Məhkəmə qərarları › İş №2(104)-528/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-528/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-528/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3052/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onu söyüb-təhqir etdiyindən və ölümlə hədələdiyindən onun xeyrinə 10.000 manat məbləğində mənəvi zərərin tutulması və həmin məbləğin 5 000 manat hissəsinin X6 ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3052/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elsun Əhmədov) iddia qismən təmin edilmiş, mənəvi ziyana görə Cavabdeh 2000 (iki min) manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3052/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının sosial şəbəkələrdə onların barəsində sözlər yazmasına əhəmiyyət verməmişdir. Belə ki, iddiaçı onu sosial şəbəkələrdə biabır etsə də, o, onu heç bir sosial şəbəkələrə verməmişdir. Həm də, iddiaçını təhqir etdiyinə görə inzibati qaydada 50 manat cərimə olunmuşdur. Göründüyü kimi, qətnamə sübutlara yox sözlərə istinad edilmiş bir qətnamədir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, iddiaçının yoldaşı olan Xədicə Muradova onun qohumu olmaqla, onun vəfat etmiş əmisini öz statusunda təhqir etmiş və bu səbəbdən əsəbləşərək, iddiaçıya zəng edib təhqiramiz ifadələr işlətmişdir. Bununla belə, həmin ifadələrinə görə iddianın ona qarşı təmin edilməsini qanuni hesab etmir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3052/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh onun yoldaşının qohumudur və heç bir səbəb olmadan 22 iyun 2022-ci ildə ********** nömrəli mobil nömrədən ona zəng edərək, onu avtomobillə vurub öldürəcəyi ilə hədələmiş, o cümlədən ona, onun vəfat etmiş atasına, müəllimə işləyən anasına, bütövlüklə ailəsinə qarşı təhqiramiz söyüşlər işlətmişdir. Bununla bağlı şikayət etsə də, Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X2 12 iyul 2022-ci il tarixli HK 1 /2543 nömrəli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 3052/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3052/2022 saylı qətnaməsi iddianın qismən təmin edilmiş, mənəvi ziyana görə Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməli və mənəvi ziyana görə Cavabdeh 500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3052/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində iddianın qismən təmin edilmiş 2000 manat hissəsini mübahisələndirmişdir. Qətnamənin təmin edilməmiş hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınlar və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 1820 saylı, 25 iyul 2022ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla, Bərdə şəhəri, ünvan 1 ünvanında müvəqqəti məskunlaşıb. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 12 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/2543 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh İddiaçı söyüb təhqir etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarda qeyd olunmuşdur ki, «….Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır…» Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hərəkətləri ilə iddiaçı dərin sarsıntı, iztirab keçirmiş, mənəvi təhqirə məruz qalmışdır. Bununla da, İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərər yetirilmişdir. Belə ki, cavabdehin telefonda təhqiramiz söyüşləri onun şüuruna pis təsir göstərməklə, mənfi psixoloji reaksiyaya və onun iztirab çəkməsinə səbəb olmuşdur. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası MM-nin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir. İddiaçı tərəfindən verilmiş CD diski məhkəmə kollegiyasında dinlənilmiş və cavabdeh tərəfindən iddiaçını və ailəsini ağır söyüşlərlə təhqir etməsi öz təsdini tapmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı və işin sair diqqətəlayiq halları nəzərə alaraq, hesab edir ki, birinci intansiya məhkəməsi mənəvi zərərin miqdarının 2000 manat məbləğində müəyyən edilməsi barədə nəticəsində haqlı olmamışdır. Məhkəmə kollegiyası, zərərvuran şəxsin əmlak vəziyyətinin yaxşı olmasına dair mötəbər sübutların təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, iddiaçıya vurulan mənəvi zərərin miqdarı 500 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3052/2022 saylı qətnaməsi iddianın qismən təmin edilmiş, mənəvi ziyana görə Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməli və mənəvi ziyana görə Cavabdeh 500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3052/2022 saylı qətnaməsi iddianın qismən təmin edilmiş, mənəvi ziyana görə Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin və mənəvi ziyana görə Cavabdeh 500 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar