Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-532/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(021)-2951/2022 nömrəli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı iddia Bərdə Rayon Məhkəməsinə ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4730 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4730 manat pulun və 66 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onunla həmkəndlidir. Cavabdeh1 keçən müddət ərzində ondan müxtəlif vaxtlarda borc pul almışdır. O cavabdehlərə borclu olduğu ümumilikdə 4730 manat pulun qaytarılmasını tələb etməyinə baxmayaraq borcunu ödəməkdən müxtəlif bəhanələr edərək yayınır. Ona görədə məcbur olub məhkəməyə müraciət etməli olub. Cavabdeh Elbarisə borc pul verilməsinə digər cavabdehlər Cavabdeh3 və X2 zamin durmuşlar ki, cavabdeh Elbaris pulu qaytarmasa onlar pulu ödəyəcəklər. Ondan mebel alanda nəğd şəkildə aldığı 3000 manat, 2 baş quzu hər birinin dəyəri 200 manat cəmi 400 manat, mal əti alanda 300 manat, 40 ədəd yonca presi hər birinin qiyməti 5 manat olmaqla 200 manat, sement hər birinin dəyəri 8 manat olmaqla 80 manat, 10 kisə kəpək hər birinin qiyməti 7 manat olmaqla 70 manat, 100 kilo arpa bir kilosu 0,70 qəpik olmaqla 70 manat, 50 ədəd kubik hər birinin qiyməti 0,70 manat cəmi 35 manat, ayaq qabı biri cütü 50 manat, evinə gələn qaz kəsiləndə 50 manat, avroma 100 ədəd 50 manat, Məhəbbəti imtahana aparanda 40 manat, Mərhəməti komisarlığa aparanda 60 manat, Mərhəmət opuskaya gələndə 40 manat, Mehtili kəndinə gedəndə 15 manat, Bərdəyə dəmir almağa gedəndə 40 manat, Bərdəyə yenə gedəndə 60 manat, arvadı Məhpubə 100 manat, mebel ustasına 70 manat olmaqla cəmi 4730 manat. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir.
5. Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(021)-2951/2022 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 3000 (üç min) manat və 50.00 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 16 manat hissəsinin İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 ona 3000 manat borclu olduğunu kifayət qədər sübut edə bilmiş, lakin digər xırda xərclərlə bağlı tutarlı sübutları məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə iddiasını əsaslandıra və sübut edə bilməmişdir. Belə ki, iddiaçının iddia ərizəsində tələb etdiyi 4730 manatın 3000manatını məhkəmə araşdırması zamanı hər iki tərəfi tanıyan kənd sakinləri təsdiq etmişlər. Qalan 1730 manat isə öz təsdiqini tapmamışdır.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386.1, 389.1, 739.1, 740 və Mülki Prosessual Məcəlləsinin 14.2, 62.1, 76.1, 77.1, 88 və 106.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(021)-2951/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi araşdırmalı olduğu halları araşdırmamışdır. Qətnamədə sübutlar sadalanmaqla kifayətlənmiş, sahid ifadələrinin məzmunu şərh edilməməli, sübutlar əlaqələndirilməmiş, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri göstərilməmişdir. Qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, o iddiaçıdan borc pul almamışdır. Şahid ifadələri ziddiyyətli olmaqla iddiaçı tərəfin təqdim etdiyi şəxslərdir. Onun qizi iddiaçının evinə gəlin köşmüş, münasibətlər pozulmuş və ayrılmışlar. İddiaçı ona böhtan atır. Ona görə də qətnamənin təmin olunan hissəsinin ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında dindirilmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İddiaçı kollegiyanın sualına cavab olaraq bildirmişdir ki, o, cavabdehə verdiyi pulu qohumu Xəlildən almış və həmin pul 100 manatlıqlar olmaqla, 3000 manat olmuşdur. Pulu dəyişməmiş, həmin qaydada cavabdehə vermiş, qəbz və ya izahat almamışdır. Verilmiş suala cavabda isə bildirmişdir ki, həmin məbləğin hamısı 100 manatlıq olmuşdur.
13. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Cavabdeh3 ifadəsində göstərmişdir ki, İddiaçı onun bibisi oğludur. O, cababdeh tərəfi kənd sakini kimi tanıyır. Onunla heç bir ədavəti yoxdur. O, 3000 manatı İlqara borc vermiş, İlqar da həmin pulu Cavabdeh1 vermişdir. Verilmiş suala cavabda isə bildirmişdir ki, həmin məbləğin şox hissəsi əllilik,yüzlük, az qismi isə iyirmilik əskinazlardan ibarət olmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini özünə aid təmin olunan hissədə mübahisələndirməklə ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini ona aid hissədə qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(021)-2951/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməli, ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir.
29. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, tərəflər arasında münasibət şifahi borc müqaviləsindən irəli gələn münasibətdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi 4730 manatın 3000 manatını məhkəmə araşdırması zamanı hər iki tərəfi tanıyan kənd sakinləri təsdiq etmişlər. Halbuki, məhkəmə kollegiyasının araşdırması zamanı şahid qismində dindirilmiş Cavabdeh3 ifadəsində göstərmişdir ki, o iddiaçının bibisi oğludur, tərəflərin hər ikisini kəndin sakini kimi tanıyır. Heç biri ilə ədavəti olmamışdır. O, 20, 50 və 100 manatlardan ibarət 3000 manatı İlqara vermişdir, İlqar da həmin pulu Cavabdeh1 vermişdir. İddiaçı isə cavabdehə verdiyi pulu qohumu Xəlildən aldığının və həmin pulların 100 manatlıqlar olmaqla, 3000 manat olmasını bildirmişdir.
30. Beləliklə, göründüyü kimi iddiaçı cavabdehə iddia etdiyi məbləğdə pul verməsinə dair hər hansı sübut təqdim etməmiş, bununla belə məhkəmə kollegiyasının araşdırması zamanı ifadəsi alınmış şahidlə onun ifadəsi arasında ziddiyyət müəyyən edilmişdir.Bununla belə, cavabdeh iddiaçıdan hər hansı məbləğdə borc pul almadığını bildirmişdir.
31. Kollegiya bu məqamda həmçinin bildirir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Baxılan işdə isə dindirilmiş şahid iddiaçı ilə qohumdur. Onların izahat və ifadələri arasında ziddiyyət vardır. Göründüyü kimi, cavabdehin iddiaçıdan hər hansı məbləğdə borc pul alması öz təsdiqini tapmır. İşdə bu barədə heş bir sübut yoxdur.
32. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(021)-2951/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməli, ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir.
33. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(021)-2951/2022 nömrəli qətnaməsi mübahisələndirilən - İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 3000 (üç min) manat və 50.00 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 16 manat hissəsinin İddiaçı aid edilməsi - hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 3000 (üç min) manat pul tələbihə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .