Məhkəmə qərarları › İş №2(104)-543/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-543/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-543/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2(066)-101/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyan kimi 1800 (bir min səkkiz yüz) manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məcburi köçkün kimi Göygöl rayonun Zurnabad kəndində üç otaqlı, bir aynəbənddən ibarət evdə məskunlaşmışdır. Ev təmirsiz olduğuna görə 18 noyabr 2022-ci ildə həmin kənddə yaşayan usta Cavabdeh ilə yaşadığı evin otaqlarının döşəməsini (polunu), suvağını və tavanına aboy çəkməsi barədə razılığa gəlmişlər. İlkin olaraq 500 (beş yüz) manat ödəmişdir. Cavabdeh isə yaşadığı evi təmir edib ona təhvil verəcəyini öhdəsinə götürmüşdür. Təmir işləri üçün Tacəddinin iştirakı ilə aboy, lak, boya və sair tikinti materialları almış və 1300 manat ödəniş etmişdir. Axırıncı dəfə 30 kisə üzlük ağdağ almışdır. Cavabdeh işini keyfiyyətsiz apardığından bir neçə dəfə inşaat materiallarını təkrar aldırsada sonda təmiri yarımçıq qoyub getmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə ona 1800 manat maddi ziyan vurmuşdur. Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(021)-101/2024 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 1091.1, 1091.2-ci maddələri, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Cavabdeh gördüyü keyfiyyətsiz işələrə görə ona 1800 manat maddi ziyan dəymişdir. 24 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Həmin tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə razılaşdıqları işi demək olar ki, yerinə yetirmiş, sadəcə az miqdarda görülməmiş iş qalmışdır ki, həmin işi də qisa müddətdə yerinə yetirəcəkdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə barışıq əldə etmişdir.Ona görə də iddia tələbindən imtina edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Sonuncu bu barədə məhkəmə kollegiyasına yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İddiaçı iddiadan imtina barədə ərizəsini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.1. maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1. maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barədə ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(021)-101/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2.4 maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(021)-101/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar