Məhkəmə qərarları › İş №2(104)-562/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-562/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-562/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) X1, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X3 14 mart 2024cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Cavabdeh Şəmkir rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, kreditdə olan “Mercedes Benz 280 minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili 2900 manat beh müqabilində Elvin adlı şəxsə verməsini, hazırda Elvinin pulu, nədə ki, avtomobili vermədiyini bildirmiş, pulunun alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında araşdırma aparılmış və İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

2. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1915/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh İddiaçı qarşı Mercedes Benz 280 minik” markalı, **- DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 500 manat vəkil haqqının, 17 manat etibarnamə üçün ödənilmiş notariat rüsumunun və 100+1 manat dövlət rüsumunun, cəmi 618 manat maddi zərərin alınması tələbində dair iddiasına iddiaçı tələbi dəyişərək yalnız məhkəmə xərcini tələb etdiyindən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2900 manatın və dövlət rüsumu üçün ödənilmiş 50 manatın, cəmi 2950 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, özünə avtomobil almaq istəmiş, xx.xx.2024-cü il tarixdə “Turbo.az” internet saytında cavabdehə məxsus “Mercedes Benz 280 minik” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin satıldığını görmüş, həmin avtomobili bəyəndiyi üçün Şəmkir rayonu Krazyolu massivində cavabdehin yaşadığı evə gedib avtomobilə baxmışdır. Avtomobili bəyəndiyi üçün 50 manat beh vermiş və avtomobili 7200 manata razılaşmışlar. Cavabdeh ona avtomobilin hazırda kreditdə olduğunu və 5 ay ödənişi ümumi 2800 manat kredit borcu qaldığını, 7200 manatın 2800 manatının banka qalanının isə ona ödənilmli olduğunu bildirmişdir. O, cavabdehlə bu barədə razılaşmışdır. O, cavabdehə banka getməyi təklif etmiş, cavabdeh isə, evini təmir etdirdiyi üçün ustaların təmiri qurtardıqdan sonra gedə biləcəyini və ustalara və digər ödənişlər edəcəyi adı ilə ondan ümumilikdə 2900 manat pul almışdır. Onlar xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə cavabdehin borclu olduğu avtosalona getmişlər. Orada onlardan ödənişdən əlavə olaraq 1100 manat pul tələb edilmişdir. Belə olan halda o, cavabdehə bildirmişdir ki, əlavə olaraq 1100 manat ödəməli olduğunu ona bildirməmişdir və həmin qiymətə avtomobilin ona sərf etmədiyini bildirmişdir. Odur ki, cavabdehə ödədiyi 2900 manatı qaytarmasını xahiş etmişdir. Cavabdeh isə onun pulunu qaytarmaq əvəzinə DİN-nin 102 qaynar xəttinə şikayət etmişdir. Həmin şikayətlə bağlı Şəmkir RPŞ-də cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Cavabdeh Şəmkir RPŞ-də həmin şikayətlə bağlı izahat vermiş, ondan 2900 manat aldığını etiraf etmiş və pulu ona qaytaracağını söz vermişdir. Göründüyü kimi, cavabdehin ondan 2900 manat alması öz təsdiqini tapmışdır.

5. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2900 manat məbləğində pul və 51 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 2951 (iki min doqquz yüz əlli bir) manat pul vəsaiti alınıb İddiaçı qaytarılması qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı sözügedən “Mercedes Benz 280 minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satın alınması məqsədi ilə cavabdehə pul vermişdir. Cavabdeh Şəmkir rayon Polis şöbəsində nəqliyyat vasitəsinin alqı-satqısında yaranmış mübahisə üzrə aparılmış araşdırma zamanı verdiyi izahatında iddiaçıdan bu məqsədlə pul aldığını etiraf etmişdir. Lakin tərəflər arasında nəqliyyat vasitəsinə dair alğı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçının cavabdehə 2900 manat pul verməsi cavabdeh tərəfindən təkzib edilmir. Həmçinin, cavabdehə göndərilmiş pul vəsaitinin 2260 manat hissəsi təqdim edilmiş hesabdan çıxarış və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən aldığı 2900 manat pul məbləği həddində əsassız olaraq varlanmışdır.

7. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 385-386 və 1091-1092-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə “turbo.az” adlı saytda “MERCEDES BENZ280” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq istəyərkən tanış olmuşdur. Bu sayt vasitəsilə iddiaçı ona zəng etmiş, maşına baxmaq istədiyini bildirmişdir. İddiaçı xx.xx.2024-cü ildə evinə gələrək avtomaşına baxmışdır. O, avtomaşın barədə cavabdehə məlumat vermişdir. Eyni zamanda göstərmişdir ki, maşın bankdadır və hər ay avtomaşına görə 560 manat banka ödəniş edir. Onlar avtomobili 7500 (yeddi min beş yüz) manata satılmasını razılaşsalar da, cavabdeh hal-hazırda o qədər ödəniş edə bilməyəcəyini və sabahkı gün maşının ödənişini etmək üçün kredit götürüb ödəniş edəcəyini bildirmişdir. Onlar razılaşmışlar. Sabahı gün iddiaçı onun evinə gələrək pul əldə edə bilmədiyini demişdir. Bu zaman isə onun avtomaşına krediti olduğunu, hər ay 560 (beş yüz altmış) manat ödəniş etməli olduğunu və gecikməyə düşməyini istəmədiyini bildirmişdir. İddiaçı avtomaşını bəyəndiyini, başqasına satılmamasını bildirmiş və 2350 (iki min üç yüz əlli) manat avtomaşına beh vermişdir. Pulun qalanını isə onun adına olan krediti öz adına rəsmiləşdirib onun əvəzinə krediti ödəyəcəyini bildirmişdir. Həmin vaxt o, avtomaşını iddiaçıya tədim etdiyi və iddiaçı avtomaşını özü ilə yaşadığı evə apardığı. İddiaçı belə razılaşmışdır ki, ən geci iki günə kredit götürəcək və avtomaşını alacaq. O, xx.xx.2024-cü il tarixdə cavabdehin ona beh olaraq vermiş olduğu puldan 560 manat banka onlayn ödəniş etmişdir. Həmin ödənişdən sonra onun banka 2240 manat borcu qalmışdır. Onlar xx.xx.2024-cü il tarixində iddiaçı ilə birlikdə Bakı şəhərinə krediti onun adına rəsmiləşdirməyə getmişdir. Lakin bank krediti cavabdehin adına rəsmiləşdirmək üçün əlavə olaraq 1.000 manat ödəniş olunmasını bildirmiş və iddiaçı həmin məbləği ödəyə bilmədiyi üçün bank müqaviləsini onun adına qeyd etdirməkdən imtina etmişdir. Bu hadisədən on beş gün sonra iddiaçı ona zəng edərək, maşını almaq istəmədiyini və ona beh olaraq ödəmiş olduğu 2350 (iki min üç yüz əlli) manat pulu geri qaytarmağını istəmişdir. O, isə onun beh olaraq verdiyi pulu xərclədiyini və bu səbəbdən həmin pulu geri qaytara bilməyəcəyini bildirmişdir. O, iddiaçıya xahiş etmişdir ki, maşını ona geri qaytarsın, bundan sonra maşını satıb onun beh olaraq verdiyi pulu ona qaytarsın. İddiaçı isə onun beh olaraq verdiyi pulu geri qaytarmayınca maşını ona verməyəciyini bildirmişdir. Belə olduğu halda o, iddiaçıya təklif etmişdir ki, maşını birlikdə satsınlar və hər kəs əldə olunmuş puldan öz payına düşən məbləği götürsün. Lakin cavabdeh bu təklifi ilə də razılaşmamışdır. Buna görə də o, məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qərarına əsasən, İddiaçı avtomaşını və 300 manat rüsum pulunu almışdır. Bundan sonra, İddiaçı ona qarşı “pul tələbinə dair” iddia qaldırmışdır. Onun ona 3250 manat borcu olduğunu iddia etmişdir. Bu borc pul məbləği nə zaman yaranmışdır? Cavabdeh ona ümumi olaraq 2350 manat beh pul vermişdir. Eyni zamanda avtomaşınını aylarla özündə saxlamışdır. Həmin avtomaşının satılmasına əngəl yaratmış, onun mülkiyyətində olan əmlakdan məhrum etmişdir. O, dəfələrlə ona təklif etmişdir ki, avtomaşını versin o, həmin avtomaşını satsın və onun beh olaraq vermiş olduğu pulu geri qaytarsın. Lakin iddiaçı buna razılıq verməmiş və ona əsassız problemlər, maneələr yaratmışdır. Hesab edir ki, iddiaçının ondan tələb etdiyi məbləğ geri qaytarılmalı deyildir. Belə ki, iddiaçı həmin pulu beh olaraq vermiş, sonradan razılaşmanın qaydalarını pozmuşdur. Məhkəmə isə işə onun iştirakı olmadan baxmış və onun sübutlar təqdim etməyinə şərait yaratmamışdır. Hesab etmişdir ki, məhkəmənin qətnaməsinin təmin olunmuş hissəsi tamamilə əsassız və qanunsuzdur. Qətnamənin təmin olunmuş hissəsi iş üzrə mövcud olan sübutlar əsasında qəbul edilməmişdir. Həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Odur ki, məhkəmə qətnaməsinin təmin olunmuş hissəsində ləğv olunmasını və iddia tələbinin rədd olunmasına dair qərar qəbul olunmasını istəmişdir. İddiaçı ilə arasında şifahi razılaşma olduğundan qarşılıqlı olaraq hüquq və vəzifələrimiz yaranmışdır. Aralarında olan razılaşmaya görə iddiaçı avtomaşının müqabilində ona 7500 manat pul verməli, o, isə ona avtomobil verməli idi. İddiaçı 2350 manat pulu beh olaraq vermiş, bunun qarşılığında isə ona avtomobil vermişdir. O, üzərinə düşən vəzifəni yerinə yetirsə də, iddiaçı öz öhdəliyini yerinə yetirməmişdir. Belə ki, ona nə ödənişin geri qalanını, nə də ki avtomobili vermişdir. Bununla da, maddi hüquq normasında göstərilən tələbi pozmuşdur. Hələ bu bəs etməmiş kimi məhkəmədə ona qarşı pul tələbi ilə iddia qaldırmışdır. Bu iddia tələbinin predmetini təşkil edən pul məbləği isə xəyali qiymət olmuşdur. Onun cavabdehə 3250 manat pul borcu olmamışdır. İddiaçının onda tələb etdiyi məbləğ vermiş olduğu behdir. Məcəllədə də qeyd olunduğu kimi məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Lakin məhkəmə onun iştirakını təmin olunmadan qətnamə qəbul etmişdir. Bununla da, onun hüquq və mənafelərini pozmuş, mülki prosessual hüquq normasının ziddinə qətnamə qəbul etmişdir. Məhkəmə onun iştirakını təmin etmədən, tərəflərin çəkişmə prinsipini pozmaqla məhkəmə araşdırması aparmışdır. Bununla da iddiaçının mövqeyindən çıxış etdiyini açıq şəkildə nümayiş etdirmişdir. Məhkəmə əslində heç bir hüquqi əsas olmadan iddianı təmin etmişdir. İddianı təmin edərkən borc münasibətlərinə və əsassız varlanma normalarına istinad etmişdir. Halbuki, qeyd etdiyi kimi iddiaçı ondan borc adı ilə tələb etdiyi pulu ondan alacağı avtomaşına beh vermişdir ki, o, həmin avtomaşını başqasına satmasın. Üzərinə öhdəlik götürüb ki, tez bir zamanda razılaşdığı məbləği ona ödəyəcəkdir. Lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi qərarının təmin olunmuş hissəsində göstərmiş olduğu dəlilləri işin hallarına uyğun deyildir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2350 manatı avtomobilə baxdıqdan sonra beh kimi vermişdir. Avtomobil hazırda onlardadır. 6 ay iddiaçıda qalmışdır. O, da əlavə pul ödəmişdir. Halbuki avtomobili satıb borclarını ödəmək istəmişdir.

12. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin aldığı məbləğ beh olduğuna görə hesab edirlər ki, qaytarılmamalıdır. Cavabdeh başqa məhkəmədə avtomobil tələbi ilə bağlı iddia qaldırdığı üçün cavabdehin xeyli xərci çıxmışdır.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (atası) X2 izahat verib bildirmişdir ki, 7200 manata oğlu ilə cavabdeh razılaşmışdır. Lakin avtomobil texniki baxışdan keçməli idi və cəriməsi var idi. İddiaçı bildirmişdir ki, texniki baxışdan keçdikdən sonra 7200 manatı ödəyəcəkdir. Cavabdeh axşam zəng etmişdir ki, 567 manat kredit ödənişi vardır. Onlar da həmin məbləği onun kartına göndərmişdir. Sonra krediti onların adına keçirməyəcəyini bilmişlər. Apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

15. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

16. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı mübahisələndirilən tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə “Turbo.az” internet saytında cavabdehə məxsus “Mercedes Benz 280 minik” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin satıldığını görmüş, həmin avtomobilə Şəmkir rayonu, Krazyolu massivində cavabdehin yaşadığı evə gedib baxmışdır. Avtomobilə 50 manat beh vermiş və avtomobili 7200 manata razılaşmışdır. Cavabdeh ona avtomobilin hazırda kreditdə olduğunu və 5 ay ödənişi ümumi 2800 manat kredit borcu qaldığını, 7200 manatın 2800 manatının banka qalanının isə ona ödəməli olduğunu bildirmişdir. O, cavabdehlə bu barədə razılaşmışdır. O, cavabdehə banka getməyi təklif etmiş, cavabdeh isə evini təmir etdirdiyi üçün ustaların təmiri qurtardıqdan sonra gedə biləcəyini və ustalara və digər ödənişlər edəcəyi adı ilə ondan ümumilikdə 2900 manat pul almışdır. Lakin Bakı şəhərinə cavabdehin borclu olduğu avtosalonda iddiaçıdan ödəyəcəyi ödənişdən əlavə olaraq 1100 manat pul tələb edilmişdir. Belə olan, halda tərəflər arasında olan razılıq pozulmuşdur.

36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, beh, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Qanunvericiliyə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Tərəflər arasında belə bir müqavilə olmamışdır. Tərəflər arasında avtomobilin alqı-satqısına dair razılıq əldə edilməsi və beh olaraq iddiaçı cavabdehə 2900 manat pul verməsi iş materialları ilə təsdiqini tapmışdır. Lakin tərəflər avtomobilin alqı-satqısına dair məcəllədə nəzərdə tutulmuş qaydaya riayət etməmişlər. Bu baxımdan tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il Qərarında qeyd edilir ki, beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, iş materialları, tədqiq edilmiş sübutlar və tərəflərin izahatı ilə Cavabdeh İddiaçı hesabına 2900 (iki min doqquz yüz) manat məbləğində əsasız varlanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən, yəni beh kimi ödənilmiş 2900 manat hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu Gədəbəy rayonu İnəkboğan kəndinə göndərilmiş, “Məmmədov” soyadlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə “Poçt göndərişinin verilməsi haqqında” qəbz (F.119) şəxsən imza edilmişdir. Bundan başqa, cavabdehə məxsus “050 857-57-70” nömrəli mobil telefon nömrəsinə (cavabdeh özüdə apellyasiya şikayətində qeyd olunan nömrəni qeyd etmişdir) SMS xəbərdarlıq vasitəsi ilə məlumat göndərilmişdir. Ünvan sahibi yaşadığı ünvanda olmadığı təqdirdə, həmin ünvanda yaşayan ünvan sahibinin yetkinlik yaşına çatmış ailə üzvü və başqa şəxs bu məhkəmə bildirişini aldıqdan sonra onu imkan olan kimi məhkəməyə çağırılan şəxsə dərhal təqdim etmək vəzifəsi daşıyır. Məhkəməyə çağrılan və xəbər verilən şəxs təyin olunmuş vaxtda məhkəməyə gələ bilməməsinin səbəbləri və nəticəsi barədə bildirişi vermiş məhkəməyə rəsmi məlumat vermək vəzifəsi daşıyır. Onun məhkəmə iclasına üzrsüz səbəbdən gələ bilməməsi işə baxılmasına maneə olmur.

38. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gədəbəy Rayon Məhkəməsinin 2(042)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar