Məhkəmə qərarları › İş №2(104)-561/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-561/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-561/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2190/2022 saylı qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2019-cu il tarixli, BF/25065/72/29 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının və həmin fərmanın icrası məqsədi ilə Cavabdeh restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 1il güzəşt müddəti olmaqla iddiaçı tərəfindən 60 ay müddətinə illik 1% olmaqla 8630,64 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, BF/25065/72/29 nömrəli güzəştli kredit müqaviləsinə əlavə edilən ödəniş cəvdəlindən görünür ki, cavabdeh götürdüyü krediti xx.xx.2024-cü ilə qədər hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh hesabına iddiaçı tərəfindən 8630,64 manat pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 6575,28 manat əsas borc, 25,94 manat faiz borcu olmaqla, cəmi 6601,22 (altı min altı yüz bir manat 22 qəpik) manat borcu vardır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilənin ləğvi və borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli xəbərnamənin surətindən görünür ki, bildiriş ünvan 1 ünvanına çatdırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 6575,28 manat əsas borc, 25,94 manat faiz borcu olmaqla, cəmi 6601,22 (altı min altı yüz bir manat 22 qəpik) manat kredit borcunun və 87 manat ödənilmiş dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə restruturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə illik 1% olmaqla 8630,64 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bank tərəfindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2190/2022 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin olunması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BF/25065/72/29 nömrəli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, BF/25065/72/29 nömrəli güzəştli kredit müqaviləsi üzrə 6575,28 manat əsas borc, 25,94 manat faiz borcu olmaqla, ümumilikdə 6601,22 (altı min altı yüz bir manat 22 qəpik) manat kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 87 (səksən yeddi) manatın alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445, 448, və 739-cü maddələrini rəhbər tutaraq iddia tələbini təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, bank tərəfindən kredit müqaviləsini ləğv etməyə dair faktiki olaraq cavabdehə bildiriş göndərilməmişdir. Həmin bildiriş guya Gəncə şəhəri, Kəpəz rayonu, X6 pros, 1ci döngə, ev 5 A-da “Qasımov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Əslində həmin ünvanda “Qasımov” soyadlı şəxs yaşamır. Qeyd olunan bildiriş cavabdehə çatdırılmamış və bildirişin çatdırılmasına dair işə əlavə olunmuş “Məleykə Ekspress”in qaiməsi saxtadır . Bununla da pretenziya qaydasına əməl olunmamışdır. Ümumiyyətlə cavabdeh nə səbəbdən məhkəməyə verilməsindən məlumatı yoxdur. Pretenziyadan məlumatı olsaydı öz münasibətini bildirərdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmənin bu yanaşması əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli BF/25065/72/29 nömrəli güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 1il güzəşt olmaqla 60 ay müddətinə illik 1% dərəcəsi ilə 8630,64 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, bank tərəfindən kredit müqaviləsini ləğv etməyə dair faktiki olaraq cavabdehə bildiriş göndərilməmişdir. Həmin bildiriş guya Gəncə şəhəri, Kəpəz rayonu, X6 pros, 1-ci döngə, ev 5 A-da “Qasımov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Əslində həmin ünvanda “Qasımov” soyadlı şəxs yaşamır. Qeyd olunan bildiriş cavabdehə çatdırılmamış və bildirişin çatdırılmasına dair işə əlavə olunmuş “Məleykə Ekspress”in qaiməsi saxtadır . Bununla da pretenziya qaydasına əməl olunmamışdır. Ümumiyyətlə cavabdeh nə səbəbdən məhkəməyə verilməsindən məlumatı yoxdur. Pretenziyadan məlumatı olsaydı öz münasibətini bildirərdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirdi ki, bank tərəfindən kredit müqaviləsini ləğv etməyə dair faktiki olaraq cavabdehə bildiriş göndərilməmişdir. Pretenziyanı mübahisələndirməkdə məqsədləri odur ki, vaxtında məlumatları olsaydı həm öz münasibətlərini bildirərdilər, həm də kredit müqaviləsini mübahisələndirərdilər. Həmçinin sənədləşmə düzgün aparılmamışdır. İş materiallarında olan cavabdehə göndərilmiş bildirişin alınmasına dair xəbərnamədən də müəyyən edilir ki, cavabdehə banka məlum olan axırıncı yaşayış yeri üzrə bildiriş göndərilmişdir. Göründüyü kimi cavabdehə qanunvericliyin tələbinə uyğun olaraq bildiriş göndərilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlillər əsassızdır. Göründüyü kimi cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2190/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar