Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-561/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2023-ci il tarixli 2(021)-3960/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2023-ci il tarixli 2(021)-3960/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz apellyasiya şikayətinə əlavə edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri qaydası “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 9.1.2 maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsinə müvafiq olaraq aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İşdən görünür ki, hazırkı iş üzrə tələb olunan alimentin bir illik məcmusu 2640 manat (220 x 12=2640) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2. maddəsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddianın 1 faizi həcmində dövlət rüsumu ödənilir. Göründüyü kimi hazırkı iş üzrə alimentin bir illik məcmusu üzrə dövlət rüsumu 46,40 manat təşkil edir. Yuxarıda da qeyd olunduğu kimi qanunvericilikdə aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunması nəzərdə tutulmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6. maddəsində isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Belə olan təqdirdə kollegiya hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən 23,20 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.4. maddəsinə görə, bu Məcəllənin 363.1. və 363.1.2 maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2023-ci il tarixli 2(021)-3960/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-561/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-561/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver