Məhkəmə qərarları › İş №2(104)-531/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-531/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-531/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2024-cü il tarixli 2(021)-4306/2024 nömrəli qərardadından İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı məhkəməyə kiçik mübahisələrə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1290 manat, faiz borcuna görə 256,84 manat, cərimə borcuna görə 134,38 manat, cəmi 1681,22 manat məbləğində borcun və 36.82 manat məbləğində dövlət rüsumunun İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2024-cü il tarixli 2(021)-4306/2024 nömrəli qərardadı ilə (hakim Bayram Məhərrəmov) İddiaçı X1-Bank Kredit Təkilatının Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı X1-Bank Kredit Təşkilatı şikayət verərək qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi MPM-nin 149.2.4-cü maddəsinə istinadən o halda geri qyatrıla bilər ki, mübahisənin həlli ilə bağlı qanunla və ya müqavilə ilə pretenziya qaydası nəzərdə tutulsun. Hazırkı mübahisə fiziki şəxslə kredit təşkilatı arasında yaranmış mülki xarakterli mübahisədir. Bu növ mübahisələrə isə qanunla mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəməyə təqdim edilmiş və mübahisənin yaranmasına əsas olan müqavilədə də pretenziya qaydası nəzərdə tutulmamışdır. Hətta bu qəbildən olan şübhələrə yol verməmək üçün kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göründüyü kimi nə müqavilə ilə, nə də qanunla məhkəməyə qədər mübahisələrin həlli qaydası nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq və bu halın iri vergi ödəyicisi və tam xarici investisiyalı hüquqi şəxs kimi sahibkarlıq fəaliyyətinə ciddi əngəl törətdiyini bildirir. Bərdə Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(021)-4306/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə təkrarən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi, iddia ərizəsinin forma və məzmunu ilə bağlı bir sıra tələblər və.s kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı X1-Bank Kredit Təkilatı qeyd olunan maddənin tələblərinə əməl etməyərək, ərizəsinə MPM-nin 149.2.4-cü maddəsində göstərilən sənədi əlavə etməmişdir. İddiaçı X1 Bank Kredit Təkilatı ilə Cavabdeh arasında 04 avqust 2023-cü il tarixli kedit müqaviləsi 18 ay müddətinə bağlanmışdır, hal-hazırda müqavilənin müddəti bitməmişdir, lakin iddiaçı müqavilə üzrə bütöv məbləği tələb etmişdir, Cavabdeh borc məbləğinin ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilməmiş, əgər belə bir bildiriş göndərilmişdirsə də, göndərilməsi barədə hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə edilir. İstinad edilən maddənin məzmunundan aydın olur ki, cavabdehlə mübahisənin məhkəməyəqədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsinə əlavə edilməsi yalnız o halda məcburidir ki, bu, müqavilə ilə və ya həmin kateqoriya işlər üzün qanunla nəzərdə tutulmuş olsun. Pretenziya qaydasına riayət edilməsinin məcburiliyi qanunda və ya tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmadığı halda, həmin qaydaya riayət edilməsi barədə məlumatın iddia əizəsinə əlavə edilməsi iddiaçının öz mülahizəsindən asılıdır. Hazırkı işdə kreditor borcalandan kredit müqaviləsi üzrə borcun qaytarılmasını tələb edir ki, mülki qanunvericilikdə bu növ mübahisələr üzrə mübahisənin məhkəməyəqədər (pretenziya) qaydada nizama salınması qaydası məcburi hal kimi nəzərdə tutulmamışdır. O cümlədən, tərəflər arasında bağlanmış müqavilədə də belə bir qayda mövcud deyildir. Əksinə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmaqda haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin MPM-nin 149-150-ci maddələrinə uyğunluğunu yoxlamalı və əgər iddia ərizəsi həmin maddələrin tələblərinə cavab verdiyi təqdirdə, bundan sonra MPM-nin 156-cı maddəsinin tələbləri baxımından iddianın icraata qəbul edilməsi məsələsini həll etməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 149-150, 263- 264, 267, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2024-cü il tarixli 2(021)-4306/2024 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə təkrarən baxılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar