasındakı imzanın isə kimə məxsus olduğu müəyyən deyil. Natamam, eləcə də həqiqiliyi şübhə doğuran "xxxx" MMC poçt xidmətinin göndəriş qəbzini sübut kimi göstərib və ona əsaslanaraq apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təqdim edildiyini iddia edən cavabdehin nümayəndəsi (vəkili) nədənsə 4 ay müddətində şikayətin çatdırılması ilə maraqlanmamışdır. Həmin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə çatdırılmışdır. Gəncə Şəhər Məhkəməsinin dəftərxanasına məxsus ştampla sözügedən apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə daxil olduğu öz təsdiqini tapmışdır. Bununla bağlı "xxxx" MMC-yə sorğu verilməmiş, araşdırılma aparılmamışdır. Hər hansı eksperss poçt xidməti tərəfindən ölkə daxili məktubarın 4 ay ərzində ünvana çatdırılmaması ağlabatan hal deyil. Həmin şikayətə ilk dəfə Gəncə Şəhər Məhkəməsinin hakimi Xədicə Səfərli tərəfindən baxılmış və xx.xx.2023-cü il tarixli qərardadla əsaslı olaraq apellyasiya şikayəti prosessual müddət ötürüldüyündən geri qaytarılmışdır. Məhkəmə qərardadında qeyd etmişdir ki, “xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təhvil alınmış Gəncə Şəhər Məhkəməsinin 2(043)-107/2016 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə1 Boris oğlu tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Beləliklə də, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş bir ay müddət Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə1 Boris oğlu tərəfindən buraxıldığı və bu halı təkzib edən hər hansı sübut təqdim edilmədiyi üçün hazırki şikayət geri qaytarılmalıdır”. Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə1 Boris oğlunun həmin qərardaddan şikayət verməyərək “prosessual müddətin bərpasına dair” ərizəsi ilə yenidən apellyasiya şikayəti ilə müraciət etməsi özlüyündə prosessual müddətin ötürülməsini bir daha ehtiva edir. Daha sonra cavabdehin vəkili buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə yenidən apellyasiya şikayətini məhkəməyə göndərmişdir. Gəncə Şəhər Məhkəməsinin hakimi Cavid Tağıyev buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxmış və həmin ərizəni xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin etməmişdir. Hazırda iddiaçı Bank tərəfindən də şübhə doğuran məqamlar hakimin diqqətindən yayınmamış və qərardadında qeyd etmişdir ki, “cavabdeh qətnamənin surətini xx.xx.2022-ci il tarixdə əldə etdikdən 26 gün sonra apellyasiya şikayətini poçta təhvil verdiyini göstərsə də, təqdim etdiyi qəbzdən görünür ki, apellyasiya şikayətinin Gəncə Şəhər Məhkəməsinə təqdim olunması tarixi və qəbul edən şəxsin imzası qeyd edilməmişdir. Bununla yanaşı apellyasiya şikayəti 26 may 2023-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur”. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cüil tarixli 2(043)-107/2016 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsində baxılmış və ərizəyə yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi öz qərarında sözügedən apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təqdim edildiyini, xx.xx.2023-cü il tarixdə isə dəftərxana ştampı ilə qəbul edildiyi hissəsinin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığını qeyd etmişdir. Yəni bu halın araşdırılması məqsədilə geri qaytarmışdır. Birinci instansiya məhkəməsi bu halın araşdırılması məqsədilə "xxxx" MMC-yə sorğu verərək araşdırmamış, həmin poçt xidmətinə aidiyyəti olmayan “X8” MMC-nin aktı ilə kifayətlənmişdir. Halbuki, məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu verilsəydi sözügedən apellyasiya şikayətinin ümumiyyətlə həmin poçt xidmətinə təqdim edilmədiyini, onlar tərəfindən belə bir məktubun göndərilmədiyini və eyni zamanda "xxxx" MMC-nin apellyasiya şikayətinin göndərilməsində heç bir iştirakının olmadığını müəyyən edə bilərdi. Ərizəyə yenidən baxan hakim Xədicə Səfərli məhkəmə kollegiyasının qeyd etdiyi məqamların heç birinə aydınlıq gətirmədən əsassız qərardad qəbul edərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-107/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməklə, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Hesab edirlər ki, qəbul edilən məhkəmə qərardadı prosessual normalara əməl edilmədən, iş materiallarında mövcud olan ziddiyyətli, şübhə doğuran hallara aydınlıq gətirilmədən, yalnız cavabdehin təqdim etdiyi akta əsaslanmaqla qəbul edilmişdir. Qeyd edirik ki, ərizəyə yenidən baxış xx.xx.2023-cü il tarixə təyin edilsə də, prosesin vaxtı barədə məhkəmə informasiya sisteminə heç bir bildiriş yüklənməmiş, həmçinin prosesin vaxtı barədə iddiaçı Banka poçt və ya sms vasitəsi ilə də heç bir bildiriş göndərilməmişdir (elektron məhkəmə informasiya sistemindən çıxarış şikayətə əlavə edilir). Bu səbəbdəndir ki, iddiaçı Bank prosesin keçirildiyindən xəbərdar olmamış, bir sıra ziddiyyətli və mübahisəli məsələləri məhkəmənin diqqətinə çatdırmaq imkanından məhrum olmuşdur Ziddiyyətli və əsaslı şübhələr doğuran məqamları diqqətinizə çatdırırlar: Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsində qeyd edir ki, Cavabdeh3 və Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşlarıdır və 2016-2022-ci illlərdə Azərbaycan Respublikasına gəlməmiş, Rusiyada olmuşdurlar. Bu cavabdehin vəkilinin ərizəsində qeyd etdiyi yanlış və ya doğru olduğu müəyyən edilməyən informasiyadır. Həmin informasiyanın doğruluğunun müəyyən edilməsi üçün məhkəmə tərəfindən aidiyyatı dövlət orqanına zəruri sorğular verilməmiş, bu faktın həqiqiliyi araşdırılmamışdır. 2. İş materiallarında mövcud olan qərardadlarda göstərilir ki, Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə göndərilməsi üçün "xxxx" poçt xidmətinə təqdim edilmişdir. Lakin ötürülmüş prosessual müddət məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə aktı nədənsə həmin poçt xidməti, yəni "xxxx" poçt xidməti yox, digər adla fəaliyyət göstərən “X8” adlı poçt xidməti təqdim edir. Belə ki, “X8” MMC-nin xx.xx.2023-cü il tarixli 53 nömrəli aktında qeyd edilir ki, bu aktı tərtib edirlər ondan ötəri ki, 26 yanvar 2023-cü il tarixində Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Nümayəndə1 tərəfindən Gəncə Şəhər Məhkəməsinin 29 mart 2016-cı il tarixli 2(043)-107/2016 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti tərəflərindən Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Aktın məzmunundan görünür ki, aktda qeyd edilən məlumat səthi yazılıb, şübhə doğuran hallara aydınlıq gətirilməyib, apellyasiya şikayətinin hansı tarixdə qəbul edildiyi, hansı tarixdə Gəncə Şəhər Məhkəməsinə çatdırıldığı, 4 ay gecikdirilmə ilə təqdim edilmənin səbəbi araşdırılmamışdır. Göründüyü kimi məhkəmə qərardadında əminliklə apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə poçta təqdim edilməsinin iş materialları ilə müəyyən olunduğunu göstərir. İş materiallarında mövcud olan məlumatlar isə apellyasiya şikayətinin məhkəməyə çatdırılması üçün xx.xx.2023-cü il tarixdə "xxxx" poçt xidmətinə təqdim edildiyidir. Hazırki şikayətimizə əlavə edəcəyimiz "xxxx" MMC-nin xx.xx.2023-cüil tarixli 10 nömrəli sorğuya cavab məktubu ilə mübahisələndirilən apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə vəkil Nümayəndə1 Boris oğlu tərəfindən "xxxx" MMC poçt xidmətinə təqdim edilməsi faktı təkzib edilir. Bundan başqa, “X8” MMC tərəfindən tərtib edilən aktın nə zaman və hansı əsasla məhkəməyə təqdim edildiyi qeyri-müəyyəndir. Yəni, birinci instansiya məhkəməsində 2 ayrı-ayrı icraatda baxılan zaman təqdim edilməyən “X8” MMC-nin aktı, apellyasiya instansiya məhkəməsinin icraatında iş materiallarına nə zaman əlavə edildiyi müəyyən edilmir. Yuxarıda sadalanan ziddiyyətli, şübhə doğuran məqamlar araşdırılmadan, bu kimi hallara aydınlıq gətirilmədən məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Hesab edirik ki, bu kimi halların tam, hər tərəfli, obyektiv araşdırılması üçün məhkəmə iclasının şifahi icraat qaydasında baxılması təmin edilməli, prosesin vaxtı barədə əvvəlcədən proses iştirakçılarının poçt və ya sms bildirişləri vasitəsi ilə məlumatlandırılması zəruridir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 517/2024 nömrəli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-107/2016 nömrəli qətnaməsindən iddiaçı lpo İddiaçı ASC tərəfindən verilmiş şikayətə baxılması Gəncə Apellyasiya Məhkəməsinin binasında 21 fevral 2024-cü il tarixdə saat 17:00-da açıq məhkəmə iclasında baxılmağa təyin edilməsi qərara alınmışdır. Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə1 Boris oğlunun ərizəsinə əsasən verilmiş şikayətə baxılması Gəncə Apellyasiya Məhkəməsinin binasında 06 mart 2024-cü il tarixdə saat 16:30-da açıq məhkəmə iclasında baxılmağa təyin edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi, Cavabdeh2 və Cavabdeh3, onların nümayəndəsi və vəkilinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı tam və xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qərardad çıxarılmaqla apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Cavabdeh3 ərizəsi əsasında məhkəmənin qətnaməsi poçt vasitəsi ilə cavabdehin Cavabdeh3 yaşadığı ünvana göndərilmiş, həmin qətnamə sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Bu halda qətnamə cavabdehə Azərbaycan Respublikasının MPM-in 135.3-cü maddəsinə əsasən, rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayət vermək üçün müəyyən olunmuş bir aylıq müddətin axımı başlanır. Lakin, onun tərəfindən apellyasiya şikayəti 05 aya yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti 1 aydan artıq müddət ötürülməklə verilmişdir. Baxmayaraq ki, Cavabdeh3 ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Lakin, cavabdeh prosessual müddətin ötürülməsinin səbəbini Rusiya vətəndaşı olmaqla, 2016-2022-ci illərdə Azərbaycan Respublikasına gəlməməsi və Azərbaycanda olmaması, məhkəmənin müvafiq qətnaməsini xx.xx.2022-ci il tarixdə əldə edə etməklə, 2023-cü ilin yanvar ayının 26-da apellyasiya şikayətini ekspress poçt vasitəsilə Gəncə Şəhər Məhkəməsinə göndərsə də, həmin apellyasiya şikayəti onlardan asılı olmayan səbəbdən yalnız 3 aydan sonra Gəncə Şəhər Məhkəməsində qeydə alınması ilə əlaqələndirmişdir. Kollegiya qeyd edir ki, cavabdeh qətnamənin surətini xx.xx.2022-ci il tarixdə əldə etdikdən 26 gün sonra apellyasiya şikayətini poçta təhvil verdiyini göstərsə də, təqdim etdiyi qəbzdən görünür ki, apellyasiya şikayətinin Gəncə Şəhər Məhkəməsinə təqdim olunması tarixi və qəbul edən şəxsin imzası qeyd edilməmişdir. Bununla yanaşı apellyasiya şikayəti 26 may 2023-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Digər tərəfdən, cavabdehin qətnaməni aldıqdan 26 gün sonra apellyasiya şikayətini poçta təqdim etdiyi halda ötürülməmiş müddətin bərpasına da zərurət olmazdı. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələdirilməsinə MPM-nin qeyd olunan tərzdə yanaşması ilə növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının MPM-in 33.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Göründüyü kimi, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İddiaçı Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpasına əsas verən bu cür üzürlü hallar yoxdur. Ona görə də onun tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apellyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apellyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Eyni zamanda qeyd etmişdir ki, apellyasiya icraatında bu təminatların tətbiq edilmə üsulu həmin proseslərin konkret xüsusiyyətlərindən asılıdır və bu zaman məhkəmə bütövlükdə dövlətdaxili hüquq sistemində həyata keçirilən proseslər, apelyasiya instansiyası məhkəməsinin hüquqi və praktiki funksiyaları, eləcə də tərəflərin səlahiyyətləri və onların maraqlarının hansı üsulla təmsil olunması və müdafiə edilməsini nəzərə almalıdır. Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən məhkəməyə müraciət etmək hüququ mütləq hüquq hesab edilmədiyindən məhdudlaşdırıla bilər. Lakin məhdudiyyətlər bu hüququn icrasını onun əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda məhdudlaşdırmamalıdır. Onlar qanuni məqsəd daşımalı və istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında müvafiq mütənasiblik olmalıdır (Qeren Fransaya qarşı və Omar Fransaya qarşı işləri üzrə qərarlar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı tam və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv olunmalı və Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə1 Boris oğlu tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263, 264, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı tam və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə1 Boris oğlu tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-517/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-517/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver