Məhkəmə qərarları › İş №2(104)-574/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-574/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-574/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin miqdarının artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2(040)-1080/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 may 2011-ci il tarixdə verilmiş AZ- İİ № 595253 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 24 may 2011-ci il tarixdə onadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

2. Kəlbəcər Rayon Qeydiyyat şöbəsi tərəfindən 17 yanvar 2014- cü il tarixdə verilmiş AZ-İİİ № 243733 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 04 yanvar 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

3. Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(040)-654/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 31 may 2011-ci il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 125 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 24 may 2011-ci ildə doğulmuş X4 və 04 yanvar 2014-cü ildə doğulmuş X2 anaları İddiaçı yanında saxlanılması, 04 may 2023-cü il tarixdən hesablanmaqla, 24 may 2011-ci ildə doğulmuş X4 və 04 yanvar 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aylıq alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.

4. Samux 1 saylı Mediasiya Təşkilatının mediatoru X6 tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli MŞS/1//2024-00352 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 12 oktyabr 2023-cü il tarixli, qətnaməsi ilə 24 may 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2014- cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər uşağa hər ay 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 31 may 2011-ci il tarixdə qeydə aldırmışlar və birgə nikahlarından 24 may 2011-ci ildə Taleh, 04 yanvar 2014-cü il tarixdə isə Cəsur adlı iki uşaqları anadan olmuşdur. Övladları Taleh və Cəsur hazırda onunla birgə valideyinlərinə məxsus evdə yaşayır. Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 04 may 2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. İki uşaq üçün müəyyən olunmuş 300 manat alimentdən başqa cavabdeh ona heç bir maddi köməklik göstərmir, halbu ki, cavabdehin maddi imkanı yaxşıdır, uşaqların artan təlabatlarını ödəyə bilər.

7. Kəlbəcər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2(040)-1080/2024 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddianın qismən təmin edilməsi, 24 may 2011-ci ildə doğulmuş X3 və 04 yanvar 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(040)- 654/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin miqdarının artırılması; 24 may 2011-ci ildə doğulmuş X3 və 04 yanvar 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində aylıq alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi; Hazırkı qətnamə əsasında alimentin tutulmasının bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla icra edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3, 8, 27-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilməməsi hissədə iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqlar günü-gündən böyüyür və təbii ki, ehtiyacları və saxlama xərcləri artır. Müəyyən olunmuş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Maddi cəhətdən özünün imkanı çox aşağıdır, başqa yerdən gəliri və ya qazancı yoxdur, özü valideyninin himayəsində yaşayır. Məhkəmə qətnamə qəbul edərkən qeyd olunanları nəzərə almamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq göstərmişdir ki, cavabdehin imkanı yaxşıdır, satıcı işləyir, ayda 400 manat əmək haqqı alır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, satıcı işləyir, 467 manat əmək haqqı alır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

17. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

21. Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

22. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

23. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

24. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

25. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

27. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

28. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.3 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin olunması mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 24 may 2011-ci ildə Taleh, 04 yanvar 2014-cü ildə isə Cəsur adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan tərəflər ayrılmışlar. Uşaqlar ananın himayəsində qalmış və Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(040)- 654/2023 saylı qətnaməsi ilə 24 may 2011-ci ildə doğulmuş X4 və 04 yanvar 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa görə 150 (yüz əlli) manat, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aylıq alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı müəyyən olunmuş alimentlə uşaqları saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərək alimentin məbləğini hər ay hər uşağa görə 170 manat müəyyən etmişdir.

40. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ var. Valideyinlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyır. 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hər bir uşaq üçün müəyyən olunmuş 150 manat alimentin miqdarını artıraraq hər uşağa görə 170 manat, iki uşağa görə cəmi 340 manat müəyyən etməsi işin həqiqi hallarına uyğun olmuşdur. Belə ki, elektron informasiya sistemindən çıxarışlardan müəyyən olunmuşdur ki, İddiaçı əmək müqaviləsi əsasında satıcı-kassir işləyir və aylıq əmək haqqı 400 manatdır. Cavabdeh isə "xxxx" MMC-də satıcı işləyir, aylıq əmək haqqı 467 manatdır. İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşı olmasını qeyd etsə də, lakin onun bu dəlili sübut olunmur.

41. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmişdir. Belə ki, sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə də, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır

43. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olsa da, mübahisənin maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2(040)-1080/2024 nömrəli qətnaməsi “24 may 2011-ci ildə doğulmuş X4 və 04 yanvar 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində aylıq alimentin İddiaçı xeyrinə tutulması; Qətnamə əsasında alimentin tutulmasının bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla icra edilməsi” hissədə dəyişdirilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq, 24 may 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində (170 : 0,49=345) sabit pul məbləğində aliment tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Kollegiya onu da qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 345 manat olmuşdur.

45. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 373,- 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(040)-1080/2024 nömrəli qətnaməsi “24 may 2011-ci ildə doğulmuş X4 və 04 yanvar 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində aylıq alimentin İddiaçı xeyrinə tutulması; Qətnamə əsasında alimentin tutulmasının bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla icra edilməsi” hissədə dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, 24 may 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində (170 : 0,49=345) sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar