Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-55/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə Açar sözlər: yazılı sübutların əsli; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların, eləcə də digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(021)- 3212/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-0092 KOD61022028 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə 2.70 ha torpaq sahəsi Bərdə rayon Nazırlı kənd sakinləri X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir;
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********89 olan Çıxarışdan görünür ki, Bərdə rayonu Nazırlı kəndində yerləşən 2.6986 ha torpaq sahəsi X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətindədir;
3. 16 mart 2009-cu il tarixli kserosurət qəbzdə qeyd edilmişdir ki, X5 özünə və övladlarına məxsus 2.70 ha pay torpağını 17000 manata İddiaçı satmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli 4/1388-5/1020 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 15-ci vərəqində olan 16.İİİ.2009-cu il tarixli qəbzin kserosurətinin sonunda “16.İİİ.2009” rəqəmlərinin əvvəlində əks olunmuş imza ilə mülki işin 235-236-237-ci vərəqlərində X5 tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 03 aprel 2018-ci il tarixli, 10 sentyabr 2019-cu il tarixli ərizələrin sonunda “imza” qrafalarındakı imzalar və DSMF PHŞ-nin Bərdə rayon filialının direktoruna ünvanlanmış 22 sentyabr 2020-ci il tarixli ərizənin sonunda “İmza: Qasımov Q” qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. Təqdim edilmiş “X5” sözü ilə başlayıb “16-İİİ-2009” rəqəmləri ilə bitən qəbzin (i.v 15) blankı, üzərində olan yazı və imza reproqafik surət olub rəqəmsal qurğu (çoxaldıcı aparat, skaner və sair) vasitəsilə surətləri çıxarılaraq elektroforoqrafik üsulla çap edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2024-cü il tarixli 5/1372 nömrəli ekspert rəyindən görünür ki, “X5” mətn ilə başlayan və “Təsdiq edirəm 16-İİİ-2009” mətn ilə qurtaran 16 mart 2009-cu il tarixli qəbzin reproqrafik surətinin (cild İ i.v. 15) mətninin və aşağı sol hissəsində olan imzanın, təsviri birbaşa qələmlə icra edilməmişdir, elektrofotoqrafik reproqrafik qurğu (surətçıxaran, printer və sair) vasitəsilə elektrofotoqrafik çap üsulu ilə icra edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, tərəfindən nağd şəkildə X1na ödənilmiş 17000 (on yeddi min) manat pulun, əldən çıxmış fayda 11900 manat, torpaq sahəsinin münbit hala gətirilməsi üçün tərəfindən xərclənmiş 5000 manat olmaqla, ümumilikdə 33900 manat pulun və dövlət rüsumu kimi ödədiyi 192 manat pulun mərhumun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı Qərarına əsasən X1na və hazırkı iş üzrə onun ailə üzvüləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş JN-0092 saylı Kod 61022028 olan Dövlət aktı əsasında Bərdə rayonu Nazırlı kəndində yerləşən 2,70 ha torpaq sahəsin16 mart 2009-cu il tarixdə 17000 manat pul qarşılığında ona satılmışdır. Həmin vaxtlar o, həmin torpaq sahəsini almaq məqsədilə torpağın dəyəri olan 17000 manat pulu cavabdehlərin ailə başçısı olan X1na şəxsən vermişdir. Bu barədə cavabdehlərin ailə başçısı olan X1nun öz xətti ilə yazdığı imzalı qəbz də var. X1 2020-ci ildə pandemiya dövründə ölmüşdür. X1 aralarında olan alqı-satqı prosesi baş tutduqdan sonra həmin torpaq sahəsinə aid olan JN-0092 saylı Kod 61022028 olan Dövlət Aktının əslini də ona vermişdir. Bu günədək həmin torpağa dair su, vergi və.s xidmət haqları 2009-cu ildən onun tərəfindən ödənilmişdir. Bu il həmin torpaq sahəsində taxıl bitkisi əkib-biçmişdir. Yenidən torpaq sahəsində əkin işləri aparmaq istəyən zaman cavabdehlər ona bildirmişlər ki, torpaq sahəsi onlarındır və həmin torpaq sahəsi X1nun arvadı olan Cavabdeh1 adına qeydiyyata alınıb. Cavabdehlər mərhum atalarının ona satdığı torpaq sahəsini geri tələb etdiklərindən torpaq sahəsinin alınmasının qarşılığında ödənilmiş 17000 manat pulu onlardan tələb etmişdir. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 dəfələrlə ona olan 17000 manat pulun, 14 il ərzində torpaq sahəsinin münbit hala gətirilməsi üçün 5000 manatdan çox çəkdiyi xərc və illik əldə edəcəyi gəliri minimum həddə 5 faizdən 14 il ərzində əlindən çıxmış fayda 11900 manat olmaqla, ümumilikdə 33900 manat pulu qaytarmalarına dair müraciət etsə də, onlar müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişlər.
8. Bərdə Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(021)-3212/2023 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 17000 (on yeddi min) manat alınaraq İddiaçı ödənilməsi; İddia tələbinin qalan hissədə təmin olunmaması; Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun 141 (bir üz qırx bir) manatı alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 385.1, 385.2, 386.1, 425.1 və 442-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
10. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclası barədə onlara məlumat verilməmişdir. Müəyyən etmək mümkün deyil ki, 14 il əvvəl yazılmış və yaxud yazılmamış, habelə iddiaçının özü tərəfindən tərtib edilmiş bu qəbz nə dərəcədə əsaslıdır ki, notarial qaydada təsdiq edilməmiş bu kağız parçası əsasında 4 nəfərin üzərinə 17000 manat pulu qaytarmaq vəzifəsi qoyulmuşdur. Onlar X8 vərəsələridir və mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçiləridir. X8 heç kimə borcu olmamışdır. Torpaq sahəsi onların mülkiyyətindədir və heç kəs onu sata bilməz. Bundan başqa, işin digər hallarından biri də iddiaçının pul tələbidir. Həmin pul tələbinin üzərindən 14 il müddət keçmişdir. Əgər iddiaçının dedikəri doğrudursa, niyə X8 sağlığında pulunu istəməmiş, habelə torpağı öz adına rəsmiləşdirməmişdir. Hazırkı tələbə münasibətdə iddia müddəti ötürülmüşdür. Məhkəmə müəyyən etməlidir ki, onlar X8 hansı mirasını qəbul etmişdir. Həm də hansı əsasla müəyyən olunur ki, 17000 manat pulun verilməsi barədə qəbz X12 tərəfindən imzalanmışdır. Onlar haqlı olaraq torpaq sahəsini iddiaçıdan istəmişlər. X6rın adından torpağı necə sata bilər. Bundan başqa, X12 torpaq sahəsinin iddiaçıya satılması barədə onlara məlumat belə verməmişdir. Nə ilə müəyyən olunur ki, onlar X8 17000 manat dəyərində mirasını qəbul etmişlər. X12 torpaq sahəsini icarəyə verərək ondan hər il üçün icarə pulu aldığını bildirmişdir. Bundan başqa, hazırkı iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilə tələbləri üzrə müddət 3 il, daşınmaz əmlak tələbləri üzrə 6 il, ümumi iddia müddəti isə 10 il nəzərdə tutulmuşdur. 14 il üzərindən keçmiş bir tələbi təmin etmək ədalətsizlikdir. Çıxarılan qətnamə işin faktiki hallarına uyğun deyil. Çünki onlar iddiaçıdan pul almamışdırlar. Məhkəmə iclaslarında iştirak edə bilmədiklərindən iddia müddətinin tədbiq edilməsi üçün məhkəməyə ərizə verə bilməmişlər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı başqa şəxslərin də torpaq sahəsini icarəyə götürüb sonradan torpağı satın aldığını iddia etmişdir. 2009-cu ildə mübahisəli torpaq sahəsinin 17000 manata alınması qeyri-mümkün idi. Torpaq sahəsinin becərilməsi üçün gübrə pulu torpağın icarəçisinə verilir dövlət tərəfindən. 2009-cu ildən hazırkı məhkəmə mübahisəsinə qədər İddiaçıla onlar arasında hər hansı söhbət olmamışdır. Əgər mərhum atası torpaq sahəsini iddiaçıya satmış olsaydı, bu barədə onlara da məlumat verərdi və onlar torpaq sahəsinin birgə mülkiyyətçiləri kimi qəbzi imzalayardılar. Bir ilə yaxındır mübahisəli torpaq sahəsində əkin işləri aparırlar. İddiaçı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə hər hansı şəxsə müraciət etməmişdir. Atasının vəfatından sonra gübrə pulu almaq üçün, həm də vərəsəlik məsələləri ilə bağlı torpaq sahəsinin Dövlət aktını axtarmışlar və bu barədə İddiaçı müraciət etmişlər. Lakin, sonuncu bildirmişdir ki, X12 torpaq sahəsini ona satıb, buna görə də Dövlət aktını onlara verməmişdir. Mərhum atasının adından qəbzə imza edilib. 2009-cu ildə, yəni iddiaçının torpağın satılmasını iddia etdiyi vaxtlarda onlar həmin kənddə yaşamırdılar. Torpaq sahəsinin icarə haqqı illər üzrə dəyişmişdir. Atası vəfat edəndən sonra iddiaçı onlara icarə haqqı ödəməyib və bildirib ki, torpağı satın alıb. Onlarda torpaq sahəsinin satılmasına dair atasının imzası olan sənəd yoxdur.
14. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzi X12 imzalamayıb, habelə torpaq sahəsi iddiaçıya satılmamışdır. X12 torpaq sahəsini iddiaçıya icarəyə vermişdir və icarədar da öz növbəsində torpağın icarə haqqını ödəmişdir. Torpaq sahəsinin sənədinin əsli onlarda yoxdur və torpağa görə icarə haqqı hansı məbləğdə olmuşdur bilmirlər. Bundan başqa, hazırkı tələb üzrə qanunla müəyyən olunmuş iddia müddəti ötüb.
15. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, torpaq sahəsinə görə nəzərdə tutulmuş bütün subsidiyalar iddiaçıya verilmişdir. Əgər torpaq sahəsi satılmasaydı, Dövlət aktının əsli iddiaçıda olmazdı. O vaxtlar alqı-satqı üçün notariat ofisinə müraciət edilmirdi. Qəbzdəki məzmun, habelə imza X12 tərəfindən icra edilmişdir.
16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma qəbz kserosurət olduğundan həmin sənəd əsasında nəticəyə gəlmək mümkün deyil. Göründüyü kimi tələb əsassızdır, çünki, əsassız sübutlara söykənir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da apellyasiya şikayətini müdafiə etdiklərini və nümayəndələri tərəfindən verilmiş izahata əlavələri olmadığını bildirmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Hazırkı məhkəmə kollegiyasının iclasında +**********11 mobil nömrəyə aid Whatsapp sosial şəbəkəsi vasitəsilə iş üzrə xx.xx.2024-cü il tarixli 5/1372 nömrəli rəyi vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Natiq Pənahov video görüntü formasında iştirak etmiş və xx.xx.2024-cü il tarixli 5/1372 nömrəli ekspert rəyindəki anlaşılmazlıqla bağlı ekspertin fikri dinlənilmişdir. X7 verilmiş suala cavab olaraq bildirmişdir ki, sənəddən surət çıxarılarkən bəzi izlər itmiş, bəzən isə surətçıxaranın özünün izləri düşmüşdür, ekspertizaya təqdim edilmiş xx.xx.2009-cu il tarixli əlyazma qəbz kserosurət olduğundan qəbzdəki xətt izlərinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci madəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
24. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.4 Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə Bərdə rayonu Nazırlı kəndində yerləşən 2.70 ha torpaq sahəsi X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışla həmin torpaq sahəsi birgə mülkiyyətçilərin adına qeydə alınmışdır. Torpaq sahəsinin birgə mülkiyyətçilərindən X5 vəfat etmişdir. İddiaçı 16 mart 2009-cu il tarixdə torpaq sahəsinin birgə mülkiyyətçisi Qərib Qasımova 17000 manat pul verməklə torpaq sahəsini satın aldığını, lakin cavabdehlərin torpaq sahəsini ondan geri aldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. Mülki qanunvericilik daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Hazırkı işin hallarından isə görünür ki, mübahisəsi gedən torpaq sahəsinin alqı-satqısına dair İddiaçıla torpaq sahəsinin birgə mülkiyyətçisi mərhum Q.Qasımov arasında notariat qaydada təsdiq edilmiş müqavilə bağlanmamışdır.
39. İddiaçı 16 mart 2009-cu il tarixli kserosurət olan əlyazma qəbzə (bax mülki iş İ cild səhifə 15) istinadən torpaq sahəsinin 16 mart 2009-cu il tarixdə 17000 manat müqabilində mərhum Q.Qasımov tərəfindən ona satıldığını iddia etmişdir.
40. Həmin qəbzin əsli məhkəməyə təqdim edilməmiş; cavabdeh tərəf isə torpaq sahəsinin iddiaçıya satılmadığını və bu məqsədlə mərhum atası Q.Qasımova və ya onlara hər hansı məbləğdə pul ödənilmədiyini bildirmişdir. Bu səbəbdən də 16 mart 2009-cu il tarixli kserosurət əlyazma qəbzdəki mətnin və imzanın kim tərəfindən icra edilməsinin aydınlaşdırılması zərurəti yaranmışdır. X5 vəfat etdiyindən sübutların təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardad əsasında mərhum Q.Qasımova təyin edilmiş pensiya ilə bağlı aparılan sənədləşdirmədə onun tərəfindən imzalanmış sənədlərin əsli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim edilmişdir.
41. 16 mart 2009-cu il tarixli kserosurət olan əlyazma qəbz üzrə xətşünaslıq ekspertizası tədqiqatı aparılması üçün həmin qəbz və mərhum Q.Qasımova təyin edilmiş pensiya ilə bağlı aparılan sənədləşdirmədə onun tərəfindən imzalanmış sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Həmin Mərkəzin 30 sentyabr 2024-cü il tarixli 4/1388-5/1020 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 16.İİİ.2009-cu il tarixli qəbzin kserosurətinin sonunda “16.İİİ.2009” rəqəmlərinin əvvəlində əks olunmuş imza ilə mülki işin 235-236-237ci vərəqlərində X5 tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 03 aprel 2018-ci il tarixli, 10 sentyabr 2019-cu il tarixli ərizələrin sonunda “imza” qrafalarındakı imzalar və DSMF PHŞ-nin Bərdə rayon filialının direktoruna ünvanlanmış 22 sentyabr 2020-ci il tarixli ərizənin sonunda “İmza: Qasımov Q” qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. Təqdim edilmiş “X5” sözü ilə başlayıb “16-İİİ-2009” rəqəmləri ilə bitən qəbzin (i.v 15) blankı, üzərində olan yazı və imza reproqafik surət olub rəqəmsal qurğu (çoxaldıcı aparat, skaner və sair) vasitəsilə surətləri çıxarılaraq elektrofotoqrafik üsulla çap edilmişdir.
42. «Əlyazma qəbzin kserosurətindəki imzanın hər hansı bir texniki vasitənin köməyi ilə, yoxsa birbaşa qələm vasitəsilə icra edilib-edilməməsi» barədə ekspertiza tədqiqatı qarşısında qoyulmuş suala cavab verilmədiyindən iş üzrə əlavə xətşünaslıq ekspertizası təyin edilmişdir.
43. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2024-cü il tarixli 5/1372 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “X5” mətn ilə başlayan və “Təsdiq edirəm 16-İİİ-2009” mətn ilə qurtaran 16 mart 2009cu il tarixli qəbzin reproqrafik surətinin (cild İ i.v. 15) mətninin və aşağı sol hissəsində olan imzanın, təsviri birbaşa qələmlə icra edilməmişdir, elektrofotoqrafik reproqrafik qurğu (surətçıxaran, printer və sair) vasitəsilə elektrofotoqrafik çap üsulu ilə icra edilmişdir.
44. Hazırkı məhkəmə kollegiyasının iclasında +**********11 mobil nömrəyə aid Whatsapp sosial şəbəkəsi vasitəsilə iş üzrə xx.xx.2024-cü il tarixli 5/1372 nömrəli rəyi vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Natiq Pənahovla video görüntü formada iştirak etmiş və xx.xx.2024-cü il tarixli 5/1372 nömrəli ekspert rəyi ilə bağlı ekspertin fikri dinlənilmişdir. X10 bildirmişdir ki, sənəddən surət çıxarılarkən bəzi izlərin itmiş, bəzən isə surətçıxaranın özünün izləri düşmüşdür, ekspertizaya təqdim edilmiş xx.xx.2009-cu il tarixli əlyazma qəbz kserosurət olduğundan qəbzdəki xətt izlərinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır.
45. Qeyd edilməlidir ki, MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPMnin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunmasını tələb edir (MPM maddə 89.3).
47. MPM-nin 89.3-cü maddəsinin tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilmir.
48. Yuxarıda da göstərildiyi kimi, 16 mart 2009-cu il tarixli kserosurət olan əlyazma qəbzin əsli məhkəməyə təqdim edilməmiş, habelə qəbz kserosurət olduğundan aparılmış ekspertiza tədqiqatı nəticəsində qəbzdəki mətnin və imzanın mərhum Q.Qasımov tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Bir sözlə, iddia tələbinin əsaslandırıldığı faktiki hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
49. Nəzərə alınmalıdır ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
50. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
51. Lakin, İddiaçı bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və iddiasını sübuta yetirə bilməmişdir.
52. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, “əldən çıxmış fayda 11900 manat” tələbi üzrə bağlı geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki, “torpağın alqı-satqısına görə ödənilmiş vəsaitin qaytarılması” tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini də istisna edir. Bundan əlavə, İddiaçı torpaq sahəsinin münbit hala gətirilməsi üçün onun tərəfindən 5000 manat vəsait xərcləndiyini iddia etsə də, lakin bunu sübuta yetirə bilməmişdir.
53. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün hər hansı qanuni əsas olmamışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gələrək iddianı qismən təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
54. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş xətşünaslıq ekspertizaları tədqiqatının ümumi dəyəri (126+100=226) 226 manat təşkil edir. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatlarının ümumi dəyəri 226 (iki yüz iyirmi altı) manat vəsait iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(021)-3212/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 193 manat dövlət rüsumu İddiaçı aid edilsin Ekspertiza xərci olan 226 (iki yüz iyirmi altı) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) (iddiaçı) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.