Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-519/2023 30.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(061)-1390/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 1600 manat, Cavabdeh2 isə 42 manat, cəmi 1642 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(061)-1390/2022 nömrəli (hakim K.Rzayev) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük edir və ödəniş müqabilində sərnişin daşımaqla məşğul olur. Cavabdeh1 təxminən 30 dəfə Mingəçevir şəhərinə (bacısıgilə), 5 dəgə Naftalan şəhərinə (həkimə), 15 dəfə Bərdə şəhərinə (“ASAN xidmət” mərkəzi və xəstəxanaya) ,100 dəfə Tərtər şəhərinə (Ticarət mərkəzinə), eləcədə 40 dəfə Tərtər rayonu Seyidimli kəndinə (baytarlıq apteki) aparmış və kəndddə inşa etdiyi evə dəfələrlə sement daşımışdır. Cavabdeh1 avtomobilə yanacaq töksədə, yol haqqını verməmişdir. Dəfələrlə ödəməsini tələb etsədə, Cavabdeh1 bundan imtina etmişdir. Həmçinin 09 may 2022-ci il tarixdə Cavabdeh1 taksi pulunu istədiyui zaman oğlu Cavabdeh2 onunla dalaşmış və mobil tefonunu sındırmışdır. Telefonun təmirinə 42 manat xərc çəkmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildrimişdir ki, Cavabdeh1 ilə 14 il ər-arvad kimi yaşamış, 2022-ci ilin may ayında münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki ər-arvad münasibətlərində olan zaman idarə etdiyi avtomobillə onu müxtəlif yerlərə aparıb gətirsədə, Cavabdeh1 taksi pulunu ödəməmişdir. Sonuncu yalnız avtomobilə bensin tökməklə kifayətlənmişdir. Taksi xidmətinə görə 1600 manat borcu yaranmışdır. Aralarında olan münaqışə zəmnində Cavabdeh1 oğlu Elnur ona məxsus mobil telefonu sındırdığından təmirinə 42 manat xərcləmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçıla faktiki olaraq 18 il ər-arvad kimi yaşamışlar. Həmin illərdə iddiaçı idarə etdiyi avtomobillə onu müxtəlif yerlərə aparıbgətirmişdir. Avtomobildən istifadə etdiyi üçün benzinin pulunu ödəmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı ilə mübahisələri olsada, lakin onun mobil telefonunu sındırmamışdır. Cavabdeh2 sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə istinadən, iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı idarə etdiyi “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 müxtəlif vaxtlarda taksi xidməti göstərməsini, sonuncunun isə xidmət haqqını ödəməməsi səbəbindən ona 1600 manat borcu olmasını, eləcə də aralarında olan münaqişə zəmnində digər Cavabdeh2 ona məxsus mobil telefonu sındırdığından təmirə ödədiyi 42 manatın əvəzinin ödənilməsini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə tələbi təmin etməmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, tərəflərin izahatından müəyyən olunur ki, İddiaçıla Cavabdeh1 faktiki olaraq ər-arvad münasibətlərində olmuşlar. İddiaçı idarə etdiyi “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncuya taksi xidməti göstərdiyini və həmin xidmətə görə onun 1600 manat borcunun yarandığını, Cavabdeh1 isə iddiaçı ilə faktiki ər-arvad münasibətində olduqları müddətdə avtomobildən istifadəyə görə yanacaq (benzin) aldığını qeyd edir. İddiaçı idarə etdiyi “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nömrəli avtomobildən istiadəyə görə Cavabdeh1 gediş-gəliş üçün benzin alması onun özünün, eləcə də iddia ərəzəsi və apellyasiya icraatı zamanı iddiaçının vermiş olduğu izahatla təsdiq olunur. İddiaçının tələb etdiyi 1600 manat xidmət haqqı Cavabdeh1 ilə faktiki ər-arvad münasibətlərində olduğu müddətdə onu müxtəlif yerlərə aparıb-gətirməsindən irəli gəlir və gediş-gəliş üçün avtomobilə vurulan yanacağın pulu da Cavabdeh1 tərəfindən ödənilmişdir. İddiaçı taksi fəaliyyəti üçün xidmət haqqının ödənilməsi barədə aralarında razılaşma olmasını qeyd etsə də, lakin onun bu dəlili sübut olunmur. Münaqişə zəmnində İddiaçı mülkiyyətinə olan mobil telefonun Cavabdeh1 oğlu Cavabdeh2 tərəfindən sındırılması dəlili də sübut olunmur. Belə ki, işə əlavə olunmuş Tərtər rayon Polis şöbəsinin 19 may 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı izahatında göstərmişdir ki, 09 may 2022-ci il tarixdə Cavabdeh2 onun cibində olan “Redmi” markalı mobil telefonu çıxardaraq əlində olan ağacla vursa da, lakin telefona heç nə olmamışdır. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə qəbul etməsi dəlilini kollegiya əsaslı saymır. Belə ki, işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən prosessual hüquq normalarının tələbi pozulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1. maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(061)-1390/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-519/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-519/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver