Məhkəmə qərarları › İş №2(104)-581/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-581/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-581/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: alimentin artırılması Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(015)-1244/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və onların nikahları həmin tarixdə Ağstafa rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılmışdır.

2. Tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X3 rayonunda doğulmuşdur. Bu barədə Ağstafa VVADQ rayon Qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 696 nömrə ilə qeydiyyat aparılmış və AZ-İ seriyalı, 830130 nömrəli “doğum haqqında şəhadətnamə” verilmişdir.

3. Tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X2 rayonunda doğulmuşdur. Bu barədə Ağstafa VVADQ rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 03 nömrə ilə qeydiyyat aparılmış və AZ-İ seriyalı, 044292 nömrəli “doğum haqqında şəhadətnamə” verilmişdir.

4. Ağstafa Rayon Məhkəməsinin 22 oktyabr 2013-cü il tarixli, 2(015)-809/2013 nömrəli qərardadından görünür ki, 19 sentyabr 2013-cü il tarixdən başlayaraq xx.xx.2006cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 93 (doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 186 (yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qərara alınmışdır.

5. Ağstafa Rayon Məhkəməsinin 03 fevral 2014-cü il tarixli, 2(015)-24/2014 nömrəli qətnaməsi ilə iddiaçı X11 ilə Cavabdeh arasında xx.xx.2006-cı tarixli, 317 nömrəli qeydlə bağlanmış nikah qeydiyyatı ləğv edilmiş, tərəflərin bigə nikahlarından doğulmuş X10 və X6 anaları X7 yanında saxlanılmışdır.

6. 23.02.2016-cı il tarixdə iddiaçı ilə cavabdehin nikahlarının pozulmasına dair “ X17 Şəhadətnamə” verilmiş, nikahın pozulması həmin tarixdə 05 nömrə ilə qeydə alınmış və nikahdan sonra X8 Əliyeva soyadı verilmişdir.

7. xx.xx.2006-cı il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmış, xx.xx.2008-ci il tarixdə X4 16 yaşı vardır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 nömrəli 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahlarında olan xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ilin dekabr ayında faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarını 10 oktyabr 2006-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X9 adlı iki uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-24/2014 nömrəli 03 fevral 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan xx.xx.2006-cı il tarixli, 317 nömrə ilə qeyd olunmuş nikah pozulmuşdur. Birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X6 onun himayəsinə verilmişdir. Həmçinin Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 nömrəli 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə 19 sentyabr 2013-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 93 (doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 186 (yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qərara alınmışdır. xx.xx.2006-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatıb və onun saxlanması üçün müəyyən olunmuş alimentin ödənilməsinə xitam verilmişdir. Hazırda o, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün 93 manat aliment alır. 93 manat məbləğində alimentlə də uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günügündən artır. Qızı yetkinlik yaşına çatsa da, oda onun himayəsindədir və onun da xərclərini o, qarşılayır. Alimentin artırılması ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərmiş, lakin cavabdeh mediasiyada iştirak etmədiyindən o, ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı alıb məhkəməyə müraciət etmişdir.

10. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, tərəflərin vəkilləri məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

11. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-1244/2024 nömrəli qətnaməsi (hakim Natiq Abbasov) ilə, iddianın qismən təmin edilməsi, xx.xx.2008ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 nömrəli 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi, Cavabdeh 38 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, uşaq böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir.

13. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

14. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə uşağa görə 93 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Eyni zamanda iddiaçı 235 manat məbləğində aliment tələb etdiyi halda, cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, uşaq böyüdükcə ona aid xərclər artdığından əvvəlki aliment məbləği yetərli hesab edilə biməz və ona görə, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)- 809/2013 nömrəli 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4 və 112.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

16. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-1244/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, cəmi 150 manat məbləğində alimentlə bir ay ərzində bir uşaq saxlamaq mümkün deyil. Çünki, yaşayış minimumum 2024-cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub. O iddia tələbində 235 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2024-cü il üçün yaşayış minimumum haqqında qanunun tələbinə əsasən 235 manat aliment müəyyən edə bilərdi. Lakin, işə baxan məhkəmə əsassız olaraq aliment, az məbləğdə müəyyən etmişdir. Halbuki, qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 müəyyən edilmişdir. Əlavə olaraq qeyd edir ki, birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatıb və onun saxlanması üçün müəyyən olunmuş aliment ödənilməsinə xitam verilmişdir. Lakin, buna baxmayaraq qızı da onun himayəsindədir və ona da o baxır. Onun bütün təlabatlarını o ödəyir. Lakin, məhkəmə bunu da nəzərə almamışdır. Cavabdeh bildirir ki, hazırda Rusiya Federasiyasında yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. O, 600 manat əmək haqqı alır. Həmçinin, cavabdeh Rusiya Federasiyasında yenidən ailə qurmuş və həmin evliliyindən də uşaqları anadan olmuşdur. Lakin, ailə həyatı qurması və uşağının və ya uşaqlarının olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

21. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

22. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

23. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

25. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

26. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

27. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Konvensiya

Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

28. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

29. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır

30. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarı

31. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

32. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

33. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”;

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamı

34. Maddə 1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat müəyyən edilsin.

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı

35. Maddə 1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

49. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-1244/2024 nömrəli qətnaməsi – “ xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 nömrəli 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi” və 38 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməli, iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməli, cavabdehdən 44 manat dövlət rüsumu tutulmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdehin birgə yaşadıqları dövrdə xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X6 doğulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 nömrəli 22 oktyabr 2013-cü il tarixli qərardadından görünür ki, 19 sentyabr 2013-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 93 (doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 186 (yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qərara alınmışdır. Hazırda həmin uşaqlardan xx.xx.2006-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatmış və onun saxlanması üçün müəyyən olunmuş alimentin ödənilməsi dayandırılmışdır.

52. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

53. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

54. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

55. Yuxarıda sadalanan hüquq normaları əsasında işin halları araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda Fəxrədddin adlı uşaq üçün ödənilən 150 manat aliment, müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Fəxrədddin adlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır.

56. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

57. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğininin artırılmasının mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarını düzgün müəyyən etməmişdir.

58. Məhkəmə, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu, habelə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 2024 və 2025-ci illərdə olan məbləğini nəzərə alaraq uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 200 manat sabit pul məbləğində aliment müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.

59. Cavabdeh tərəfin cavabdehin Rusiya Federasiyasında iki azyaşlı uşağının olması və özünün taksi fəaliyyəti ilə məşğul olaraq 25000 rubl əməkhaqqı alması ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında 2011 və 2020-ci ildə doğulmüş uşaqlara atalığın müəyyən edilməsinə dair şəhadətnamələr və "xxxx" MMC-nin cavabdehin 25000 rubl əməkhaqqı almasına dair arayışı mövcuddur.

60. Lakin məhkəmə qeyd edir ki, cavabdehin başqa iki övladının olması və rəsmi gəlirinin 25000 rubl kimi göstərilməsi birinci nikahdan olan uşağına aliment verilməməsi və ya az məbləğdə alimentin verilməsinə əsas deyildir.

61. Cavabdehin uşaqların saxlamaq vəzifəsinin olması və bu saxlamanın onların üstün mənafeyinin təmin edilməsi formasında həyata keçirilməsi cavabdehin vəzifəsidir ki, cavabdeh qanunla üzərinə qoyulmuş valideynlik vəzifələrini vicdanla yerinə yetirməyə borcludur.

62. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarını artırılmaqla, onun miqdarını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində də müəyyən edilməlidir.

63. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

64. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

65. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

66. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”;

67. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində aliment təyin edilərkən, onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir.

68. Məhkəmə hazırkı iş üzrə alimentin artırılmış məbləğini hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən etmişdir. Ölkə üzrə 2024-cü il üçün minimum əmək haqqı məbləğinin 345 manat olması və hazırkı iş üzrə artırılmış alimentin məbləğinin hər ay 200 manat sabit pul məbləğində təyin edilməsi nəzərə alınmaqla, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,58 misli həddində (345 x 0,58 = 200,1 manat) sabit pul məbləğində aliment tutulmalıdır.

69. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən həmin tarixdən xx.xx.2024-cü il tarixədək 345 manatın 0,58 misli, xx.xx.2025-ci il tarixdən etibarən isə 2025-ci il üçün müəyyən edilmiş 400 manat minimum əməkhaqqının 0,58 misli hddində alıiment tutularaq iddiaçıya ödənilməlidir.

70. Beləliklə məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-1244/2024 nömrəli qətnaməsi – “ xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 nömrəli 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi” hissəsində dəyişdirilməli, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımları nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

71. Bundan başqa qeyd edilməlidir ki, cavabdehdən tutulmuş alinetin məbləği dəyişdiyindən birinci instansiyası məhkəməsinin qətnaməsi ilə tutulmuş dövlət rüsumun məbləği də dəyişdirilməlidir.

72. Belə ki, birinci instansiyası məhkəməsi 150 manat alimentə münasibətdə dövlət rüsumunu cavabdehdən tutulmasını qət etsə də, alimentin məbləği 200 manata qaldırıldığından alimentin illik məbləği olan 2400 manata münasibətdə 44 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasəm, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

74. Məhkəmə həmçinin izah edir ki, hazırki iddianın qiyməti, yəni müəyyən edilmiş alimentin illik məbləği 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.3, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-1244/2024 nömrəli qətnaməsi – “ xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 nömrəli 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi və dövlət rüsumunun tutulması” hissəsində dəyişdirilsin. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilməmiş 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar