Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-538/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-558/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14348,1 manat əsas, 10852,71 manat faiz, cəmi 25200,81 manat və ödənilmiş 166 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-558/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim M.Niftəliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK/39910/67/18 saylı kredit sazişi, həmin müqavilə üzrə kredit borcunun restrukturizasiyasına dair xx.xx.2020-ci il tarixli razılaşma və xx.xx.2019-cu il tarixli İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri müqavilələrinin ləğv edilməsi, Borclu, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12977,14 manat əsas, 9792,91 manat faiz - cəmi 22770 (iyirmi iki min yeddi yüz yetmiş) manat 05 (beş) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 166 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə Borclu, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın əsas borc tələbinin qalan 1370,96 manat, faiz borcu tələbinin qalan 1059,8 manat hissəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-558/2023 saylı qətnaməsinin qismən ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş müqavilə üzrə hesabdan çıxarışlarda cavabdehlər tərəfindən ödənilmiş məbləğin hansı qaydada silindiyi açıq-aydın göstərilsə də, borc məbləği düzgün hesablanmamışdır. Belə ki, həmin çıxarışdan görünür ki, cavabdehlər tərəfindən edilmiş ödənişlərin 642.56 manat hissəsi vergi sərəncamlarına, 79,62 manat hissəsi isə borcun ödənilməsi gecikdirildiyi üçün cərimə borcuna silinmişdir, lakin bu ekspert rəyində öz əksini tapmamışdır. İddiaçı tərəf olaraq qeyd olunan məbləğlərin əsas və faiz borcuna aidiyyəti olmamasını bildirsələr də (rəydə də həmin məbləğlər əsas və faiz borcundan çıxılmışdır) məhkəmə bu halı nəzərə almamışdır. Cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, göstərdi ki, cavabdehlər tərəfindən edilmiş ödənişlərin 642.56 manat hissəsi vergi sərəncamlarına, 79,62 manat hissəsi isə borcun ödənilməsi gecikdirildiyi üçün cərimə borcuna silinmiş lakin bu hallar ekspert rəyində öz əksini tapmamışdır. Ona görə də, qətnamənin həmin hissəsini mübahisələndirmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-558/2023 saylı qətnaməsinin qismən ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-558/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən götrünür ki, o, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-558/2023 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsini, yəni cavabdehlər tərəfindən edilmiş ödənişlərin 642.56 manat hissəsinin vergi sərəncamlarına, 79,62 manat hissəsinin isə borcun ödənilməsi gecikdirildiyi üçün cərimə borcuna silinməsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli kredit sazişindən və kreditləşmə və xidmət şərtlərinə dair müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdeh Borclu 36 ay müddətinə illik 30 faizlə 20000 manat kredit verilmiş, Borclu müqavilə üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh1 və Cavabdeh2 öz üzərlərinə götürmüşlər. xx.xx.2020-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, Borclu kredit borcu restrukturizasiya edilmişdir. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün onlara xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdeh Borclu iddiaçıya olan borcu 14348,1 manat əsas, 10852,71 manat faiz təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-9/5463/2023 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh Borclu xx.xx.2023-cü il tarixə əsas borcu 12977,14 manat, faiz borcu 9792,91 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, İddiaçı ASC-ti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14348,1 manat əsas, 10852,71 manat faiz, cəmi 25200,81 manat və ödənilmiş 166 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-9/5463/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəyə əsasən, Borclu tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, MK/39910/67/18 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Borclu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12977,14 manat, faiz borcu üzrə 9792,91 manat borcunun olması müəyyən edilmişdir. İddiaçı Bankın ekspert rəyi ilə qismən razılaşmamasına dair dəlimiə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan rəy verilən zaman Borclu tərəfindən iddiaçı Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və və xx.xx.2019-cu il tarixli, MK/39910/67/18 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmışdır. Belə ki, Borclu tərəfindən Banka ümumilikdə 16 yanvar 2023-cü il tarixədək 13390,85 məbləğində ödəniş aparılmış, ödənilmiş həmin məbləğdən 7022,86 manat əsas borcdan, 6367,99 isə faiz borcundan silinmişdir. Borclu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12977,14 manat, faiz borcu üzrə 9792,91 manat borcunun olması müəyyən edilmişdir. Həmin ekspert rəyindəki hesablamaların doğru olmaması məhkəmə kollegiyasında şübhə doğurmamış və rəyin mötəbərliyinə şübhə altına salan əsaslar mövcud olmamışdır. Belə ki, həmin rəyin tədqiqi zamanı müəyyən edilir ki, cavabdehlər tərəfindən edilmiş ödənişlərin 642.56 manat hissəsinin vergi sərəncamlarına, 79,62 manat hissəsinin isə borcun ödənilməsi gecikdirildiyi üçün cərimə borcuna silinməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə görə, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-558/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-558/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-538/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-538/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver