Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-537/2023 26.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(076)-2708/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 2000 manat maddi ziyanın və ödənilmiş 40 manat məbləğində dövlət rüumunun alınıb verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(076)-2708/2022 saylı qətnaməsi ilə (hakim K.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında “apellyasiya şikayətinə düzəliş edilməsinə” dair ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən ona məxsus olan 4 baş iribuynuzlu heyvanı saxlamalı və heyvanlar müəyyən çəkiyə gəldikdən sonra o, həmin heyvanları cavabdehdən götürməli olmuşdur. Lakin bir müddət sonra cavabdeh ona zəng edərək heyvanlardan ikisinin öldüyünü, qalan ikisinin isə ölmək üzrə olduğunu bildirmişrdir. O, cavabdehin evinə gəlib heyvanlara baxdıqda həqiqətən də heyvanların vəziyyətinin yaxşı olmadığının şahidi olmuşdur. Cavabdehin etinasızlığı nəticəsində ona 2000 (iki min) manat maddi ziyan dəymişdir. Belə ki, 700 (yeddi yüz) manat heyvanları saxlamaq haqqı vermiş, qalan məbləğ isə ölən heyvanların ümumi məbləğidir. Hazırda cavabdehdən həmin ziyanı ödəməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən Cavabdeh ona dəymiş 2000 (iki min) manat məbləğində maddi ziyanın və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Gədəbəy Rayonu "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 131 nömrəli arayışdan görünür ki, 1 ədəd səkkiz illik inək 650-700 manat, 1 ədəd bir illik dişi dananın qiyməti 500-550 manat təşkil edir. - işə əlavə edilmiş cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddiaçıya məxsus 2 baş inək və 2 baş buzovu saxlamaq üçün ona verməsini, həmin heyvanlardan 1 baş inək və 1 baş buzovun cavabdehin nəzarətində olduğu dövrdə ölməsini etiraf etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı onunla şifahi razılaşmasına görə saxlamağa 2 baş inək və 2 baş buzov vermişdir. O həmin heyvanları saxlıyanda sistem vurulması üçün cəmi 50 manat pul vermişdir. O heyvanların vəziyyətinin yaxşı olmadığını bildirmiş və bir inək ölmüşdü özü gəlib gözü ilə görmüşdür. İddiaçı haqsız olaraq Şəmkir Rayon Məhkəməsinə müraciət edərək ondan 2000 manat pul tələb edib və 700 manat yalandan verdiyini bildirib. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2708/2022-ci il tarixli qətnaməsi ilə iddiası haqsız olaraq qismən təmin edilmişdir. Ondan 1200 manat tutulub iddiaçıya verilməsi qət edilmişdir. Belə ki, o iddiaçıya heç bir ziyan vurmamışdır. Əksinə onun heyvanları xəstə olub və onun heyvanlarına da xəstəlik salıb. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən ona məxsus olan 4 baş iribuynuzlu heyvanı saxlamalı və heyvanlar müəyyən çəkiyə gəldikdən sonra o həmin heyvanları cavabdehdən götürməli idi. Lakin bir müddət sonra cavabdeh mənə zəng edərək heyvanlardan ikisinin öldüyünü, qalan ikisinin isə ölmək üzrə olduğunu bildirdi. O cavabdehin evinə gəlib heyvanlara baxdıqda həqiqətən də heyvanların vəziyyətinin yaxşı olmadığının şahidi olmuşdur. Cavabdehin etinasızlığı nəticəsində ona 2000 (iki min) manat maddi ziyan dəymişdir. Belə ki, 700 (yeddi yüz) manat heyvanları saxlamaq haqqı vermiş, qalan məbləğ isə ölən heyvanların ümumi məbləğidir. İşdə iştirak edən şəxsin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ona payızdan yazadək saxlaması üçün 2 inək və 2 dana vermişdir. Həmin heyvanlardan 1 inək və 1 dana onun saxladığı dövrdə ölmüşdür. Daha sonra o, iddiaçıya zəng edərək bu barədə məlumat vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı məhkəmə kollegiyasının iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında cavabdehlə razılığa gəlmişlər, cavabdeh 2 inək və 2 dananı pul müqabilində yazadək saxlamağı öz öhdəliyinə götürmüşdür. O, heyvanları cavabdehə sağlam şəkildə təhvil verərkən 700 manat pulu da ona vermişdir. Odur ki, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlə heyvanlarının saxlanılması üçün razılaşmışdır. Lakin Cavabdeh öhdəsinə götürmüş olduğu ilə laqeyd yanaşmış, heyvanların xəstə olması barədə heyvanların sahibi olan iddiaçıya vaxtında məlumat verməmiş, onun işinə məsuliyyətsiz yanaşması heyvanların iki başının ölməsinə səbəb olmuşdur. Bundan başqa iddiaçı cavabdehə heyvanların saxlanılması üçün 700 (yeddi yüz) manat məbləğində pul verdiyini iddia etsə də, məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə vurulmuş ziyanın ödənilməsi ilə bağlı yaranmış mübahisədir. Ona görə də tərəflərin arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, onun təqsirli hərəkəti nəticəsində iddiaçıya 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh isə bunu təqzib edəcək hər hansı sübut təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində ona ümumilikdə 2000 manat ziyan dəyməsini iddia etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddianın mütəxəssis rəyində qeyd edilən qiymətlərə istinad etməklə, orta bazar qiymətinə uyğun hesablanması ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmişdir. Göründüyü kimi mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası göstərir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(076)-2708/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-537/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-537/2023
26.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver