Məhkəmə qərarları › İş №2(104)-559/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-559/2023

09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-559/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-423/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-423/2021 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 140 (bir yüz qırx) manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 160 (bir yüz altmış) manat müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir . Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi azyaşlı uşaqların saxlanılması üçün ondan tutulan alimentin məbləğini artıraraq hər uşağa görə 160 manat müəyyən etmişdir. Lakin, məhkəmə heç bir əsas olmadan, onun maddi durumunda müsbət dəyişiklik olmadığı halda, gəlirinin artmadığı bir vəziyyətdə alimentin məbləğini artırmışdır. Ona görə də, hesab edir ki, məhkəmənin qeyd olunan qətnaməsi ləğv olunmalıdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, Daşkəsən rayonunda yerləşən qızıl mədənində işləyir və aylıq gəliri isə 500 manat təşkil edir. Həmçinin, o, yenidən evlənmiş və yoldaşı 2 aylıq hamilədir. Hesab edir ki, məhkəmə alimentin məbləğini düzgün olmayaraq artırmışdır. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il, 2(125)-1486/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: AZ-İİİ 687230 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 dekabr 2015-ci il tarixində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. AZ- İV 119850 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 may 2018-ci il tarixində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-423/2021 saylı qətnaməsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-1620/2019 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək Cavabdeh hər ay hər bir uşağa görə tutulan 100 manat məbləğində təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 140 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. X10 tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 02 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və İddiaçı ilkin mediasiya sessiyasından sonra mübahisəyə dair prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay hər bir uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 manat məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş Günay adlı uşaq 7, Zeynəb adlı uşaq isə 4 yaşında olmaqla, analarının yanında yaşayırlar və böyüdükcə onların təhsil, səhhət, geyim və qida ilə bütün xərcləri mütəmadi şəkildə artmaqla iddiaçı tərəfindən ödənilir. Məhkəmə kollegiyası Cavabdeh aylıq maaşının 500 manat təşkil etməsi, əlavə heç bir yerdən gəlirinin olmaması və aldığı maaşla təyin edilmiş alimenti ödəyə bilməməsi barədə dəlillərini alimentin azaldılması üçün əsas hesab etmir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 saylı qətnaməsi dəyişdirilmədən saxanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar