Məhkəmə qərarları › İş №2(104)-528/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-528/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-528/2024 28.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi , İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 saylı mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan 22 fevral 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 13000 manat məbləğində borc pul verilmişdir. Cavabdeh iddiaçıdan aldığı 13000 manat pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci tarixli 3M-122 reyestr nömrəli kredit müqaviləsinə, tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli əlavə dəyişikliyə əsasən borc verənin razılığı ilə müqavilənin müddəti 1 il yəni, xx.xx.2023-cü il tarixədək artırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13000 manat borcun və ödənilmiş 129 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır, ona pula ehtiyacı olduğunu bildirib 13000 manat pul istəmiş və 2 ay müddətinə qaytaracağını bildirmişdir. İddiaçı da ona inanaraq xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında Gəncə şəhər 3 saylı Notariat Ofisində 13000 manat pulu cavabdehə vermişdir. Lakin, cavabdeh öhdəlik götürdüyü müddətdə pulu qaytarmamış, ondan kredit müqaviləsinə dəyişiklik etməyini xahiş etmiş, müqavilədə müddətin bir il yazılmasını, lakin bir ildən tez bir müddətdə pulu qaytaracağını bildirmişdir. İddiaçı da onunla razılaşmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə dəyişiklik müqaviləsi bağlanmış, müqavilədə pulun xx.xx.2023-cü il tarixədək qaytaracağını qeyd etmişdir. Lakin, həmin vaxtdan dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh onun pulunu qaytarmamışdır, son vaxtlar pulunu tələb etdikdə onu hədələmiş, sonradan isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 saylı mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddianın təmin edilməsi, Cavabdeh 13000 (on üç min) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 (bir yüz on) manat və ödənilmiş dövlət rüsumuna görə 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin edərkən Mülki Məcəllənin 739 və 740-cı maddələrinə əsalanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edib iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona 22393 manat pul qaytarmaq şərtilə 20000 manat pul vermişdir. Bunun müqabilində 20000 manatlıq qızıl əşyalarını iddiaçıya girov qoymauşdur. Həmin məbləğdən ümumilikdə 4813 manat pulu iddiaçıya qaytarmışdır. İddaiçı onun məlumatı olmadan girov qoyduğu qızılları öz deməsinə görə qızılın qiymətindən çox aşağı olmaqla 8812 (səkkiz min səkkiz yüz on iki) manata satmışdır. 20.000 (iyirmi min) manatdan 8812 (səkkiz min səkkiz yüz on iki) manat çıxılsa 11188 (on bir min yüz səksən səkkiz) manat borc qalır. Onun iddiaçıya 6375 (altı min üç yüz yetmiş beş) manat borcu qalır. Lakin, məhkəmə tərəfindən işə baxılarkən iddiaçı ilə onun arasında bağlanılmış müqavilələr ətraflı araşdırılmadan yalnız iddiaçının təqdim etdiyi müqavilə və izahatları əsas götürülərək sözügedən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı Cavabdeh notarial qaydada tərtib edilmiş kredit müqaviləsinə əsasən 13000 manat borc vermişdir. Tərəflər arasında borc münasibətlərinin mövcud olması işin mübahisəsiz halıdır. Belə ki, borc verən İddiaçı götürdüyü öhdəlikləri tam icra edərək, 13000 manatı xx.xx.2022-ci il tarixədək sonra isə müqavilənin icra müddətini uzadaraq xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə borc alan Cavabdeh mülkiyyətinə vermiş, lakin, cavabdeh isə öhdəliklərini icra etməmiş, borcu qaytarmamışdır. Belə olan halda iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəmə iddia tələbini təmin etmişdir. Apellyator şikayətində iddiaçıya onun iddia etdiyi məbləğdə borcunun olmadığını iddia etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Koolegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 106.1-ci maddəsinin tələblərinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya göstərir ki, Cavabdeh apellyasiya şikayətində iddiaçıya onun iddia etdiyi məbləğdə borcunun olmadığını göstərmiş, ancaq sözügedən kredit müqavıləsi üzrə iddiaçıdan 13000 manat məbləğində borc aldıqdan sonra, həmin kredit müqavıləsi üzrə aldığı borcdan hansısa məbləğdə ödəniş etdiyi barədə apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, işin apellyasiya baxışı zamanı da məhkəməyə gəlməmişdir. Həmçinin 20000 manat dəyərində qızıl zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya girov qoyulması barədə tərəflər arasında bağlanmış hansısa müqavilənin movcudluğu barədə işdə heç bir sübut yoxdur. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh şikayətində yalnız formal mülahizələrə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, irəli sürülən iddianın təmin edilməsi üşün qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət omaqla, iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 saylı mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar