Məhkəmə qərarları › İş №2(104)-571/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-571/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-571/2025 24.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(021)-1749/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(021)-1749/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, lakin şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsində məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri müəyyən edilmişdir. Qanunda hansı şəxslərin, habelə müəyyən kateqoriya iddialar üzrə iddiaçıların (ərizəçilərin) dövlət rüsumu ödənilməsindən azad olması müəyyən edilmişdir. Hazırkı işdə nə iddia dövlət rüsumu ödənilməsindən azad olan iddialar kateqoriyasına aid deyildir, nə də ki, cavabdeh qanuni əsaslarla rüsum ödəməkdən azad edilməmişdir. İddia ərizəsində 18000 manat məbləğində vəsaitin ödənilməsi tələb olunur ki, bu iddiaya məhkəmədə baxılması üçün ödənilməli dövlət rüsumu 144 manat təşkil edir. İş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsi üçün isə göstərilən məbləğdə dövlət rüsumunun 50 faizi miqdarında, yəni 72 manat məbləğində rüsum ödənilməlidir. Buna baxmayaraq, Cavabdeh apellyasiya şikayəti verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, bu hal da apellyasiya şikayətinin geri qaytarılması üçün qanuni əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 108.1.7-ci maddəsinə görə, mülki məhkəmə icraatında apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; dövlət rüsumu ödənilir Həmin Məcəllənin 108.2-ci maddəsinə görə, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qiymətləndirilən iddialar üzrə, 8.2-ci maddəsində isə qiymətləndirilməyən iddialar üzrə hansı məbləğdə dövlət rüsumu ödənilməli olduğu göstərilmişdir. Həmin Qanunun 8.6-cı maddəsində deyilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. MPM-nin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 108, 361, 363, 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(021)-1749/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar