Məhkəmə qərarları › İş №2(104)-572/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-572/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-572/2025 24.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(021)-953/2024 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(021)-953/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edilməlidir ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. İlk növbədə qeyd edilməlidir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-2020/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(021)-953/2024 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti (maddi və prosessual hüquq normalarının pozulmasının əsaslandırılmaması səbəbindən) qeyri mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Bundan sonra, İddiaçı təkrarən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin o, əvvəlki apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsanları aradan qaldırmamışdır. Belə ki, apellyasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 152.1, 157.2, 425.1, 425.2, 442.1 və 449.1-ci maddələrinə istinad edilsə də, lakin həmin maddi hüquq normalarının pozulmasının konkret nədə ifadə olunması, hazırkı mübahisəyə aidiyyəti apellyasiya şikayətində əsaslandırılmamışdır. Həmçinin, prosessual hüquq normalarının pozulması kimi MPM-nin 384.0.2 və 385-ci maddələrinə istinad edilsə də, lakin nəzərə almaq lazımdır ki, MPM-nin 384.0.2-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini, MPM-nin 385-ci maddəsi isə məhkəmə aktının apellyasiya qaydasında ləğv olunmasının prosessual hüquqi əsaslarını müəyyən edən hüquq normalarıdır. Göründüyü kimi, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən təkrarən apellyasiya şikayəti versə də, lakin əvvəlki apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsanları aradan qaldırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir. Bundan əlavə, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün prosessual hüquqi əsaslardan biri də apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməməsidir. Əvvəla qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsində məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri müəyyən edilmişdir. Qanunda hansı şəxslərin, habelə müəyyən kateqoriya iddialar üzrə iddiaçıların (ərizəçilərin) dövlət rüsumu ödənilməsindən azad olması müəyyən edilmişdir. Hazırkı işdə nə iddia dövlət rüsumu ödənilməsindən azad olan iddialar kateqoriyasına aid deyildir, nə də ki, iddiaçı qanuni əsaslarla rüsum ödəməkdən azad edilməmişdir. İddia ərizəsində 27900 manat məbləğində vəsaitin ödənilməsi tələb olunur ki, bu iddiaya məhkəmədə baxılması üçün ödənilməli dövlət rüsumu 173,7 manat təşkil edir. İş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsi üçün isə göstərilən məbləğdə dövlət rüsumunun 50 faizi miqdarında, yəni 86,85 manat məbləğində rüsum ödənilməlidir. Buna baxmayaraq, İddiaçı apellyasiya şikayəti verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, bu hal da apellyasiya şikayətinin geri qaytarılması üçün qanuni əsasdır. MPM-nin 108.1.7-ci maddəsinə görə, mülki məhkəmə icraatında apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; dövlət rüsumu ödənilir Həmin Məcəllənin 108.2-ci maddəsinə görə, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qiymətləndirilən iddialar üzrə, 8.2-ci maddəsində isə qiymətləndirilməyən iddialar üzrə hansı məbləğdə dövlət rüsumu ödənilməli olduğu göstərilmişdir. Həmin Qanunun 8.6-cı maddəsində deyilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. MPM-nin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MPM-nin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 361, 363-364 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(021)-953/2024 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar