Məhkəmə qərarları › İş №2(104)-524/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-524/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-524/2025 11.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər İbişova Təzəgül Nəbi qızına, Cavabdeh3 və Bayramov Xəyyam Zamir oğluna qarşı iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 bundan sonra – cavabdeh(lər)) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4672/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsi ilə, iddiaçı Bank cavabdehə 36 ay müddətinə azalan balansla illik 27 % ödəmək şərtilə 12000 (on iki min) manat kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 25563/6 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri ilə, sonuncular bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərilərinə götürmüşlər və borclu ilə birgə məsuliyyət daşıyırlar.

3. Əsas borclu olan cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı xx.xx.2022 və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ilə cavabdehlərə müraciət edərək müqaviləyə əsasən iddiaçıya olan qalıq borcun ən zısa zamanda ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada bütün məcburi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

4. İddiaçı xx.xx.2024-cü il tarixli maliyyə arayışına istinadən Cavabdeh2 BOKT "xxxx" MMC-yə 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcunun olmasını əsas gətirərək cəmi 5704.63 manat borcun tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2025 nömrəli rəyinə əsasən, Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanmış 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan kredit borcu: xx.xx.2022-ci il tarixə - 11.713,19 manat əsas borc, 122,99 manat faiz borcu; xx.xx.2024cü il tarixə - 904,02 manat əsas borc, 0,00 manat faiz borcu hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 77.05 manat məbləğdə pulun alınıb BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" Azərbaycan MMC ilə Cavabdeh2 arasında bağlanmış 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə azalan balansla illik 27 % ödəmək şərtilə 12.000 (on iki min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Eləcə də bu borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə borclunun kreditor qarşısında öhdəliklərinin icrasının təmini kimi 25563/6 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişdir. Nəticədə cavabdehin BOKT “Viator Mikrokredit- Azərbaycan MMC-nə 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 manat borcu yaranmışdır. Bu səbəbdən də BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

8. İddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər, birinci instansiya məhkəməsi onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4672/2024 nömrəli qətnaməsi (hakim Ədil Məmmədov) ilə, iddianın təmin edilməsi, BOKT "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 25563/6 nömrəli, xx.xx.2022-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 (beş min yeddi yüz dörd) manat 63 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77 (yetmiş yeddi) manat 05 qəpik məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb, iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC-dən 36 ay müddətinə illik 27 % ödəmək şərtilə 12 000 (on iki min) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24 iyul 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyi lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir.

13. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddiaçının digər cavabdehlər, yəni zaminlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslıdır. İş materiallarından göründüyü kimi, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı Banka borcu yaranmışdır.

14. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarət olmuşdur ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 25563/6 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77.05 manat alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 472.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 357 və 360-cı maddələrinə istinad etmişdir.

16. Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4672/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi borcun məbləğinin dəqiq müəyyən edilməsi üçün heç bir tədbir görməmişdir. Sonradan onlara məlum olmuşdur ki, əsas borclu banka kifayət qədər pul ödəsədə, onun ödədiyi pulların çoxu tələb olunan məbləğdən çıxılmamışdır. Hesab edirlər ki, məhkəmə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etməli idi. İşə səthi yanaşan birinci instansiya məhkəməsi obyektivlikdən uzaq qərar qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Zamin kimi bizi əsassız varlanma və öhdəliyin icra edilməməsi ilə ittiham etsə də, o heç bir pul götürməmişdir. Bank qarşısında isə əsas borclu öhdəlik daşıyır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh1 məhkəmə iclasında ekspertizanın rəyi ilə razı olduğunu bildirdi, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

20. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, cavabdehlərə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər. Belə ki, bank tərəfindən pretenziya məktubu maliyyə arayaşı aldıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə göndərilmişdir. xx.xx.2022-ci il tarixli məktub pretenziya qaydasında qəbul edilə bilməz. Çünki, həmin məktub onlar tərəfindən deyil bank tərəfindən göndərilmişdir. Eyni zamanda, ekspert rəyi ilə razılaşmırlar. Ekspert rəyində heç bir əsaslandırma aparmamışdır və yalnız nəticə vermişdir. Çünki, borcun hesablanmasının hansı əsaslarla aparılması göstərilməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

31. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

41. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

46. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

48. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

53. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh1 qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

55. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

56. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı olan təşkilatdan 36 ay müddətinə illik 27 % ödəmək şərtilə 12.000 (on iki min) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, əsas borclu öhdəliklərini lazımınca icra etmədiyindən onun iddiaçıya borcu qalmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli xəbərdarlıqla cavabdehlərə müraciət edərək müqaviləyə əsasən iddiaçıya olan qalıq borcun ən zısa zamanda ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada bütün məcburi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

57. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri etibarsız olmamış və tərəflərin iradə ifadələrinə uyğun həqiqi hüquqi nəticələr yaratmışdır.

58. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.

59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

60. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

61. Zamana görə qüvvədə olan redaksiyasında Azərbaycan Respublikasının MM-in 739-cu maddəsində qeyd edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

62. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. (Zamana görə qüvvədə olan redaksiya).

63. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

64. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

65. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.

66. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

67. Birinci instansiya məhkəməsi cavabdehlərin öhdəliklərini yerinə yetirməməsini və iddiaçı olan təşkilata olan borclarını ödəməmələri ilə bağlı düzgün nəticəyə gəlsə də, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da borcun məbləğini düzgün müəyyən etməməklə iddianı tam şəkildə təmin etmişdir.

68. Məhkəmə iş materiallarını, tərəflərin təqdim etdiyi sübutları və hüquqi mövqeləri araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə müraciət olunmuş, həmin məktubda kredit müqaviləsi üzrə qalıq əsas və faiz borcunun qısa müddətdə ödənilməsi tələb edilmişdir. Bu xəbərdarlıqla iddiaçı öz iradəsini açıq şəkildə ifadə edərək müqavilə öhdəliklərinin pozulmasına istinad etmiş və vaxtından əvvəl icranı tələb etməklə müqavilənin ləğvinə dair iradə ifadəsini bəyan etmişdir.

69. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

70. İddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli yazılı müraciətdə qalıq borcun ödənilməsini tələb etmiş, xəbəralıqda qalıq borc dedikdə həmin tarixə yaranmış borcun ödənilməsinə dair qeyd daxil edilməmişdir. Həmin müraciətdə iddiaçı kreditor kimi qalıq borcun ödənilməsi tələb edilmiş, eyni zamanda öhdəliklərin icra olunmamasının hüquqi nəticələrinə (qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi) istinad etmişdir.

71. Azərbaycan Respublikası MM-in 421.2-ci maddəsinə görə, müqavilə yalnız qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda birtərəfli qaydada ləğv edilə bilər.

72. 421.3-cü maddəsinə əsasən isə, müqavilənin birtərəfli qaydada ləğvi barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunur.

73. Bununla yanaşı, 447.1-ci maddə kreditorun müqavilə şərtlərinin pozulması halında müqavilədən imtina etmək hüququnu təsbit edir və bu imtina barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqaviləyə xitam verilir.

74. Konstitusiya Məhkəməsinin xx.xx.2023 tarixli Plenum Qərarında da açıq şəkildə qeyd edilmişdir ki, müqavilədən imtina mexanizmi məhz iradə ifadəsinin qarşı tərəfə çatdırılması ilə hüquqi nəticə doğurur və bu, məhkəmədən kənar ləğvetmənin ümumi formasıdır. Yəni kreditor xüsusi olaraq “müqaviləni ləğv edirəm” ifadəsini işlətməsə də, müqavilə öhdəliklərinin pozulması əsasında borcun qaytarılmasını tələb etməsi və bu tələbə hüquqi nəticələr bağlaması (tədbirlərin görüləcəyini bəyan etməsi) artıq imtina iradəsi kimi qəbul olunmalıdır.

75. Buna görə də, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu sırf “ödəmə tələbi” yox, həm də müqavilənin bundan sonra qüvvədə saxlanılmayacağına dair açıq iradə ifadəsidir. Bu tarixdən sonra tərəflər arasındakı kredit münasibətləri artıq müqavilə əsasında davam edə bilməz, çünki müqavilə kreditorun birtərəfli imtina hüququnu həyata keçirməsi ilə ləğv olunmuş hesab edilir.

76. Göründüyü kimi, iddiaçı qalıq əsas borcun və faiz borcunun tələbi ilə cavabdehlərə müraciət etməklə müqavilənin ləğvinə dair iradə ifadəsini xx.xx.2022-ci il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən xx.xx.2022-ci il tarixdən sonra faizin və cərimənin hesablanmasını aparmaqda haqlı olmamışdır.

77. Məhkəmə tərəfindən borcun məbləğinin düzgün müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin xx.xx.2025-ci il tarixli, 9/2025 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanmış 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan kredit borcu: xx.xx.2022-ci il tarixə - 11.713,19 manat əsas borc, 122,99 manat faiz borcu; xx.xx.2024-cü il tarixə - 904,02 manat əsas borc, 0,00 manat faiz borcu hesablanmışdır.

78. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

79. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

80. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də cavabdehlərdən tutulmalı olan əsas borcun məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir.

81. Bundan əlavə, iddiaçının nümayəndəsi ekspert rəyinin əsassız olduğunu və yenidən ekspertiza keçirilməsini xahiş etmişdir.

82. Belə ki, hazırkı işdə təqdim olunmuş ekspert rəyinin nəticələri aydın, əsaslı və məhkəmənin qəbul etdiyi digər sübutlarla uyğunluq təşkil edir. İddiaçının vəsatətində isə mövcud rəyin elmi əsaslarının şübhə altına alınmasını və ya işin halları üçün qeyri-kafi olmasını təsdiqləyən heç bir arqument təqdim edilməmişdir. Beləliklə, yenidən ekspertiza təyin olunmasını tələb edən hüquqi və faktiki zərurət mövcud deyildir və vəsatət məhkəmənin protokol qərardadına əsasən rədd edilmişdir.

83. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

84. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

85. 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır.

86. 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

87. Eyni zamanda Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

88. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə əsas borcu olan cavabdeh arasında 28 iyul 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi 36 ay müdddətinə bağlanmış və həmin tarixdə zaminlərlə zaminlik müqaviləsi bağlanmışdır.

89. Əsas öhdəliyin müddəti üç il olmuş, müqavilə vaxtından əvvəl ləğv olunsa da zaminlik müqavilələri ləğv olunmamışdır ki, zaminliyin verilməsi müddətləri iddia irəli sürülən zaman ötməmişdir. Belə olan halda iddiaçı borcu zaminlərdən də tələb etməkdə haqlı olmuşdur.

90. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun zamin olan cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tutulması da əsaslıdır.

91. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı tam təmin etməsi düzgün deyildir. Çünki, müqavilə xx.xx.2022-ci il tarixdə kreditorun iradə ifadəsi ilə ləğv edildiyindən, bu tarixdən sonra faizlərin hesablanmasına yol verilə bilməz. Buna görə də yalnız 904,02 manat əsas borcun cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

92. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

93. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət 77,05 manat dövlət rüsumunun 12,21 manatı cavabdelərdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş 64,84 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.

94. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə iddiaçı və cavabdehlər tərəfindən hazırki qətnamədən hər iki tərəfə olan münasibətdə mübahisələndirilən hissələrdə 5000 (beş min) manatdan (iddiaçı – 4800.61 manat və cavabdehlər – 904,02 manat) az olduğundan kassasiya şikayəti verilə bilməz.

95. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4672/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 904,02 (doqquz yüz dörd manat iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 12,21 (on iki manat iyirmi bir qəpik) manat məbləğində pul alınaraq iddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar