Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-573/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 1314/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıdan 4500 manat məbləğində pul almış və həmin pulu xx.xx.2023-cü il tarixə kimi qaytraracağında dair öhdəlik götürmüşdür.
2. Cavabdeh 4500 manat məbləğindən pul götürdüyünə dair iddiaçıya xx.xx.2022-ci il tarixdə qəbz, şahidlərin də imzaladığı ərizələr vermişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4500 manat məbləğində pulun və ödənilmiş 65 manat dövlət rüsumunun, tutularaq ona verilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllərdən tanıyırdı. Ailəvi gediş gəlişiləri vardır. Əvvəllərdə ona borc pul vermişdir. Cavabdehin pula ehtiyacı olduğu üçün 04 mart 2022-ci il tarixdə şahidlərin iştirakı ilə ona 4500 manat borca pul vermişdir. Bu barədə onlar öz aralarında müqavilə bağlamış və həmin müqavilədə Cavabdeh özü də imza etmişdir. Tərminədən başqada iki nəfər borc müqaviləsinə şahid olmuş və həmin müqaviləyə imza etmişdirlər. Həmin puluda 2023-cü ilin iyul ayının 31-nə kimi qaytaracağına söz vermişdir. Lakin Tərminə hələdə onun pulunu qaytarmamışdır. Hesab edir ki, Tərminə onun pulunu vermək istəmir. Telefonlarına cavab vermir. Ona görə də, Cavabdeh 4500 manat məbləğində pulun və ödənilmiş 65 manat dövlət rüsumunun, tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. 18.09.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçını tanımır, ondan borc almamışdır, oradakı imza onun deyildir.
6. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı qohumdur. Cavabdeh ilə yaxşı münasibətləri olmuşdur və o, onlara tez-tez gəlib getmişdir. Cavabdeh 4500 manat pulu onların evində Hüseyn vermişdir.
7. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı qohumdur. İddiaçı anası X2 evində Tərminəyə 4500 manat pul vermişdir. Daha sonra həmin pulu Tərminədən ala bilmədiyi üçün sonradan Ağstafa rayonuna gedib orada şahid olduqları üçün onların iştirakları ilə borcun etirafı barədə sənəd tərtib edilmiş, şahidlər və Tərminə həmin yazılı sənədə imza etmişdir. Həmin imzalanmış sənəd borc pulun verilməsindən təxminən 1 il sonra bağlanmışdır. Cavabdeh borcunu etiraf etdiyi üçün həmin sənəd tərtib edilmişdir.
8. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. Ona görə də, mülki işə onun iştirakı olmadan baxılıb təmin olunmasını xahiş etmişdir.
9. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçını tanımır o, Ağstafa rayon sakini Hafiz adlı şəxsə pul vermiş və ona hər-hansı bir miqdarda pul verməmişdir. Bununla bağlı cinayət işi Qazax RPŞ-nin icraatındadır. Hazırda iddia ərizəsinə əlavə edilmiş əqdlər onun tərəfindən bağlanmamışdır. Onu tanımır və iddiası qanunsuz və əsassızdır. O gözündən 1-ci qrup əlildir, yazı yazmaq və imza etmək qabiliyyəti yoxdur.
10. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1314/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, cavabdehdən 4500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat, cəmi 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində pul vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir.
11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 4500 manat pul vermişdir. Lakin, sonradan Cavabdeh borcu qaytarmadığından onlar borcun etirafı kimi qəbz və ərizə (müqavilə) tərtib etmişlər.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 882.1, 882.2, 882.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 52.2, 107, 119.1, 191.3, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
13. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1314/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş üzrə ərizə ilə müraciət edərək gözdən birinci qrup əlil olduğunu qeyd etməyinə baxmayaraq sözügedən əqdin onun tərəfindən bağlandığını qeyd etmişdir. Qeyd edir ki, onun gözü görmür və imza etmək qabilliyyəti də yoxdur. Eyni zamanda ərizə də İddiaçı Hafiz adlı şəxsə pul verdiyini qeyd etmişdir. Buna baxmayaraq məhkəmə şahid qismində Hafizin qardaşı X1 dindirmiş, bununla da işin obyektiv araşdırmasına nail ola bilməmişdir. Məhkəmə ərizədə olan imzanın ona məxsus olması ilə bağlı ekspertiza keçirməli olduğu halda bunu etməmiş və onun hüquqlarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya).
23. Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya).
24. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya).
25. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya).
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
39. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1314/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Beləliklə, işin halları ondan ibarətdir ki, cavabdeh iddiaçıdan xx.xx.2022-ci il tarixdə 4500 manat məbləğdə borc pul almış, həmin pulu xx.xx.2023-cü il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. Lakin, cavabdeh tərəfindən həmin pul məbləği iddiaçıya qaytarılmamışdır.
44. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçı tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini təmin etmişdir.
45. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh iddiaçıdan 4500 manat məbləğdə borc pul almasını etiraf edir, eyni zamanda bu barədə iş materiallarında cavabdehin imzaladığı qəbz də mövcuddur. Lakin, cavabdeh iddiaçıya borcunun olmadığını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
47. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
48. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, cavabdeh qəbzdə olan imzanın ona aid olmadığını və birinci instansiyası məhkəməsi tərəfindən ekspertizanın keçirilmədiyini bilridirir.
50. Cavabdeh verdiyi apellyasiya şikayətini müdafiə etmək, irəli sürdüyü dlilləri sübut etmək və imza nümunələrinin götürülərək ekspertizanın keçirilməsinə şərait yaratmaq məqsədi ilə məhkəmə iclasında iştirak etmək əvəzinə məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
51. Cavabdeh birinci instansiyasi məhkəməsində icraat zamanı belə imzanın ona məxsus olmadığını bildirsə də ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verməmiş və sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin etiraz dəlilləri əsassız olmaqla yanaşı cavabdeh etiraz dəlillərini sübut etmək niyyətində olmamış, sadəcə məhkəmə araşdırmasını lüzumsuz uzatmaq məqsədi daşımışıdır.
52. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
55. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1314/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.