Məhkəmə qərarları › İş №2(104)-53/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-53/2023

24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-53/2023 24.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkilləri X3, Cavabdeh1 hüquqi varisi X2 və cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı 12496 manat maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(042)-151/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 20 noyabr 2019-cu il tarixli, 26578 saylı Ekspert Rəyinin surətindən görünür ki, Ekspertiza Mərkəzinə təqdim edilmiş 136 adda əmlakın dəyəri 12496 manat təşkil edir.

2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)151/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilməsi və Cavabdeh1 ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətə olduğuna görə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.

3. Həmin cinayət işinin materiallarına əlavə edilmış və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 20 noyabr 2019-cu il tarixli, 26578 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mağazalarda və və digər avadanlıqraının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ekspertizaya təqdim edilməyən 136 adda tədiqiqat obyektlərinin, 31 avqust 2019-cu il tarixə, qərarın təsviri hissəsində olan məlumatlara əsasən, respublika daxili orta bazar satış ümumi qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 12496,00 manat müəyyən edilir. O cümlədən: İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1245,00 manat; Ruxsarə Vəliyevaya məxsus 22 adda əmlak üzrə 2494,00 manat; Nurəddin Vəliyevə məxsus 10 adda əmlak üzrə 585,00 manat; Ozal Vəliyevə məxsus 16 adda əmlak üzrə 875,00 manat; Aqşin Əliyevə məxsus 16 adda əmlak üzrə 918,00 manat; İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983,00 manat; Elgün əliyevə məxsus 10 adda əmlak üzrə 568,00 manat; Hüsniyə Əliyevaya məxsus 10 adda əmlak üzrə 817,00 manat; ümumi istifadədə olan 31 adda əmlak üzrə 4011,00 manat. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-85/2021 nömrəli qərarından görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayəıt işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. AZ-İİ seriyalı, 045516 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 05-ci ayının 07-ci günündə 04 nömrə ilə qeyd edilmişdir.

6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh1 adına reyestrdən çıxarış tərtib edilməmişdir.

7. Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1737 nömrəli məktubundan görünür ki, mərhum 20 may 2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 Mastan oğlundan miras qalmış əmlaka dair Gədəbəy rayonu notariat ofisində övladı ünvan 1 ünvanda qeydiyyatda olan X2 ərizəsi əsasında 19 aprel 2022-ci il tarixdə 8V-224 reyestrdə qeydə alınmış vərəsəlik işi açılmışdır. Mirasın qəbulu üçün digər vərəsələrin müraciəti qeydə alınmamışdır.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-264/2022 nömrəli qərardadı ilə Cavabdeh1 hüquqi varisi qızı X4 tanınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onlara dəymiş 12496 manat maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 ilə onlar arasında mülki mübahisələri olmuşdur. xx.xx.2019-cu il tarixdə onların yaşadıqları evin damına gizlətmiş olduğu 16 kalibrli “VİİK” modelli tüfənglə R.Əliyevanı və A.Əliyevi öldürmək məqsədi ilə güllə atmış və nəticədə R.Əliyevanın sağ qıçına və sağ qoluna oğlunun isə belinin omba hissəsinə qırma dolmuşdur. Bununla kifayətlənməyən Cavabdeh1 əvvəlcədən almış olduğu benzinlə dolu kapron qabda olan benzini onların yaşadıqları otağa və evin ikinci mərtəbəsinə tökərək yandırmışdır. Nəticədə onlara və azyaşlı uşaqlarına aid olan geyim məişət və qızıl əşyaları yanıb məhv olmuşdur. Cavabdeh1 törətmiş olduğu cinayət əməlinə görə AR CM-nin 29,120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29.120.2.9, 134 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə anlaqsız hesab olunaraq Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsi əsasən tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Həmin cinayətinin istintaqı zamanı ekspert cəlb edilmiş, xx.xx.2019-ci il tarixdə ekspert rəyinə əsasən ümumilikdə onlara 12496 manat ziyan dəyməsi barədə rəy verilmişdir. Həmin cinayət işinin istintaqı zamanı mülki iddia hissəsi qeyd edilməmişdir.

11. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 anlaqsız hesab edilmiş və yalnız ondan sonra Cavabdeh1 qəyyumu olmuşdur. Cavabdeh1 isə həmin əməli qərardan əvvəl törətmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

12. Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(042)-151/2021 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddianın təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, Cavabdeh1 həmin hadisəni törətdikdən sonra cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Yəni, həmin vaxt onun törətdiyi əmələ görə özü cavabdehlik daşımışdır. Cavabdeh1 yalnız cinayət işinin gedişi zamanı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(042)- 5/2020 saylı qərarı ilə prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, qızı Qanuni nümayəndə ona qanuni nümayəndə təyin edilmişdir. Qanuni nümayəndə Məstan qızı hadisə törədildikdən sonra Cavabdeh1 qanuni nümayəndə təyin edildiyindən onun təqsiri və hadisəyə görə məsuliyyət daşıması qanunda nəzərdə tutulmamışdır.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1105.1 və 1105.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 49.3, 49.4, 72.1, 216-227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(042)-151/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə, prosessual hüquq normasının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə göstərilir ki, Cavabdeh1 həmin hadisəni törətdikdən sonra cinayət prosesuai faaliyyət qabiliyyət olmayan şaxs hesab edilmişdir. Yəni, həmin vaxt qanuni nümayəndə yox onun özü məsuliyyət daşıyırdı. Bildirirlər ki, bu gün X5 adına daşınmaz əmlak kimi torpaq sahəsi vardır. Bu torpaq sahəsi ilə bağlı Cavabdeh1 yox onun qanuni nümayəndəsi sərəncam verə bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh1 hüquqi varisi X4 və qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz barədə məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi və Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(042)-151/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

18. Etiraz onunla əsaslandırılmışdır ki, maddi zərərin Cavabdeh1 31 Avqust 2019-cu il tarixdə törətdiyi cinayət əməli nəticəsində yarandığı və 20 Noyabr 2019-cu il tarixli ekspert rəyi ilə təsdiqləndiyi göstərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 Oktyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 anlaqsız hesab edilmişdir və yalnız bundan sonra o cavabdehin qəyyumu (qanuni nümayəndəsi) təyin edilmişdir. Yəni, maddi zərərlə nəticələnən törədilərkən o Cavabdeh1 qayyumu olmamışdır. Digər tərəfdən qanunvericilikdə qəyyum və ya himayəçinin qəyyumluğunda və ya himayəsində olan şəxsin vurduğu zərərə görə məsuliyyəti nəzərdə tutulmamışdır. Buna görə də Apellyasiya şikayəti təmin edilməməlidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv, iddianın təmin edilməsinə dair yeni qətnamə şıxarılmasını xahiş etmişlər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X8 şikayətinin dəlillərini müdafiə edərək və iddiaçıların göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə şıxarılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 hüquqi varisi X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 qanuni nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, cavabdehin qanuni nümayəndəsi olmuşdur və qanunvercilikdə nümayəndənin qəyyumluğunda və ya himayəsində olan şəxsin vurduğu zərərə görə məsuliyyət daşıması nəzərdə tutulmamışdır.

23. İş üzrə İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16]

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1105.1. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər.

30. Maddə 1105.2. Qəyyumun və ya nəzarət etməli təşkilatın fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs tərəfindən vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinə həmin şəxsin sonradan fəaliyyət qabiliyyətli sayıldığı halda xitam verilmir.

31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

33. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

34. Maddə 7.0.36. Zərər - cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır.

35. Maddə 12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.

36. Maddə 87.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır.

37. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

46. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

47. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

48. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

52. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

54. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

55. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, "Üzvi mənşəli şəxsiyyət pozuntusu" dekompensasiya vəziyyətində olmuş mərhum Cavabdeh1 31 avqust 2019-cu il tarixdə, saat 12 radələrində tamah məqsədilə İddiaçı1, X7, X18, xx.xx.2013-cü il təvəllüdlü azyaşlı X12, İddiaçı2, X19, X13 öldürüb sonuncuların yaşadıqları rayonun Arısu kəndində yerləşən fərdi yaşayış evinə sahiblənmək kimi maddi mənfəət əldə etməklə əlaqədar həmin fərdi yaşayış evini benzin vasitəsilə yandırmış və nəticədə iddiaçılara maddi ziyan dəymişdir. Həmçinin, cavabdeh cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. Cavabdeh1 həmin əməlinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı ilə, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilməsi və Cavabdeh1 ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətə olduğuna görə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Həmin hökmdən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(104)-85/2021 saylı qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəsini almışdır.

56. İşin qeyd olunan halı qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiqini tapır. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı ilə müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin yanması nəticəsində yaranmış qüsurların aradan qaldırlması üçün aparılmalı təmir-tikinti işləri ilə bağlı İddiaçı1, Ruxsarə Vəliyevaya və İddiaçı2 birlikdə cəmi 6804,0 manat, həmçinin ayrı-ayrılıqda İddiaçı1 məxsus 10 adda əşyaların, yəni 1 ədəd dəri kurtkanın, 1 ədəd dəri yaz qurtkanın, 4 ədəd yupkanın, 5 ədəd qış koftanın, 6 ədəd yay koftasının, 4 ədəd yaylığın, 2 cüt dəri sabaşkinin, 3 cüt dəri ayaqqabının, 6 cüt corabın, 1 ədəd 583 əyarlıq, 10 qramlıq qızıl üzüyün yanması nəticəsində cəmi 1245,0 manat, Ruxsarə Vəliyevaya məxsus 22 adda əşyaların, yəni 1 cüt 4 qramlıq, 583 əyarlıq, qızıl sırğanın, 1 ədəd 5 qramlıq, 583 əyarlıq qızıl bilərziyin, 1 ədəd 5 qramlıq, 583 əyarlıq, qızıl üzüyün, 1 ədəd 6 qramlıq, 583 əyarlıq qızıl sepin, 1 ədəd cins jiletin, 1 ədəd ipək jiletin, 1 ədəd yun jiletin, 1 ədəd pambıq jiletin, 2 ədəd dəri kurtkanın, 2 cüt dəri sabaşkinin, 2 cüt idman krasovkasının, 4 ədəd cins şalvarın, 5 ədəd idman şalvarının, 20 ədəd uzunqol qış koftasının, 15 ədəd qısaqol yay koftasının, 5 ədəd tumanın, 4 ədəd lifcikin, 3 ədəd boğaz şərfinin, 20 cüt corabın, 3 ədəd şərfin, 3 ədəd papağın, 3 ədəd sumkanın, 2 ədəd qol saatının, 3 ədəd ətirin, 1 dəst komplekt pudranın yanması nəticəsində cəmi 2494,0 manat, X14 məxsus 10 adda əşyaların, yəni 2 ədəd dəri qurtkanın, 1 cüt dəri sabaşkinin, 1 cüt dəri ayaqqabının, 3 ədəd yun uzunqol koftanın, 3 ədəd rubaşkanın, 2 ədəd qış jiletinin, 2 ədəd tumanın, 2 ədəd maykanın, 5 cüt cins şalvarın yanması nəticəsində cəmi 585,0 manat, Ozal Vəliyevə məxsus 16 adda əşyaların, yəni 10 ədəd uzunqol qış köynəyinin, 15 ədəd uzunqol rubaşkanın, 8 ədəd qısaqol rubaşkanın, 5 ədəd maykanın, 5 ədəd trusikin, 2 ədəd qış kurtkasının, 2 ədəd yaz qurtkasının, 8 ədəd cins şalvarın, 1 dəst məktəbə geyinmək üçün 1 ədəd rubaşkanın, 1 ədəd pencəyin, 1 ədəd şalvarın, 3 cüt dəri əyaqqabının, 2 cüt dəri sabaşkinin, 5 ədəd papağın, 3 ədəd kepkanın, 10 cüt corabın, 1 ədəd məktəb sumkasının, 2 ədəd jiletin yanması nəticəsində cəmi 875,0 manat, Aqşin Əliyevə məxsus 16 adda əşyaların, yəni 2 ədəd dəri qış qurtkasının, 2 ədəd dəri yaz qurtkasının, 6 ədəd cins şalvarın, 5 ədəd qısaqol köynəyin, 7 ədəd uzunqol koftanın, 2 cüt dəri sabaşkinin, 1 cüt krasovkanın, 2 cüt dəri ayaqqabının, 5 ədəd maykanın, 5 ədəd papağın, 5 cüt corabın, 3 ədəd tumanın, 3 ədəd maykanın, 2 ədəd qol saatının, 1 ədəd "Samsung J5" markalı mobil telefonunun, 2 ədəd 4 qramlıq, 583 əyarlıq sepin yanması nəticəsində cəmi 918,0 manat, İddiaçı2 məxsus 11 adda əşyaların, yəni 5 ədəd qolsuz koftanın, 6 ədəd qış koftasının, 5 ədəd cins şalvarın, 1 ədəd yay qurtkasının, 1 ədəd dəri qış kurtkasının, 4 ədəd yubkanın, 1 ədəd dəri sabaşkinin, 2 cüt dəri ayaqqabının, 5 cüt corabın, 4 ədəd maykanın, 1 ədəd 5 qramlıq, 583 əyarlıq qızıl üzüyün yanması nəticəsində cəmi 983,0 manat, Elgün Əliyevə məxsus 10 adda əşyaların, yəni 5 ədəd qısaqol rubaşkanın, 4 ədəd uzunqol koftanın, 3 ədəd şalvarın, 1 ədəd yay kurtkasının, 1 ədəd qış qurtkasının, 1 ədəd dəri sabaşkinin, 2 ədəd dəri ayaqqabının, 6 cüt corabın, 4 ədəd maykanın, 1 ədəd 2 qramlıq 583 əyarlıq qızıl bilərziyin yanması nəticəsində cəmi 568,0 manat, Hüsniyə Əliyevaya məxsus 10 adda əşyaların, yəni 5 ədəd qısaqol koftanın, 6 ədəd uzunqol qış koftasının, 7 ədəd cins şalvarın, 1 ədəd yay kurtkasının, 1 ədəd dəri qış kurtkasının, 2 cüt dəri sabaşkinin, 3 cüt dəri ayaqqabının, 7 cüt corabın, 5 ədəd maykanın, 1 ədəd 4 qramlıq 583 əyarlıq qızıl sepin yanması nəticəsində cəmi 817,0 manat, ümumi istifadədə olan 31 adda əşyaların, yəni 1 ədəd "LG" markalı televizorun, 1 ədəd krosnu antenanın, 1 ədəd “Samsung” markalı paltaryuyanın, 1 ədəd "Samsung" markalı soyuducunun, 1 ədəd şkafın, 1 ədəd iki nəfərlik çarpayının, 1 ədəd tumbuçka və güzgünün, 1 ədəd stolun, 6 ədəd stulun, 2 ədəd sandığın, 2 ədəd taxta çarpayının, 100 ədəd tarelkanın, 150 ədəd boşqabın, 100 ədəd xrustal stəkanın, 50 ədəd nəlbəkinin, 5 ədəd çaynikin, 5 ədəd qazanın, 150 ədəd xörək qaşığının, 50 ədəd çay qaşığının, 60 ədəd çəngəlin, 6 ədəd xrustal meyvə qablarının, 7 ədəd xrustal ləpə qabının, 30 ədəd xrustal mürəbbə qabının, 25 ədəd kasanın, 5 ədəd sininin, 10 ədəd xrustal qrafinkanın, 10 ədəd yun döşəyin, 10 ədəd yun yorğanın, 15 ədəd yastığın, 30 ədəd yun döşəyin, 4 ədəd gəvənin yanması nəticəsində İddiaçı1, Ruxsarə Vəliyevaya və İddiaçı2 cəmi 4011,0 manat maddi ziyan, Ruxsarə Vəliyeva ilə İddiaçı2 məxsus pulların yanması nəticəsində sonunculara 3600 manat - cəmi İddiaçı1, İddiaçı3, Xəyalə Əlyevaya, Nurəddin Vəliyevə, Hüsniyə Əliyevaya, Ozal Vəliyevə, Aqşin Əliyevə və Elgün Əliyevə birlikdə 22900 manat məbləğində ziyan vurulmuşdur.

57. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin bu halı nəzərə alınmamışdır.

58. Halbuki, Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

59. Həmçinin, iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1737 nömrəli məktubundan görünür ki, mərhum 20 may 2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 Mastan oğlundan miras qalmış əmlaka dair Gədəbəy rayonu notariat ofisində övladı ünvan 1 ünvanda qeydiyyatda olan X2 ərizəsi əsasında 19 aprel 2022-ci il tarixdə 8V-224 reyestrdə qeydə alınmış vərəsəlik işi açılmışdır. Mirasın qabulu üçün digər vərəsələrin müraciəti qeydə alınmamışdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 ölümündən sonra vərəsəlik işi açılmış və sonuncun mirasını X4 qəbul edərək vərəsəsi olduğundan hüquqi varisi qismində cəlb edilmişdir. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

61. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mərhum Cavabdeh1 tərəfindən cinayət əməli üzrə iddiaçılara maddi ziyan vurulduğundan, həmin ziyan məbləğinin vərəsələrdən tutulması əsaslıdır.

62. Bundan sonra məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara dəymiş maddi ziyana görə cavabdehin hüquqi varisindən tutulacaq pul iddia həcmində deyil, hər bir iddiaçıya dəymiş ziyan məbləğində müəyyən edilməlidir. Belə ki, yuxarıda göstərilən cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 noyabr 2019-cu il tarixli, 26578 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mağazalarda və və digər avadanlıqraının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ekspertizaya təqdim edilməyən 136 adda tədqiqat obyektlərinin, 31 avqust 2019-cu il tarixə, qərarın təsviri hissəsində olan məlumatlara əsasən, respublika daxili orta bazar satış ümumi qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 12496,00 manat müəyyən edilir. O cümlədən: İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1245,00 manat; Ruxsarə Vəliyevaya məxsus 22 adda əmlak üzrə 2494,00 manat; Nurəddin Vəliyevə məxsus 10 adda əmlak üzrə 585,00 manat; Ozal Vəliyevə məxsus 16 adda əmlak üzrə 875,00 manat; Aqşin Əliyevə məxsus 16 adda əmlak üzrə 918,00 manat; İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983,00 manat; Elgün əliyevə məxsus 10 adda əmlak üzrə 568,00 manat; Hüsniyə Əliyevaya məxsus 10 adda əmlak üzrə 817,00 manat; ümumi istifadədə olan 31 adda əmlak üzrə 4011,00 manat. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir.

63. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

64. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

65. Göründüyü kimi, İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1245,00 manat Ruxsarə Vəliyevaya məxsus 22 adda əmlak üzrə 2494,00 manat İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983,00 manat məbləğində zərər dəymişdir. İddia tələbinin digər hissəsi üzrə olan məbləğ isə iddiaçılara deyil, başqa şəxslərə münasibətdə dəymiş maddi ziyan məbləğidir və həmin ziyan tələb olunmamışdır. İddiaçılar onlara dəymiş ziyanı tələb etmişlər.

66. Məhkəmə kollegiyası həmçinin bir xüsusatı da qeyd edir ki, cavabdeh öldüyündən cinayət işi üzrə qanuni nümayəndəsi olmuş Qanuni nümayəndə hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Çünki, sonuncu Cavabdeh1 vərəsəliyini qəbul etməmiş və qanunvericilikdə isə ölmüş şəxsin qanuni nümayəndəsinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmamışdır.

67. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

68. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

69. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

70. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

73. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

74. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

75. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehin hüquqi varisindən iddiaçıların xeyrinə, 100 manat ekspertiza xərci isə cavabdehin hüquqi varisindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

76. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın təmin olunan hissəsi 1245+2494+983=4722 manat olmaqla beş min manatdan az olduğu üçün) cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.2, 385.2, 392, 393, 402.1, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(042)-151/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 hüquqi varisi X1 1245 (bir min iki yüz qırx beş) manat alınıb İddiaçı1, 2494 (iki min dörd yüz doxsan dörd) manat alınıb iddiaçı X9, 983 (doqquz yüz səksən üç) manat alınıb İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 hüquqi varisi X1 ödənilmiş dövlət rüsumu olan 30 (otuz) manat pul alınaraq iddiaçılar İddiaçı1, X9 və İddiaçı2 verilsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 100 (bir yüz) manat pul Cavabdeh1 hüquqi varisi X1 tululub SAP (XİİS), X10, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh tərəf kassasiya şikayəti verə bilməz. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar