Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-524/2023 11.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2885/2022 saylı qərardadından İddiaçı Nurəddin oğlunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı Nurəddin oğlu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ünvan 1 ünvanında yerləşən aptek və ünvan 2sinin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakların müsadirə siyahısından çıxarılaraq, əmlaklar üzərində İddiaçı Nurəddin oğlunun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2885/2022 saylı qərardadı ilə (hakim C.Quliyev) İddiaçı Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ünvan 1 ünvanında yerləşən aptek və ünvan 2sinin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakların müsadirə siyahısından çıxarılaraq, əmlaklar üzərində İddiaçı Nurəddin oğlunun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayaraq iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ərizənin icraata qəbul edilməsini, əks halda baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi Nümayəndə birinci instansiya məhkəmə ərizə təqdim edərək, cavabdeh kimi qeyd edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyini Azərbaycan Respublikası Maliyyə Nazirliyininin Gəncə şəhəri üzrə Maliyyə İdarəsi (hüquqi ünvan Gəncə şəhəri, H.Əliyev adına meydan) ilə əvəz edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2885/2022 saylı qərardadı ilə, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət MPM-nin 361.1-ci maddəsinin tələblərinə uyğun olmadığından şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2885/2022 saylı qərardadından şikayət və şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib bərpa olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2885/2022 saylı qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2885/2022 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən şikayətin verilməsi müddəti bərpa edilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, həmin iddia tələbi üzrə iddiaçı əmlakın yerləşdiyi yer üzrə də iddia qaldıra bilər. Bundan başqa hazırki şikayət ilə birlikdə ərizə təqdim edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini Azərbaycan Respublikası Maliyyə Nazirliyininin Gəncə şəhəri üzrə Maliyyə İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Belə olan halda artıq cavabdehin də hüquqi ünvanı Gəncə şəhəridir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2885/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin geri qaytarılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materialları ilə müəyyən edilir ki, iddia tələbi “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakların müsadirə sırasından çıxarılması və əmlakdan istifadə hüququna qoyulan məhdudiyyətlərə son qoyulması” ilə bağlıdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı isə ünvan 6lki Prosessual Məcəlləsinin 35.2-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bundan başqa, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad etməklə, iddia ərizəsinə Gəncə Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə görə xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi xüsusi müsadirə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından, yəni mülkiyyət hüququndan məhrum edilməsindən ibarət olan cinayət hüquqi xarakterli tədbirdir. Belə ki, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumununda bildirilmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Kollegiya qeyd edir ki, mülki iş üzrə hazırda yuxarıda sadalanan 3 əsasdan heç biri mövcud olmadığından və müstəsna aidiyyətin müəyyənləşdirilməsi zamanı mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar iddialar istisna edildiyindən iddia tələbinin müstəsna aidiyyət olaraq Gəncə Şəhər Məhkəməsində baxılması barədə iddiaçının nümayəndəsinin göstərdiyi dəlillər əsassızdır. Şikayətin dəlilləri üzrə işin Gəncə Şəhər Məhkəməsində baxılması barədə qərardadın qəbul edilməsi aidiyyət qaydalarının pozulmasına gətirib çıxarar. Hansı ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunanlara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq Qəraraaldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2885/2022 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-524/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-524/2023
11.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver