Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-539/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1994/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1994/2022 saylı qətnaməsi ilə (hakim G.Abbasov) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Borcun tutulması” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2175,99 (iki min bir yüz yetmiş beş manat 99 qəpik) manat məbləğində əsas, 756,71 (yeddi yüz əlli altı manat 71 qəpik) manat məbləğində faiz borcu, ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla, cəmi 2982,7 (iki min doqquz yüz səksən iki manat 70 qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Bərdə rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli , 2(021)-1994/2023 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2175.99 manat əsas borc, 756.71 manat faiz və 0 manat cərimə olmaqla, cəmi 2932.7 (iki min doqquz yüz otuz iki manat 70 qəpik) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2639/2020 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 24 ay müddətinə, illik 27% ödəmək şərti ilə 5000 (beş min) manat kredit verilmişdir. Kreditin təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixdə, 2639/2020 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən zamin Cavabdeh2, borclu Cavabdeh1 kreditor təşkilat qarşısında yaranmış öhdəliyini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 2639/2020 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Dəfələrlə, cavabdehlərə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsi barədə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayarq, bunun bir müsbət nəticəsi olmamışdır. Hazırda, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçı "xxxx" MMC-yə 2175.99 manat əsas, 756.71 manat faiz və 0 manat cərimə olmaqla, cəmi 2932.7 manat kredit borcu qalmaqdadır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin hər biri qanunsuzdur. Çünki qeyd edilən qətnamə qanunsuz olaraq qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun qanunla qorunan hüquqlarımı pozmuşdur. Belə ki, o, krediti götürdüyünü danmır, lakin kreditin çox hissəsini ödəyib qurtarmış, az hissəsi qalmışdır. Müxtəlif səbəblərdən krediti vaxtında ödəyə bilməmişdir. Qətnamədə onlara bildirişin surətinin göndərildiyi və onun heç bir etiraz məktubu ilə məhkəməyə müraciət etmədiyi qeyd olunmuşdur. Lakin ona heç bir bildiriş göndərilməmiş, məhkəmənin keçirilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edə bilsəydi, vəsatət verərək ekspertiza təyin edilməsini və faizlərin yoxlanılmasını xahiş edərdi. Belə ki, borcun qədərindən çox göstərildiyini, qeyd olunan faiz borcunun şişirdildiyini və ona qarşı haqsızlıq edildiyini düşünür. Hazırda qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və onun qanunla qorunan hüquqlarının bərpa olunmasını istəyir. Hesab edir ki, ekspertiza təyin edilməli və faizlərin hesablanması yoxlanılmalıdır. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 18 noyabr 2020-ci il tarixli 2639/2020 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarmaq, faizlər ödənilmək və təminantlılıq şərti ilə 5000 (beş min) manat məbləğində kredit verməsini öhdəsinə götürür. -Borcalan götürdüyü kredit məbləğinə görə 2,5% komisiya haqqı ödəyir. -Müqavilə üzrə ödənişlər aylıq annuitet formasında, ayda 271,9 manat olmaq şərti ilə bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında növbəti ayın 18-dək həyata keçirilir. -Borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. -Kredit borcalana F/Ş-şəxsi məqsədlər üçün istehlak məqsədilə verilir. -Kredit 24 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. Bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı aşağıdakılardır; -Borcalana və ya üçüncü şəxsə məxsus olan əmlakın girovu, qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsi və ya zaminlik; -Kredit məbləği təminat rəsmiləşdirildikdən (zaminlik müqaviləsi bağlandıqdan) sonra borcalanın ssuda hesabına köçürülərək verilir. İş materiallarında olan 18 noyabr 2020-ci il tarixli 2639/2020 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 2639/2020 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Borcalanın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli 2886 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 10 aprel 2023-cü il tarixə "xxxx" MMC-yə 2175,99 manat əsas, 756,71 manat faiz, cəmi 2932,7 manat borcu vardır. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 50,00 manat məbləğində dövlət rüsumu ödəmişdir Məhkəmədə araşdılmış sübutlarla müəyyən edilmişdir ki, ddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2639/2020 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 istehlak təyinatlı, 24 ay müddətinə, illik 27% ödəmək şərti ilə 5000 (beş min) manat kredit verilmişdir. Kreditin təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixdə, 2639/2020 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 2639/2020 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmiş, onun iddiaçıya 2175.99 manat əsas, 756.71 manat faiz və 0 manat cərimə olmaqla, cəmi 2932.7 manat kredit borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Bborc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclular ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2639/2020 saylı kredit müqaviləsinin şərtləri baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə götürmüş olduğu borcun bir hissəsini ödəmiş olsa da, lakin borcun qalan hissəsini ödəməmişdir. Digər cavabdeh, yəni zamin əsas borclunun öhdəliyinin təminatı kimi zaminlik müqaviləsini bağlayaraq kredit alanla müştərək məsuliyyət daşıdığına görə kollegiya hesab edir ki, iddiaçının cavabdehlərə münasibətdə tələbi əsas borc və əsas borca hesablanmış faiz borcu hissəsində qanuni və əsaslı olduğu üçün məhkəmə iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdehlər isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludurlar. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, o, kreditin çox hissəsini ödəyib qurtarmış, az hissəsi qalmışdır. Müxtəlif səbəblərdən krediti vaxtında ödəyə bilməmişdir. Lakin məhkəmə iş üzrə qalıq borcunun müəyyəən edilməsi üçün ekspertiza təyin etməmişdir. Şikayətin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birincisi, cavabdeh kreditin çox hissəsini ödədiyini qeyd edir. Tələbdən də görünür ki, o, həqiqətən də ümumilikdə 5000 manat olan kreditin yarısından çoxunu ödəmişdir. Lakin cavabdeh hansı məbləğdə ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyinə və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmədiyinə görə işə yazılı icraat qaydasında, həm də iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Kollegiya apellyasiya şikayətinin faizlərin düzgün hesablanmaması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, birincisi, cavabdeh məhkəməyə həmin dəlili təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onların iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, hazırki işə birinci instansiya məhkəməsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından və iş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən də göründüyü kimi, Cavabdeh1 10 iş günü müddətində iddiaya qarşı etirazını və ona əlavə edilmiş sənədləri, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəmə təqdim olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh isə iddiaya qarşı heç bir etiraz təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1994/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1994/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-539/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-539/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver