Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-517/2025 08.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması; kreditorun zaminə qarşı tələb hüququna xitam verilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(062)-3035/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19 avqust 2014cü il tarixli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana 24 ay müddətinə illik 33 faizlə 6370 ABŞ dolları kredit verilmişdir;
2. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 19 avqust 2014-cü il tarixli ZM-250003739 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini öz üzərinə götürmüşdür;
3. xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən, kreditin qalıq məbləği 4743,92 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır;
4. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmiş, kredit borcu 3067,68 ABŞ dolları əsas, 1610,79 ABŞ dolları faiz və 728,24 ABŞ dolları cərimə borcu müəyyən edilmişdir. Öhdəliyin icrası müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır;
5. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 fevral 2025-ci il tarixli 6-1-21/2- 3014/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. İş üzrə cavabdehlə İddiaçı ASC arasında bsğlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi restrukturizasiya ilə bağlı Fərmanın təsir dairəsinə düşməmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 2013,20 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 2566,63 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015- ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 110,69 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 33 faizlə ödənilmək şərtilə 6370 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla yanaşı, 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 arasında 19 avqust 2014-cü il tarixli ZM-250003739 saylı zaminlik müqaviləsi bağlanmışdır. Amma borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən, kreditin qalıq məbləği 4743,92 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5406,71 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilməli idi. Hazırda cavabdehin iddiaçı təşkilata kreditin əsas məbləği 2013,20 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 2566,63 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları məbləğində faiz borcu mövcuddur.
8. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmişdir. Kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən ona bank tərəfindən əlavə pul vəsaiti ödənilmişdir. Bundan başqa, kredit borcunun tələb edilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Odur ki, iş üzrə iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir.
9. Cavabdeh2 da iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmişdir. Kredit borcunun tələb edilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Odur ki, iş üzrə iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir.
10. Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(062)-3035/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 2013,2 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 51,33 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları olmaqla, cəmi 2819,36 ABŞ dolları borc icra olunduğu vaxta manatla məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 67,92 manat alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.7, 449.1, 465.2, 467 və 739-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
13. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamədə kredit müqaviləsinin 19 avqust 2014-cü il tarixdə bağlandığı və sonradan müqavilənin xx.xx.2017-ci il tarixdə restrukturizasiya edildiyi göstərilir. Halbuki, o, xx.xx.2017-ci il tarixdə müqavilənin restrukturizasiya olunmasına razılıq verməmişdir. Müqavilə 3 il müddətinə imzalanmış və müqavilənin sonuncu icra tarixindən 3 il keçmişdir. Hesab edir ki, qanunla nəzədə tutulan iddia müddəti ötürülüb. Müddət keçdiyindən iddia təmin olunmamalıdır. Məhkəmə tərəfindən onun etiraz və mülahizələri araşdırılmamışdır. İddia müddətinin tətbiqinə dair məhkəməyə rəsmi ərizə versə də, məhkəmə ərizəni nəzərə almamışdır. Həmçinin ona məlum olmayan sonradan bağlanmış müqavilənin hansı tarixədək bağlandığı və sonuncu vaxt nəqədər banka pul ödənildiyi araşdırılmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, kredit borcunun restrukturizasiya edilməsi barədə xx.xx.2017-ci il tarixli müqavilə onun tərəfindən imzalanmışdır.
16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini icra etmişdir. Lakin səhətində problem olduğundan borcunu qalıq borcunu ödəyə bilməmişdir. Səhətində yaranan problem nəzər alınmaqla ona köməklik göstərilməsini istəyir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
24. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
25. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
26. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
27. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və kreditor birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Belə olan halda hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsi üzrə qətnamənin əsaslılığı və qanuniliyi yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 2013,2 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 51,33 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları olmaqla, cəmi 2819,36 ABŞ dolları borc icra olunduğu vaxta manatla məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 67,92 manat alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi» hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə «Cavabdeh1 kreditin əsas məbləği 2013,2 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 51,33 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları olmaqla, cəmi 2819,36 ABŞ dolları borc icra olunduğu vaxta manatla məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 67,92 manat alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi» hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə 33 faizlə ödənilmək şərtilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditorla zamin Cavabdeh2 arasında 19 avqust 2014-cü il tarixli ZM250003739 saylı zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra, kredit və zaminlik müqavilələri üzrə xx.xx.2015-ci il tarixli 01 saylı əlavə sazişlərə əsasən, kreditin qalıq məbləği 4743,92 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Bundan sonra da xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə sazişlərə əsasən borc öhdəliyi restrukturizasiya edilərək, kredit borcu 3067,68 ABŞ dolları əsas, 1610,79 ABŞ dolları faiz və 728,24 ABŞ dolları cərimə borcu müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
42. İlk növbədə qeyd edilməlidir ki, kreditor həm borcluya, həm də zaminə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə tələb irəli sürmüşdür. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, borclu və zaminə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığına dair ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilkin olaraq qətnamənin borcluya münasibətdə əsaslığı yoxlanılmalıdır.
43. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası kredit borcunun restrukturizasiyası barədə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda borcludan əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Borclu apellyasiya şikayətinin dəlillərində bankla aralarında kredit borcunun restrukturizasiyası barədə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş bağlanmadığını qeyd etsə də, lakin apellyasiya baxşı zamanı verdiyi izahatında həmin sazişin onun tərəfindən imzalandığını bildirmişdir (bax qətnamənin 15-ci bəndi).
44. Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə verməklə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, lakin iddia verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti buraxılmamışdır.
45. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir; Məcəllənin 377.2-ci maddəsində isə deyilir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
46. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM maddə 368 və 377.2).
47. Yuxarıda da göstərildiyi kimi xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən tərəflər arasındakı kredit müqaviləsi üzrə borc öhdəliyi restrukturizasiya edilərək, kredit borcu 3067,68 ABŞ dolları əsas, 1610,79 ABŞ dolları faiz və 728,24 ABŞ dolları cərimə borcu müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İddiaçı bank isə xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
48. Məhkəmə kollegiyası müqavilə öhdəliyinin icrası müddətinin xx.xx.2021-ci ildə başa çatması və hazırkı iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olması barədə işin hallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, iddiaçı bank hazırkı iddia verilməsi üçün Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş 3 (üç) illik iddia müddətini ötürməmişdir.
49. Bundan əlavə, Cavabdeh1 kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü barədə arqument irəli sürsə də, lakin apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab əsasında məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 28 fevral 2025-ci il tarixli 6-1-21/2-3014/2025 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı kredit müqaviləsi restrukturizasiya ilə bağlı sözügedən Fərmanın təsir dairəsinə düşməmişdir.
50. Beləliklə, işin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora 2013,2 ABŞ dolları əsas, 472,87 ABŞ dolları faiz borcu yaranmışdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də əsas və faiz borcunun kredit müqaviləsi üzrə borcludan tələb edilməsi əsaslıdır.
52. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
53. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
54. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
56. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq, 51,33 ABŞ dolları məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
57. Bundan əlavə, kreditor borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etməkdə də haqlıdır.
58. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
59. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
60. Hazırkı işin hallarından görünür ki, kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, lakin borclu həmin tarixə iddiaçıya qaytarmalı olduğu borcunu ödəməmişdir. Bu halda borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması qanuni və əsaslı sayılır.
61. Şərh olunan hallara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, borclu Cavabdeh1 münasibətdə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni əsaslara söykənir.
62. Lakin, məhkəmə kollegiyası hesab edir ki, digər cavabdeh (zamin) Cavabdeh2 aid hissədə iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
63. Belə ki, İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində göstərilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Sonradan tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişlə də bu şərtə hər hansı dəyişiklik və ya əlavə edilməmişdir.
64. Kollegiya hesab edir ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminlik müqaviləsi borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir.
65. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
66. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə, eləcə də Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişlə tərəflər razılaşmışlar ki, 3067,68 ABŞ dolları əsas, 1610,79 ABŞ dolları faiz və 728,24 ABŞ dolları cərimə borcu xx.xx.2021-ci il tarixədək ödənilməlidir.
67. Kollegiya şərh olunan halları nəzərdən keçirərək qeyd edir ki, bank zamin Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
68. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyin icrasına görə məsuliyyət daşımır. Ona görə də iddia tələbinin ona münasibətdə təmin edilməso yolverilməzdir.
69. Birinci instansiya məhkəməsi isə mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin faktiki hallarını nəzərə almadan cavabdeh (zamin) Cavabdeh2 aid hissədə də iddia tələbini təmin edərək həmin hissədə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh (zamin) Cavabdeh2 aid hissədə ləğv edilməli və iddia tələbi sonuncuya aid hissədə təmin edilməməlidir.
70. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(062)-3035/2024 nömrəli qətnaməsi «Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 2013,2 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 51,33 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları olmaqla, cəmi 2819,36 ABŞ dolları borc icra olunduğu vaxta manatla məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 67,92 manat alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə «Cavabdeh1 kreditin əsas məbləği 2013,2 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 51,33 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları olmaqla, cəmi 2819,36 ABŞ dolları borc icra olunduğu vaxta manatla məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 67,92 manat alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi» hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.