Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-535/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-8030/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, X4 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinin yaşayış sahəsində istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-8030/2023 nömrəli qərardadı ilə (sədrlik edən C.Quliyev) İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(125)-8030/2023 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildə X3 ilə ailə quraraq, hazırda yaşadığı Gəncə şəhəri, X4 küçəsi, ev 35A ünvanında yerləşən yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxtdan da fasiləsiz olaraq bu evdə yaşamışdır. Onların uşaqları da bu evdə dünyaya gəlmişlər. Əri xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Əri vəfat edəndən sonra da sözügedən mülkdə yaşamağa davam davam etmiş və bu gün də yaşayır. Yəni o, artıq 40 ilə yaxındır ki, bu evdə yaşayır. Bu illər ərzində yaşadığı evdə dəfələrlə əsaslı təmir və tikinti işləri aparmışdır. Yəni sözügedən evin yaşayış sahəsinə onun istifadə hüququ vardır. Evə gəlin köçən vaxt sözügedən ev onun qaynanası X1 adına olmuşdur. Qaynanası 2015ci ildə evi oğlu X2 bağışlamış və onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. Lakin sonradan onlara məlum olmuşdur ki, bu mülk onların xəbəri olmadan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)- 1071/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh mülkiyyətinə verilmişdir. Sözügedən qətnamədə söhbət yalnız müəyyən məbləğdə pul məbləğinin ödənilməsindən getsə də yaşadıqları ev qanunsuz olaraq, icra məmurunun qərarı əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Buna baxmayaraq, sözügedən evin yaşayış sahəsinə onun istifadə hüququ vardır. Lakin cavabdeh hazırda heç bir kompensasiya vermədən onu evdən çıxarmaq istəyir. Onun isə yaşamağa başqa yeri yoxdur. Bu səbəbdən də 1985-ci ildən bəri yaşadığı Gəncə şəhəri, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə istifadə hüququnun tanınması üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tamamilə əsassız və qanunsuz olaraq, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməsi barədə qərar qəbul etmiş, bununla da onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə hazırki iş üzrə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edərkən səbəb kimi mübahisə ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin icraatında 2(104)-2824/2023 nömrəli iş olduğunu göstərmişdir. Lakin o, məhkəmənin gəldiyi bu qənaətlə razılaşmır və hesab edir ki, sözügedən qərardad ləğv olunmalıdır. Çünki, qərardadda qeyd edilən mülki iş tamamilə fərqli işdir. Yəni məhkəmənin qərardadda göstərdiyi kimi, bu işlər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tələblər deyildir. Belə ki, birinci iş üzrə tələb «evdən çıxarılma» tələbi olmuşdur. Hazırki iş üzrə isə tələb «yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbidir. Göründüyü kimi bu iki tələb tamamilə başqabaşqa tələblərdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-8030/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(125)-8030/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 153.2.4 və 153.5-ci maddələrinə istinad etməklə, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edərək, göstərmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 8030/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-2824/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. İddiaçı Gəncə şəhəri, X4 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən istifadə hüququna dair məsələlərə isə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-8030/2023 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 8030/2023 nömrəli qətnaməsi ilə iddiaçının mübahisə edilən evdən istifadə hüququnun olub-olmaması məsələləri araşdırılaraq, hüquqi qiymət verilmişdir ki, həmin hal iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi üçün əsasdır.Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-8030/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-8030/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-535/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-535/2024
01.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver