Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-552/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-419/2022 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 24715,74 manat əsas, 6782,88 manat faiz, 28466,12 manat cərimə borcu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 3436,86 manat hesablanmış faiz borcu, iş üzrə ödənilmiş 280,42 manat dövlət rüsumu və 45 manat bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair dövlət rüsumu olmaqla, cəmi 63401,60 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə X1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsində yerləşən 0,057 ha torpaq sahəsində yerləşən 9/44 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində, 58,7 kv.m ümumi, 45,90 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı, 3 nömrəli mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmentinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması və ipoteka predimenti olan əmlaka tutma yönəldikdə və həmin əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında arasında bağlanmış 27 may 2016-ci il tarixli, 109.LN.2105.270516.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 55000 manat məbləğində kredit verilmişdir. Bundan sonra kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X2tərəfindən ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsində yerləşən 0,057 ha torpaq sahəsində yerləşən 9/44 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində, 58,7 kv.m ümumi, 45,90 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı, 3 nömrəli mənzil xx.xx.2009-cu il tarixli, İ-1133/GF saylı ipoteka müqaviləsi və xx.xx.2016-cı il tarixli, İ1133/GF nömrəli ipoteka müqaviləsinə 5 nömrəli əlavə əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-419/2022 saylı saylı qətnaməsi ilə (sədrlik edən Zaur Hüseynov) iddia tələbi təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-419/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən hesablanmaqla, başlaması nəzərə alındıqda, iddiaçı qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verərkən, Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılması və bununla bağlı məhdudiyyətlərin tətbiq edilməsi, eyni zamanda qanunvericilikdə iddia müddətinin axımının dayandırılması, yəni moratorium halını nəzərə almamışdır. Belə ki, kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatmış, Bank isə xx.xx.2022-ci il tarixli iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2022-ci il tarixdə məhkəmənin elektron sisteminə yükləmişdir ki, bununla da, iddia ərizəsi 14 gün iddia müddəti ötürülməklə verilmişdir. İş üzrə cavabdehlərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdeh2 məhkəmə kollegiasına ərizə ünvanlayaraq, bildirmişdir ki, tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilmiş və vəsatəti təmin edilmişdir, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-419/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-419/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-419/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 109.LN.2105.270516.00001 saylı, xx.xx.2016-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 21% faiz hesablanmaqla 55000 manat məbləğində kredit verilmişdir. xx.xx.2009-cu il tarixli İ-1133/GF saylı ipoteka müqaviləsinin və xx.xx.2016-cı il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsinə 5 nömrəli əlavənin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X2 tərəfindən ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsində yerləşən 0,057 ha torpaq sahəsində yerləşən 9/44 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində, 58,7 kv.m ümumi, 45,90 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı, 3 nömrəli mənzil xx.xx.2009-cu il tarixli, İ-1133/GF saylı ipoteka müqaviləsi və xx.xx.2016-cı il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsinə 5 nömrəli əlavə əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 109.LN.2105.270516.00001 saylı, 27 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə 24715,74 manat əsas, 6782,88 manat faiz, 28466,12 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 3436,86 manat hesablanmış faiz olmaqla, cəmi 63401,60 manat borcu vardır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, işə baxan məhkəmə də kredit müqaviləsinin xx.xx.2016-cı ildə 36 ay müddətinə bağlandığını və mübahisə müqavilə öhdəliklərindən əmələ gəldiyindən ona 3 illik iddia müddətinin tətbiq olunmalı olduğunu, iddiaçının iddia müddətini ötürdüyünü, iddiaçının müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini əsas gətirməklə, iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, iş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 109.LN.2105.270516.00001 saylı əsas kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 21 % dərəcəsi ilə 55000 manat məbləğində kredit verilmiş, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh2 götürdüyü 55.000 manat əsas kredit borcunu 19.596,63 manat faiz borcu ilə birlikdə hər ay 2.072,13 manat olmaqla geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli İ-1133/GF saylı ipoteka müqaviləsinə İ-1133/GF saylı, xx.xx.2016-cı il tarixli 5 nömrəli əlavə əsasında bağlanmaqla, sonuncuya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsində yerləşən 0,057 ha torpaq sahəsində yerləşən 9/44 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində, 58,7 kv.m ümumi, 45,90 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı, 3 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı Bank kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini yetirə yetirmiş və müqavilədə nəzərdə tutulmuş vəsaiti Cavabdeh2 vermiş, sonuncu isə krediti və ona hesablanmış faizləri geri qaytarmaq barədə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, ödənişləri vaxtında və tam şəkildə həyata keçirməmiş, kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 500 manat ödəniş etsə də, xx.xx.2022-ci il tarixə ödənilməmiş 63401,60 manat borcu qalmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməməklə, müqavilə şərtlərini pozmuş və əsas kredit və faiz borcundan ibarət pul vəsaitini müəyyən olunmuş qaydada və müddətdə Banka geri qaytarmamışdır ki, bununla da iddiaçı Bankın ödənilməmiş kredit borcunun cavabdehdən tutulmasına dair subyektiv hüququ əmələ gəlmişdir. Lakin tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 109.LN.2105.270516.00001 kredit müqaviləsi 36 ay müddətinə bağlanmış və müqavilənin icra müddətinin son tarixi xx.xx.2019-cu il tarix müəyyən olunmuşdur. Cavabdeh isə xx.xx.2019-cu il tarixdə 500 manat məbləğində ödəniş etmişdir. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı müqavilənin müddətinin başa çatdığı xx.xx.2019-cu il tarixdən başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-cü maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Göründüyü kimi, iddia müddətinin axımı müqavilə müddətinin başa çatdığı xx.xx.2019-cu il tarixdə hesablanmağa başlandığından iddiaçı Bank xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüş və işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı Bank apellyasiya şikayətində Koronavirus(Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılması və bununla bağlı məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən hazırki tələb üzrə iddia müddətinin axımının dayandırılması kimi nəzərə alınmalı olmasını göstərmişdir. Kollegiya həmin dəlillərlə bağlı qeyd edir ki, həmin vaxtı ölkədə mövcud olmuş olan sərt karantin (Covid-19 Pandemiyası) şəraiti də nəzərə alınmaqla, iddia ərizələrinin məhkəmələr tərəfindən icraata qəbul edilməsində hər hansı bir məhdudiyyətlər nəzərdə tutulmamışdır. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” AzərbaycanRespublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 450 nömrəli qərarına 1 nömrəli Əlavədə fəaliyyətin davam etdirilməsinə icazə verilən sahələr sırasında məhkəmə orqanlarının fəaliyyətinin nəzərdə tutulması göstərilmişdir (1-ci bənd). Kollegiya həmin dəlillərlə bağlı qeyd edir ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi də mülki dövriyyədə ən çox istifadə olunan müqavilələrdəndir. Bu baxımdan, məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsinın qanunla müəyyənləşdirilən müddət çərçivəsində edilməsi çox vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilir ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatmış və iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsi isə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq, iddianı rədd etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-419/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-419/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-552/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-552/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver