Məhkəmə qərarları › İş №2(104)-540/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-540/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-540/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Açar sözlər: borc qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin (bundan sonra KB ASC) Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-76/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 24 noyabr 2014-cü il tarixli, 8498nkNAR/14 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, bu müqaviləyə görə bank 60 ay müddətinə, xx.xx.2019-cu il tarixinədək, illik 26 faiz ödəmək şərtilə 6400 USD məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verir və ona bank hesabı (cari, ssuda) açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 29,74 faiz təşkil edir. -Kreditin məqsədli təyinatı: İstehlak. -“Müştəri”, bu müqavilə üzrə aldığı kredit üzrə öhdəliklərinin təminatı olaraq ona məxsus olan və girov kimi çıxış edən ev əşyalarını “Bank”a girov qoyur.

2. 04.07.2016-cı il tarixli Sazişdən görünür ki, bu sazişlə "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli, 8498nkNAR/14 nömrəli kredit üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilməsi, faizlər isə müddətin qurtardığı vaxt alınması, kredit mqaviləsinin müddəti 24-SEP-21 tarixədək müəyyən olunmuşdur.

3. 25 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 avqust 2022-ci il tarixə "xxxx" KB ASC-nə 278,97 USD əsas, 3461,3 USD faiz borcu olmaqla, cəmi 3740,27 USD borcu vardır.

4. 20 fevral 2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan bütün borcunu tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

5. 01 iyul 2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan bütün borcunu tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

6. 09 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan bütün borcunu tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli 9/2651 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 24 noyabr 2014-cü il tarixli 8498nkNAR/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə xx.xx.2019-cu il (müqavilə müddəti tarixinə) tarixə 2023,49 ABŞ dolları əsas, 3601,19 ABŞ dolları faiz, cəmi 5624,68 ABŞ dolları borcu, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) 278,97 ABŞ dolları əsas, 4228,89 ABŞ dolları faiz, cəmi 4507,86 ABŞ dolları borcu vardır.

8. 8498nkNAR/14 saylı kredit müqaviləsinə 2 saylı əlavəyə dair ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə 3.341,70 ABŞ dolları faiz borcunun ödənilməsi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 278,97 USD əsas, 3461,3 USD faiz borcu olmaqla, cəmi 3740,27 USD borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 83,59 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdehin arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 25 avqust 2022-ci il tarixinə "xxxx" KB ASC-yə 278,97 USD əsas, 3461,3 USD faiz, 0 USD cərimə, 0 USD komisyon haqqı borcu olmaqla, cəmi 3740,27 USD borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

11. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-76/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov), iddianın təmin edilməsi, Cavabdeh 278,97 (iki yüz yetmiş səkkiz ABŞ dolları 97 sent) ABŞ dolları əsas, 3461,3 (üç min dörd yüz altmış bir ABŞ dolları 30 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 3740,27 (üç min yeddi yüz qırx ABŞ dolları 27 sent) ABŞ dolları məbləğində borc icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və 83,59 (səksən üç manat 59 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449, 739.1 və 739.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-76/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Məhkəmə Azərbaycan Respublikasının Prezidentin ”Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanı ilə faizlərin silinməsi tələbini bir mənalı qoyduğundan, məhkəmə əsas borc olaraq göstərilən 278,97 ABŞ dollarna qarşıməndən 3461,3 ABŞ dollar məbləğində mütanasib olmayan dərəcədə yüksək faizin yaranması əsaslarını, habelə tələb olunması kimi məntiqsiz görünən iddianı araşdırmadan, yəni bu halın üzərindən səsiz keçərək qətnamə qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaratmamış, yalnız tərəflərin (əsasən də cavabdehin) təqdim etdikləri subutları araşdırmamış onlardan istifadə etməmişdir. Müraciət edilsədə "xxxx" borcun yaranma əsaslarını ümumiyyətlə izah etmir, yalnız borcun yaranması barəsində əlavə bildirmək istəyirlər ki, “37615sBank/15 saylı kredit müqaviləsi sonradan müştəri tərəfindən tam ödənilərək müqaviləyə xitam verilsə də 8498nkNAR/14 saylı kredit müqaviləsi hal-hazırda aktiv olaraq qalmaqdadır” məzmunda cavab verməklə kifayətlənir. Bu, yəni “37615sBank/15 saylı kredit müqaviləsi sonradan müştəri tərəfindən tam ödənilərək müqaviləyə xitam verilsə də” ifadəsinin mənası onu deməyə əsas verir ki, əslində cavadeh tərəfindən kredit müqaviləsinə xitam verdiyi və sonradan iddiaçını əsası bilinməyən cavabdeh üçün yeni kredit öhdəliyi yaratmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, 2014-cü ildə "xxxx" KB ASC-dən 6400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Dolların məzənnəsi qalxmış, lakin buna baxmayaraq bütün borcunu ödəmişdir. Axırıncı ödənişi edərkən bank əməkdaşı ona kompensasiya veriləcəyini bildirmişdir. Sonuncu dəfə 36 ABŞ dolları son ödənişini etdikdə ona bildirmişlər ki, əlavə olaraq ödəniş etməlidir. Banka heç bir borcu qalmadığından onlarla razılaşmamışdır. 278 ABŞ dollarını ödəməyə razıdır, lakin faiz borcu ilə razı deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdehin arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 25 avqust 2022-ci il tarixinə "xxxx" KB ASC-yə 278,97 USD əsas, 3461,3 USD faiz, 0 USD cərimə, 0 USD komisyon haqqı borcu olmaqla, cəmi 3740,27 USD borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Eyni zamanda, 8498nkNAR/14 saylı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixədək 3.405,62 ABŞ dolları əsas borc və 3.341,70 ABŞ dolları faiz borcu ödəməli idi. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

21. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

27. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-76/2024 nömrəli qətnaməsi “Cavabdeh 3461,3 (üç min dörd yüz altmış bir ABŞ dolları 30 sent) ABŞ dolları faiz borcunun tutulması” hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 3.341,70 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Beləliklə, işin halları ondan ibarətdir ki, kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli, 8498nkNAR/14 nömrəli nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana bank 60 ay müddətinə, xx.xx.2019-cu il tarixinədək, illik 26 faiz ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, borcalan kredit müqaviləsinin tələblərini pozmuş və üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Nəticədə onun kreditora borcu yaranmışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kredit ilə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.

50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

51. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

52. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiya), Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

53. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

54. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

56. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

57. Məhkəmə kollegiyası tərəfindən borcun məbləğinin düzgün müəyyən edilməsi üçün iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin 19 sentyabr 2024-cü il tarixli 9/2651 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 24 noyabr 2014-cü il tarixli 8498nkNAR/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə xx.xx.2019-cu il (müqavilə müddəti tarixinə) tarixə 2023,49 ABŞ dolları əsas, 3601,19 ABŞ dolları faiz , cəmi 5624,68 ABŞ dolları borcu, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) 278,97 ABŞ dolları əsas, 4228,89 ABŞ dolları faiz, cəmi 4507,86 ABŞ dolları borcu vardır.

58. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

59. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

60. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də cavabdehdən tutulmalı olan əsas borcun məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir.

61. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin faiz borcunun məbləğini müəyyən edilməsi barədə mövqeyini əsaslı hesab etmir.

62. Belə ki, iddiaçı olan bank tərəfindən təqdim edilmiş 8498nkNAR/14 saylı kredit müqaviləsinə 2 saylı əlavəyə dair ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə 3.341,70 ABŞ dolları faiz borcunun ödənilməsi müəyyən edilmişdir.

63. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyində göstərilmiş faiz borcu bank tərəfindən müəyyən edilmiş ödəniş cədvəlində olan faiz borcundan çox olduğundan, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği ekspert rəyində göstərilən miqdarda deyil, iddiaçı olan bank tərəfindən müəyyən edilmiş ödəniş cədvəlində göstərilən miqdarda tutulmasını məhkəmə kollegiyası daha ədalətli və ağlabatan qəbul edir.

64. Məhkəmə kollegiyası apellyatorun kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı ilə restrukturizasiya olunması dəlili ilə bağlı qeyd edir ki, göstərilən dəlil əsassızdır. Çünki, Azərbaycan Respublikasi Mərkəzi Bankının elektron sistemində “Problemli kredit məlumatlarının sorğulanması” zamanı borcalan Cavabdeh kredit borcunun restrukturizasiya olunması müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh qeyd olunan halları təsdiq edəcək mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir.

65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin digər hallarına münasibətdə iddianın rədd edilməsi üçün əsassızdır.

66. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

69. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-76/2024 nömrəli qətnaməsi “Cavabdeh 3461,3 (üç min dörd yüz altmış bir ABŞ dolları 30 sent) ABŞ dolları faiz borcunun tutulması” hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği iddiaçının nümayəndəsinin təqdim etdiyi ödəniş cədvəlinə əsasən 3.341,70 ABŞ dolları məbləğində müəyyən edilməli, cəmi borc 3.620,67 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.3, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-76/2024 nömrəli qətnaməsi “Cavabdeh 3461,3 (üç min dörd yüz altmış bir ABŞ dolları 30 sent) ABŞ dolları faiz borcunun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh tutulmalı olan faiz borcun məbləği 3.341,70 (üç min üç yüz qırx bir dollar yetmiş sent) ABŞ dolları, kredit borcu - cəmi 3.620,67 (üç min altı yüz iyirmi ABŞ dollar altmış yeddi sent) ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar