Məhkəmə qərarları › İş №2(104)-558/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-558/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-558/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-931/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-931/2023 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddianın təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 330 (üç yüz otuz) manat vəkil xərcinin və 100 (yüz) manat dövlət rüsumunun pul əvəzinin də tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-931/2023 saylı qətnaməsini ləğv edərək, apellyasiya şikayətinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat pulun, vəkil bürosunda çəkdiyi xərclərə görə 330 (üç yüz otuz) manatın, dövlət rüsumuna görə 100 (yüz) manatın, cəmi 8430 (səkkiz min dörd yüz otuz) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin dekabr ayında arvadi X2 ilə “Lalafo.az” saytında satışa qoyulan evə baxış etməyə getmişlər. Həmin ev Abşeron rayonunun Məhəmmədli qəsəbəsindəki “yeni sahədə” yerləşir və evi satışa çıxaran cavabdeh evin son qiymətinin 8000 (səkkiz min) manat olduğunu qeyd etmişdir. Həmin evə qayını Rahib və arvadı Samirə ilə baxış keçirməsindən sonra cavabdehin dediyi qiymətlə razılaşmış, beh olaraq cavabdehə 1500 (min beş yüz) manat verilmişdir, iki gün keçdikdən sonra isə Zabrat qəsəbəsində X1rşısında görüşüb cavabdehə daha 1000 (min) manat vermişdir. Təxminən üç-dörd gün keçdikdan sonra cavabdeh onun yaşadığı evə gələrək nəvəsinin əməliyyat olduğunu bildirib daha 1500 (min beş yüz) manat almışdır. Nəhayət, 05 yanvar 2022-ci il tarixində cavabdeh Kürdəxanı Bələdiyyəsində vergi ödəyicisi kimi evi onun adına keçirmiş və həmin Bələdiyyə binasının qarşısında o, qalan 4000 (dörd min) manat pulu cavabdehə verərək ümumilikdə cavabdehə cəmi 8000 (səkkiz min) manat pul vermişdir. Həmin gün, o, aldığı evin giriş qapısına təzə kilid açarını qoymuşdur. Bundan sonra müəyyən səbəblərə görə o, yaşamaq üçün dərhal həmin evə köçə bilməmiş və dörd-beş ay keçdikdən sonra “Lalafo.az” saytında aldığı həmin evin cavabdeh tərəfindən yenidən satışa qoyulduğunu görmüşdür. Cavabdehdən bu barədə soruşduqda sonuncu bildirmişdir ki, evi ona ucuz satmışdır və yaxın zamanda verilən 8000 (səkkiz min) manat pulunu ona geri qaytaracaqdır. Lakin cavabdeh verdiyi heç bir vədinə əməl etməmiş, əksinə, ona satmış olduğu həmin evin kilidini qırmış və yeni kilid qoyaraq ailə üzvləri ilə birgə onunla açıq şəkildə düşmənçilik münasibətlərinə keçmişdir. O, vəkil sorğusu ilə Kürdəxanı Bələdiyyəsinə rəsmən müraciət etdikdə, sonuncu 13 yanvar 2023-cü il tarixli 06 nömrəli məktubu ilə belə cavab vermişdir: “Kūrdəxanı Bələdiyyəsinin inzibati ərazisinə aid olan Tofiq Hüseynov küçəsi sahə 4-də 180 kvadratmetr torpaq sahəsi və 50 kvadratmetr fərdi yaşayş evi vətəndaş X4 uzun müddətdir istifadəsində olmuşdur. Sözügeden torpaq va əmlak sahəsinin heç bir hüquq təsdiqedici sənədi olmamışdır. G.Ə.Sadıxova 05 may 2021-ci il tarixində Kürdəxanı Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, bələdiyyənin vergiuçot sistemində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. 05 yanvar 2022-ci il tarixində X8 atası Cavabdeh ilə birlikdə Kürdəxanı Bələdiyyəsinə yaxınlaşaraq həmin əmlakı və torpaq sahəsinin özlərinin qohumu kimi təqdim etdiyi İddiaçı öz aralarındakı razılaşma əsasında satdığını bildirmişdir. Sözügeden torpaq va əmlak sahəsi ilə bağlı Cavabdeh qızının adını vergi-uçot sistemindən çıxarılaraq İddiaçı vergi-uçot sisteminə salınmasını, vergilərin onun adından ödənilməsini bələdiyyədən xahiş etmişdir. Belə olduğu halda İddiaçı vergi ödəyicisi kimi fiziki şəxsin uçota alınması haqqında ərizə blankını dolduraraq Bələdiyyənin vergi-uçot sistemində vergi ödəyicisi kimi qeydə alınmış, hazırda da İddiaçı yerli vergi ödəyicisi kimi qeydiyyatdadır”. Məcburiyyət qarşısında o, cavabdehin qanunsuz əməllərinin, yəni pulun alındığı yer üzrə Sabunçu Rayon Polis idarəsinin 15-ci polis bölməsinə müraciət etmiş və həmin bölmənin sahə inspektoru tərəfindən 17 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, cavabdeh verdiyi izahatında iddiaçı tərəfindən ona 8000 (səkkiz min) manatın verilməsini inkar etməmişdir. Eyni zamanda cavabdeh böhtan və yalan ifadələr işlədərək sübutsuz, dəlilsiz bildirmişdir ki, guya, qeyri-qanuni yolla özünə və qızına sürücülük vəsiqəsi almaq istəməsini iddiaçıya bildirmiş, sonuncu isə onu aldadaraq guya işlədiyi qohumu vasitəsilə bunu etmək üçün ondan 1800 (min səkkiz yüz) manat pulunu almış və heç nə etməmişdir. Bununla belə cavabdeh ona hazıradək hər hansı pulu qaytarmamış və bu istiqamətdə heç bir hərəkət etməmişdir. Qərarla ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin işin hallarını araşdırmaq üçün hüquqi imkanları olduğu halda, onları nəzərə almamış və nəticədə natamam qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almalı idi ki, işə düzgün hüquqi qiymət vermək son nəticədə pozulmuş hüquqların bərpa edilməsinə rəvac verə bilərdi. Birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir. Belə ki, işə onun iştirakı olmadan baxmışdır. Nəticədə çəkişmə prinsipi pozulmuşdur. İşin halları belədir ki, qarşı tərəf ondan ev almağa gəlmişdir. Ümumi olaraq, 10500 manata razılaşmışlar. Ev remontsuz olub, 2 otaqdır. Ona evə görə 6200 manat pul verib. Demişdir ki, qohumu yol polisində işləyir, ona görə də ona və övladına sürücülük vəsiqəsi almağa kömək edəcək. Buna görə də evin pulundan 1800 manat çıxmalı idi. Lakin söz verməsinin əksinə, ona və övladına prava almadı. Onu şantaj edir ki, guya 8000 manat pul verib. Yerdə qalan pulu ona ödəməyib. Evi ondan yarı qiymətinə qoparmaq fikrində olmuşdur. Qalan pulu verməmişdir. İşlə bağlı Sabunçu RPİdə təhqiqatçı Vasif müəllim onların işini düzgün araşdırmamışdır. Ona qərəzli münasibət göstərmiş, o, da təhqiqatçıdan DİN-ə şikayət etmişdir. Ona görə də təhqiqatçı onunla düşmənçilik apardı və işi qarşı tərəfin xeyrinə yekunlaşdırdı. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. O, məhkəmə iclasının keçirildiyi vaxt xəstə olmuşdur. Ona möhlət verilmədi. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə heç bir sübut olmadan onun 8000 manat pul almağı haqqında qətnamə qəbul etmişdir. İşin əsli budur ki, o, vəkilə ərizə yazdıranda vəkil onu düzgün başa düşməyib. Yazıb ki, guya ondan 8000 manat pul almışdır. Təhqiqatçı isə onu çağırmadan, imzası olmadan onun əsasında iş aparmışdır. Nəticədə iş bu mərhələyə gəlib çıxmışdır. Ona yalnız 6200 manat pul verilmişdir. Prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına təkrar gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəblə bağlı olmasını təsdiq edən sübut məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, ev alqısatqısı üçün cavabdehə ümumilikdə 8000 manat pul vermiş, cavabdeh sonradan evi satmaq fikrindən daşınmış olsa da, almış olduğu 8000 manatı qaytarmamış, özü fəhlə işləməklə X10 heç bir qohumu işləmir və cavabdehdən sürücülük vəsiqəsi almaqda köməklik edilməsi məqsədi ilə hər hansı məbləğdə pul almamış, aralarında bu komteksdə hər hansı söhbət olmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən icraatında olan HK-1/339 saylı material əsasında 17 fevral 2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, izahatı alınan Cavabdeh bir otaqdan ibarət evi İddiaçı 10500 (on min beş yüz) manata satmağa razılaşdığını, daha sonra Zamiklə aralarında narazılıq olduğundan evi yenidən satışa çıxardığını, evi satışa çıxardıqdan sonra Zamikin ona 8000 (səkkiz min) manat verdiyini, lakin sürücülük vəsiqəsi almaq üçün Zamikin ondan 1800 (min səkkiz yüz) manat pul aldığını, ona görə də İddiaçı qaytaracağı pulun 6200 (altı min iki yüz) manat olduğunu etiraf etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin Bakı şəhəri 5 saylı Vəkillər Bürosunun vəkili Nümayəndə ünvanladığı 13 yanvar 2023-cü il tarixli 06 saylı məktubdan görünür ki, 05 yanvar 2022-ci il tarixdə X9 atası Cavabdeh ilə birlikdə Kürdəxanı bələdiyyəsinə yaxınlaşaraq həmin əmlakı və torpaq sahəsinin özlərinin qohumu kimi təqdim etmiş İddiaçı öz aralarındakı razılaşma əsasında satdığını bildirmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı Cavabdeh, qızının adının vergi-uçot sistemindən çıxarılaraq İddiaçı vergi-uçotu sisteminə salınmasını, vergilərin onun adından ödənilməsini bələdiyyədən xahiş etmişdir. Belə olduğu halda İddiaçı vergi ödəyicisi kimi fiziki şəxsin uçota alınması haqqında ərizə blankını dolduraraq bələdiyyənin vergi-uçot sistemində vergi ödəyicisi kimi qeydə alınmışdır. Hazırda da İddiaçı yerli vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ev almaq istədiyinə görə 2021-ci ilin dekabr ayında “Lalafo.az” saytında satışa qoyulan Abşeron rayonu Məhəmmədi kəndində yerləşən evə baxmaq üçün cavabdehlə danışaraq həmin evə baxmış, evin mülkiyyət sənədi olmamış və iki yaşayış otağından ibarət olmaqla 8000 (səkkiz min) manata alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Həmin pulu cavabdehə 3 dəfəyə tam şəkildə ödəmiş və cavabdeh öz növbəsində 05 yanvar 2022-ci il tarixində Kürdəxanı Bələdiyyəsində vergi ödəyicisi kimi evi iddiaçının adına keçirmiş və həmin Bələdiyyə binasının qarşısında iddiaçı qalan 4000 (dörd min) manat pulu verərək ümumilikdə cavabdehə cəmi 8000 (səkkiz min) manat pul vermişdir. Həmin gün, iddiaçı aldığı evin giriş qapısına təzə kilid açarını qoymuş, lakin müəyyən səbəblərə görə iddiaçı yaşamaq üçün dərhal həmin evə köçə bilməmiş və dörd-beş ay keçdikdən sonra “Lalafo.az” saytında aldığı həmin evin cavabdeh tərəfindən yenidən satışa qoyulduğunu görmüşdür. Cavabdehdən bu barədə soruşduqda sonuncu bildirmişdir ki, evi ona ucuz satmışdır və yaxın zamanda verilən 8000 (səkkiz min) manat pulunu ona geri qaytaracaqdır. Lakin cavabdeh verdiyi heç bir vədinə əməl etməmiş, əksinə, iddiaçıya satmış olduğu həmin evin kilidini qırmış və yeni kilid qoyaraq iddiaçını həmin evə buraxmamışdır. İddiaçı cavabdehə verdiyi pulu qaytarmaması ilə bağlı Sabunçu Rayon Polis idarəsinin 15-ci polis bölməsinə müraciət etmiş və həmin bölmənin sahə inspektoru tərəfindən 17 fevral 2023cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, cavabdeh verdiyi izahatında iddiaçı tərəfindən ona 8000 (səkkiz min) manatın verilməsini inkar etməmişdir. Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsalandırmışdır ki, məhkəmə araşdırması zamanı təsdiq edilmişdir ki, cavabdeh iddiaçının hesabına 8000 (səkkiz min) manat məbləğdə əsassız varlanmışdır. İddiaçı 06 fevral 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-c polis bölməsinə etdiyi şikayət üzrə toplanmış HK- 1/339 saylı material əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin təhqiqatçısı X3 qəbul etdiyi 17 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, cavabdeh yerinə yetirmədiyi öhdəlik üzrə iddiaçıdan 8000 (səkkiz min) manat pul aldığını etiraf edir, lakin bundan 1800 (min səkkiz yüz) manat pulu iddiaçıya qaytardığını və iddiaçıya cəmi 6200 (altı min iki yüz) manat borcunun qaldığını bildirsə də, iddiaçıya 1800 (min səkkiz yüz) manat pulu qaytardığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda Cavabdeh əsassız varlandığı 8000 (səkkiz min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddiaçının vəkil bürosunda çəkdiyi xərclərə görə 330 (üç yüz otuz) manat və dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumunun pul əvəzi də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə və iddiaçının hesabına 8000 (səkkiz min) manat məbləğində əsassız varlandığlndan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, məhkəmə iclasının yeri və vaxtı barəsində cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin ona göndərilən zərfin üzərinə “ünvan düzgün deyil” qeydi yazılmaqla məhkəməyə qaytarılmış, eyni zamanda iclaslar barədə tərəflərə, o cümlədən cavabdehə məxsus mobil nömrəyə EMİS sistemi vasitəsilə “SMS xəbərdarlıq” göndərilmiş və sistemdə statusu “çatdırıldı” kimi qeyd edilmişdir. Göründüyü kimi birincin instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etməyə cəhd göstərmiş, lakin cavabdeh məhkəməyə gəlməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə kollegiyası maraqlı şəxsin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlilini əsassız sayır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-931/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-931/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar