Məhkəmə qərarları › İş №2(104)-543/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-543/2023

09.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-543/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1140/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 1000 (bir min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Balçılı kəndində yaşayan Cavabdeh ilə onun arasında münaqişə yaranmış və mübahisə zamanı cavabdeh dəmir parçasını götürərək onun idarə etdiyi VAZ-21014 markalı, **-CF-*** nömrəli avtomobilin ehtiyyat hissələrini qəsdən vurub əzib sındırmaqla, ona 1000 (bir min) manat maddi ziyan vurmuşdur. Bu barədə o, Göygöl rayon Polis Şöbəsinə şikayət etmişdir. Göygöl Rayon Polis Şöbəsinin 14 avqust 2022-ci il tarixli qərarı ilə cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin 3(066)-303/2022 nömrəli, 12 sentyabr 2022ci il tarixli qərarı ilə cavabdehin ona vurduğu ziyan təsdiq edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat cərimə edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı törətdiyi əməl və onun iddiaçıya vurduğu ziyan Göygöl Rayon Polis Şöbəsinin və Göygöl Rayon Məhkəməsinin 3(066)-303/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə tam sübuta yetirilmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1140/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Əyyub Kərimov ) iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərə görə 1000 manat, məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1140/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə mübahisələri olmuş, həmin zəmində dəmir parçası ilə iddiaçının idarə etdiyi “Jiquli,,VAZ-21014 markalı 50 -CF-014 nişan nömrəli avtomobilini mübahisə zəminində bir yerdən əzmiş, kaprondan olan spolger və 1 arxa stop farasının şüşəsi qırılmışdır. Buna görə Göygöl rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 3(066)-303/2022 nömrəli qərarı ilə inzibati qaydada 1000 manat cərimə edilmişdir. İddiaçının avtomaşını həm ucuz, həm də köhnə avtomaşındır. Onun əzilmiş detalları təzəsi ilə dəyişdirildiyi halda da, vurduğu zərərin miqdarı usta haqqı ilə birlikdə 200 manatdan artıq deyildir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, əvvəla, avtomaşına hansı ehtiyat hissələrinin alınması, onun həqiqətən alınması, hansı qiymətə alınması və avtomaşının təmirinə nə qədər pul xərclənməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. O, "xxxx" Sevis müəssəsinin “Jiquli” VAZ- 21014markalı, **-CF-***” markalı dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurma ilə bağlı rəyini təqdim edir və qeyd edir ki, həmin rəylə həmin avtomobilə vurulan ziyanın məbləği 215 manat manat müəyyən edilmişdir. Bununla belə, o, maşın vurulandan sonra, iddiaçıya 500 manat ödəyə biləcəyini bildirsə də, hazırda yalnız 400 manat ödəməyə razıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1140/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini və ziyan məbləğinin 400 manat müəyyən edilməsini xahiş etdi. İddiaçı X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin onun avtomobilinə ziyan vurma ilə bağlı təqdim etdiyi rəyini qəbul etmir. Belə ki, cavabdeh onun maşınına ziyan vurandan sonra, ona 500 manat ödəyə biləcəyini bildirmiş və həmin məbləğlə razılaşır. Ona görə də, apellyasiya şikayətinin qismən təmin olunmasını, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-1140 tarixli qətnaməsinin dəyişdirilməsini və ziyan məbləğinin 500 manat müəyyən edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1140/2022 nömrəli qətnaməsi dəyişdirilməli və Cavabdeh əmlaka vurulmuş zərərin əvəzi olaraq 500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Göygöl rayon Balçılı kənd sakini Cavabdeh İddiaçı məxsus avtomobilin ehtiyyat hissələrini əzməklə Azərbaycan Respublikası İXM-nin 232.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən və onun əməlində cinayət tərkibi olmadığından, həmin fakt üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, vətəndaş Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göygöl RPŞ-nin İTByə göndərilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 3(066)-303/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsində mühəndis məsləhətçi vəzifəsində işləyən X3 tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli, 11/01 nömrəli qüsur rəyindən görünür ki, Nəqliyat vasitəsinə “Servis”şəraitində ilkin vizual texniki baxış keçirilmiş və baxış zamanı əldə edilmiş “Jiquli” VAZ- 21014markalı, **-CF-***” markalı dövlət qeydiyyat nişanlı göy boz met rəngli 2009-cu il buraxılışlı, BAN nomrəsi “Xetçbekztip, avtomobilə sərbəst bazar qiymətlərini nəzərə alaraq, 215 manat (iki yüz on beş) manat maddi zərər dəyməsi müəyyən edilir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçıya məxsus “Jiquli” VAZ- 21014 markalı, **-CF-*** nömrəli avtomobilə Göygöl Rayon Polis Şöbəsinin və Göygöl Rayon Məhkəməsinin 3(066)-303/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin vurduğu ziyanın təsdiq edilməsi, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində 1000 (bir min) manat cərimə edilməsi əsası ilə, həmin qərarda qeyd edilən 1000 manat məbləğ əsas götürülərək, iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci insatansiya məhkəməsinin həmin nəticəsi ilə qismən razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı məxsus avtomobilin ehtiyat hissələrini qəsdən vurub əzməklə maddi ziyan vurmuşdur. İşin həmin halları 14 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Göygöl Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis leytenantı X1 qərarı ilə də təsdiq olunur. Həmin qərara əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndrilmişdir. Göygöl Rayon Məhkəməsinin 3(066)-303/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin iddiaçıya vurduğu ziyan təsdiq edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində 1000 (bir min) manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlər tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehlərin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında maşın vurulandan sonra, iddiaçıya 500 manat ödəyə biləcəyini, hazırda isə yalnız 400 manat ödəməyə razı olduğunu, iddiaçı isə onun əmlakına vurulmuş maddi zərərin əvəzi kimi 500 manat məbləğində ödəyəcəyi təqdirdə vurulmuş zərərin məbləği ilə razılaşacağını bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını işin digər halları ilə yanaşı qiymətləndirərək, iddiaçıya məxsus “Jiquli” VAZ- 21014markalı, **-CF-***” markalı dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən vurulmuş ziyanın məbləğini 500 manat məbləğində olmasını müəyyən edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1140/2022 nömrəli qətnaməsi Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 (bir min) manatın tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 500 (beş yüz) manat tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1140/2022 nömrəli qətnaməsi Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 (bir min) manatın tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 500 (beş yüz) manat tutularaq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar