Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-546/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(125)-2388/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli 2(043)-3766/2018 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 may 2013-cü il tarixli 2(043)-12/2013 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 120 manat məbləğində müəyyən edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq idiaçı X5 ödənilməsi, artırılmış aliment məbləğinin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulması, Cavabdeh 15 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. AZ-İİ seriyalı 322552 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X6r.
3. AZ-İ seriyalı 196359 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasında olan nikah ləğv edilmişdir.
4. Gəncə 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir.
5. AZ-İİ seriyalı 087636 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 nikaha girərək ailə qurmuşlar.
6. AZ-İV seriyalı 233803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası X7r.
7. AZ-İİİ seriyalı 876911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası X7r.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh uşağın maddi vəziyyəti ilə müntəzəm maraqlanmır. Onun xərclərini tək qarşılamaq onun üçün çətindir. Ona görə də, məcbur olub cavabehə qarşı alimentin məbləğinin artırlması tələbi barədə məhkəməyə müraciət etmişdir
10. Gəncə şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(125)-2388/2022 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3766/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməlidir
12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(125)-2388/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin halları düzgün araşdırmamışdır. Belə ki, yaşayış minimumu olan 193 manat hər iki valideyn arasında bölündükdə bu 96.5 manat təşkil etmiş olur ki, o da hər ay 120 manat aliment ödəyir. Bundan əlavə yığılmış aliment borcundan da ödəmələr edir. Aliment təyin edilərkən onun ikinci dəfə ailə qurması, həmin nikahından uşaqlarının olması və maddi imkanı nəzərə alınmamışdır. Mövsümi işlə məşğul olur və aylıq gəliri 300-400 manat təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşdırılmış hüquqi mövqeyinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
23. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəlmişdir, ona görə də hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(125)- 2388/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 29.Beləliklə, iddiaçı Gəncə şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin miqdarını artıraraq sabit məbləğdə hər ay 200 (iki yüz) manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qeyd etmişdir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ikinci dəfə ailə qurmasını, həmin nikahından uşaqlarının olmasını, maddi durumunun yaxşı olmamasını və yaşayış minimumunun hər iki valideyn arasında bölünməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi onun maddi vəziyyətinin aşağı olduğunu, hər iki tərəfin valideyn kimi uşaqları saxlamalı olduğunu qeyd etsə də məhkəmə kollegiyası birinci instansiya məhkəmə hər iki tərəfin maddi vəziyyətini və uşağın maddi ehtiyaclarını nəzərə almış, uşağın mənafeyini üstün tutmuşdur. Odur ki, məhkəmə kollegiyası qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün heç bir əsas görmür, ona görə apellyasiya şikayəti təmin edilməməlidir. 30.Hazırki iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 31.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(125)-2388/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .