Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-579/2023 13.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(042)-799/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik, yaşına çatmayan övladları-31 yanvar 2014-cü il təvəllüdlü X4 və 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Gədəbəy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(042)-332/2021 saylı qətnaməsi ilə hər bir uşaq üçün müəyyən edilmiş 130 manat, cəmi 260 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat olmaqla iki uşaq üçün, cəmi 400 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(042)-799/2022 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, 31 yanvar 2014-cü il tarixdə doğulmuş X4 və 16 aprel 2018-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(042)-332/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş, hər ay, hər uşaq üçün 130 manat, cəmi 260 manat alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 150 manat, cəmi 300 manat miqdarında müəyyən edilməsi; Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü ildə faktiki olaraq ailə qurmuşlar və birgə yaşayışlarından 31 yanavar 2014-cü il tarixdə Aysun, 16 aprel 2018-ci il tarixdə isə Sunay adlı uşaqları anadan olmuşlar. Aralarında yaranmış narazılıqlara görə ayrılmışlar və Gədəbəy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(042)-332/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh bir uşaq üçün 130 manat, iki uşağa görə isə cəmi 260 manat aliment təyin edilmişdir. Müəyyən olunmuş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq norlamalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı özü qadın salonunda işləyir, eyni zamanda pensiya alır. Müəyyən olunmuş alimenti ödəməkdə çətinlik çəkir. Məbləği artırılmış alimenti ödəyə bilməyəcək. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, üçüncü dərəcəli əlil olmaqla iknci qarabağ müharibəsi iştirakçısıdır. Əlilliyə görə 330 manat pensiya alır. Təyin olunmuş pensiyadan əlavə gəliri yoxdur. Cavabdeh sonda məhkəmə kollegiyasından qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonara məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gədəbəy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(042)-332/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 31 yanvar 2014-cü il tarixdə doğulmuş X4 və 16 aprel 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşağa 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tibbi-Sosial Ekspert Komossiyasının sonuncu müayinəyə dair arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və aldığı travma nəticəsində ona üçüncü dərəcə əllilik verilmişdir. Eləcədə həmin arayışdan müəyyən olunur ki, Cavabdeh ruhi-əsəb gərginliyi tələb olunmayan işlərdə işləyə bilər. Əmək qabliyyətini itirbə faizi sıfır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75,112-ci maddəsinə istinadən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Gədəbəy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(042)-332/2021 nömrəli qətnaməsi ilə iki uşaq üçün ümumilikdə təyin olunmuş 260 manat (130+130=260) alimentlə uşaqları saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə müəyyən olunmuş alimentin miqdarını artıraq hər uşaq üçün 150 manat,cəmi 300 manat müəyyən etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, məmləği artırılmış aliment 31 yanvar 2014-cü il təvəllüdlü X4 və 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etmələri üçün yetərli olmaqla, onların mənafeyinə uyğundur. İddiaçı qadın salonunda işləməsi və pensiya alması barədə apellyasiya şikayətinin dəlilini qətnamənin ləğvi üçün əsas saymır. Belə ki, İddiaçı işləməsi və pensiya alması Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ona görə də kollegiya hesab edir ki, müəyyən olunmuş alimentin miqdarını artıraraq hər uşaq üçün 150 manat müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər İşdən müəyyən olunur ki, iki uşaq üçün artırılmış alimentin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(042)-799/2022 nömrəli dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-579/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-579/2023
13.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver