Məhkəmə qərarları › İş №2(104)-558/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-558/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-558/2025 06.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-5758/2024 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Kreditor "xxxx" KB ASC borclular X3, X2, Cavabdeh və X1 borcun tutulmasına dair əmr icraatı qaydasında Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və Ağdam Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2(013)-5758/2016 nömrəli məhkəmə əmri ilə borcun tutulması əmr edilmişdir. Borclulardan Cavabdeh məhkəmənin həmin əmrinə etiraz etmiş, etiraz məhkəməyə 25 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Borclu Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, məhkəmə iclası barədə məlumatlandırılmamış, məhkəmədə iştirak etməmiş, borc məbləğindən 20.417 manat ödəmişlər, məhkəmə əmri ona verilməmiş, məhkəmə əmri bu günlərdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə çağırılarkən ona məlum olmuş, əmri 13 dekabr 2024-cü il tarixdə almışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-5758/2024 nömrəli qərardadı ilə borclunun məhkəmə əmrinə etirazı geri qaytarılmışdır. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli əmri ilə bağlı uzun müddətdir ki, tutulmalar aparılır, məhkəmə əmrindən məlumatlı olsa da müddəti ötürmüşdür, 10 gün müddət ötdükdən sonra məhkəmə əmrinə etiraz etmişdir. Borclu tərəfindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 5758/2024 nömrəli qərardadından şikayət verilmiş və şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, işin apellyasiya qaydasında baxılmasının mümkünlüyünə dair Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-558/2025 nömrəli qərardadı ləğv edilərək apellyasiya qeyri-mümkün hesab edilməsi və iş materialları qərardaddan şikayətə baxılması üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, qərardaddan şikayətə qərardadı qəbul etmiş məhkəmə tərəfindən baxılır və şikayəti əsassız hesab etdikdə şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiyası məhkəməsi borclu tərəfindən verilmiş şikayətə ilk öncə özü baxmalı olduğu halda qərardaddan şikayətə baxmamış və şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərmişdir ki, bunda da haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4, 384.0.6 və 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 5758/2024 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayət Mülki Prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-558/2025 nömrəli qərardadı ləğv edilərək apellyasiya qeyri-mümkün hesab edilməli və iş materialları qərardaddan şikayətə baxılması üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyasiyanın qeyri-mümkün sayılması tərəflərin hər hansı prosessual pozuntuyta yol verməsi ilə deyil, işə baxan məhkəmənin qanunvericiliyin tələblərinə əməl etməməsi ilə bağlıdır və hazırki qərardad işin sonrakı prosessual hərkətlərin yerinə yetirilməsi üçün maneə yaratmır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin işin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair xx.xx.2025-ci il tarixli 2(104)-558/2025 nömrəli qərardadı ləğv edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-5758/2024 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-5758/2024 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün şikayət iş materialları ilə birlikdə Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar