Məhkəmə qərarları › İş №2(104)-525/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-525/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-525/2023 30.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 və cavabdeh (Abbasova (Quliyeva) Ülviyyə İlham qızının iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(066)-974/2022 nömrəli qətnaməsindən cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızına qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, 04 may 2021-ci il tarixli CP/46507/80/29 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdehdən 8997,70 manat əsas, 2186 manat faiz, 368,59 manat cərimə olmaqla, cəmi 11551,99 manat borc və ödənilmiş 125 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(066)-974/2022 nömrəli (hakim Ə.Kərimov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 may 2021-ci il tarixli CP/46507/80/29 nömrəli kredit müqaviləsi ləğv edilməsi; Cavabdeh 8997,40 manat əsas, 2186 manat faiz borcu, 5 manat cəırimə borcu olmaqla cəmi 11188,40 manat borc və 125 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin faiz və cərimə borcu hissəsində təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Abbasova (Quliyeva) Ülviyyə İlham qızı arasında bağlanmış 04 may 2021-ci il tarixli CP/46507/80/29 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24 faiz olmaqla 10000 manat kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və nəticədə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri icra etməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada ona məlumat verilməmiş və işə iştirakı olmadan baxılmışdır. Eləcədə birinci instansiya məhkəməsi ödəniş qəbzlərinə əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. Beləki, 10 ay müddətində ödənişlər etmiş, lakin ödənişlər əsas və faiz borcundan silinməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, işə baxılması barədə ona məlumat verilməmişdir. Kredit müqaviləsi üzrə 4 ay ödəniş etsədə, maddi imkanı olmadığından sonrakı ödənişləri edə bilməmişdir. Abbasova (Quliyeva) Ülviyyə İlham qızı sonda faiz və cərimə borcunun silinməsi, əsas borcun isə hissə-hissə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı müqavilə üzrə 4 ay ödəniş etsədə, lakin sonradan götürmüş olduğu öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış və nəticədə 8997,70 manat əsas, 2186 manat faiz, 368,59 manat cərimə olmaqla, cəmi 11551,99 manat borcu yaranmışdır. X1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən prosessual hüquq normalarının tələbi pozulmuşdur. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızına lazımi qaydada məlumat verilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində təsbit olunmuşdur. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. “K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 noyabr 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinın Plenumu qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi bir sıra qərarlarında işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməsinin və məhkəmə sənədlərinin rəsmi qaydada təqdim olunmasının hüquq və azadlıqların məhkəmədə müdafiəsinin təmin edilməsi baxımından əhəmiyyətinə dair hüquqi mövqelərini ifadə etmişdir. Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında bir daha vurğulamışdır ki, həmin mövqeləri nəzərə almayaraq, məhkəmələr tərəfindən oxşar səhvlərin buraxılması yolverilməz hesab edilir və prosessual qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2. maddəsinə görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddia tələbi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 04 may 2021-ci il tarixli CP/46507/80/29 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Abbasova (Quliyeva) Ülviyyə İlham qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 10000 manat kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Abbasova (Quliyeva) Ülviyyə İlham qızının 15 avqust 2022-ci il tarixə 8997,40 manat əsas, 2186 manat faiz, 368,59 manat cərimə olmaqla, cəmi 11551,99 manat borc yaranmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC ilə Abbasova (Quliyeva) Ülviyyə İlham qızı arasında 04 may 2021-ci il tarixli CP/46507/80/29 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 36 ay müddətinə illik 24 faiz olmaqla 10000 manat kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəlikləri kreditor yerinə yetirsə də, lakin borcalan Abbasova (Quliyeva) Ülviyyə İlham qızı götürmüş olduğu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditora 15 avqust 2022-ci il tarixə 8997,40 manat əsas, 2186 manat faiz, 368,59 manat cərimə olmaqla, cəmi 11551,99 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı apellyasiya şikayətində 10 ay ödəniş etməsini və borcun düzgün-hüsablanıb-hesablanmamasını müəyyən etmək üşün ekspertiza təyin olunmasını qeyd etsədə, lakin apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, cəmi 4 ay ödəniş etdikdən sonra maddi imkanının olmaması səbəbindən öhdəliyi icra edə bilməmişdir. Eləcədə, cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı apellyasiya icraatı zamanı faiz və cərimə borcunun silinməsini, əsas borcun isə hissə-hissə icra edilməsi barədə qəraer qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1. maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 449-cu maddəsinə görə isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Tərəflər arasında bağlanmış 04 may 2021-ci il tarixli CP/46507/80/29 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, borcalan götürdüyü kreditə görə illik 24 faiz ödəməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış 04 may 2021-ci il tarixli CP/46507/80/29 nömrəli kredit müqaviləsinin ləğvi, 8997,40 manat əsas, 2186 manat faiz borcunun tutulması hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cərimə borcuna münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalıdır. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya məhkəməsində işə baxılarkən tələb olunan 368,59 manat cərimə borcu 5 manat təmin olunsada, lakin kreditor həmin hissədə qətnaməni mübahisələndirməmişdir. Ona görə də kollegiya hesab edir ki, cərimə borcu qismən təmin edilməli, cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızından 5 manat alınıb İddiaçı ASC verilməli, hesablanmış cərimə borcu 363,59 manat hissədə təmin edilməməlidir. Borcun hissə-hissə ödənilməsinə dair cavabdehin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, borcun hissə-hissə ödənilməsi işin hazırkı mərhələsində təmin oluna bilməz. Hazırkı işin predmeti məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcun tutulmasından ibarətdir. Qətnamənin hissə-hissə icrasının isə ayrıca prosessual qaydası nəzərdə tutulmuşdur. Yəni, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılması ilə əlaqədar ödənilmiş 125 manat dövlət rüsumunun əvəzi cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızından alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(066)-974/2022 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı arasında bağlanmış 04 may 2021-ci il tarixli CP/46507/80/29 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızından 8997,40 manat əsas, 2186 manat faiz, 5 manat cərimə olmaqla, cəmi 11188,40 manat borc və ödənilmiş 125 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi 363,59 manat cərimə borcu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(066)-974/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızı arasında bağlanmış 04 may 2021-ci il tarixli CP/46507/80/29 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Abbasova (Quliyeva) Ülviyyə İlham qızından 8997,40 manat əsas, 2186 manat faiz, 5 manat cərimə olmaqla, cəmi 11188,40 manat borc və ödənilmiş 125 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi 363,59 manat cərimə borcu hissədə təmin edilməsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar