Məhkəmə qərarları › İş №2(104)-582/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-582/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-582/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X5 və Cavabdeh1 iştirakları ilə, İddiaçı AccessBank QSC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit müqavilsəi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(015)-934/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 12 yanvar 2022-ci il tarixli 016A********** nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Budaqova Aybəniz Tahir qızına 24 ay müddətinə, illik 2,0833 faiz olmaqla 3000 manat kredit verilmişdir.

2. Budaqova Aybəniz Tahir qızının kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı qismində İddiaçı QSC ilə Cavabdeh1 arasında 12 yanvar 2022-ci il tarixli 016G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

3. Budaqova Aybəniz Tahir qızının kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı qismində İddiaçı QSC ilə Cavabdeh2 arasında 12 yanvar 2022-ci il tarixli 016G**********02 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 2505,54 manat əsas, 540,65 manat faiz və 229,49 manat cərimə olmaqla, cəmi 3275,68 manat borcun və 52,76 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Budaqova Aybəniz Tahir qızı arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli 016A********** saylı kredit müqaviləsi əsasında sonuncuya aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə Budaqova Aybəniz Tahir qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə 494,46 manat ödəniş etmiş, 2505,54 manat əsas, 540,65 manat faiz, 229 manat cərimə olmaqla cəmi 3275,68 manat borcu qalmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan məlum olmuşdur ki, borcalan Budaqova Aybəniz Tahir qızı vəfat etmişdir. Vəkil sorğularına verilən cavabdan isəmüəyyən olunmuşdur ki, Budaqova Aybəniz Tahir qızının adına əmlak olmadığından vərəsəlik işi açılmamışdır. Zaminlərə yazılı və çoxsaylı şifahi müraciətlərə baxmayaraq onlar borcu ödəməkdən imtina etmişlər

6. Ağstafa Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(015)-934/2024 nömrəli qətnaməsi ilə (hakim N.Abbasov) iddia təmin edilərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2505,54 manat əsas, 540,65 manat faiz və 229,49 manat cərimə olmaqla, cəmi 3275,68 manat borc və 52,76 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 462.2, 462.3, 472.2, 472.3, 739, 472-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 216-220, 233, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçı "xxxx" QSC ilə arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli zaminlik müqaviləsi iki il ərzində qüvvədə olur. Hər bir halda Zaminlik müqaviləsinin bağlandığı gündən 2 il keçdikdən sonra Zaminlik müqaviləsinə xitam verilir. Müqavilənin xitam olunması müqavilə üzrə yaranan məsuliyyətlərə də xitam verir. Zaminlik müqaviləsi bağlandıqdan 2 il ərzində zamindən öhdəliyin icrası tələb edilə bilər. Ona görə də kreditor onlara qarşı belə bir tələb irəli sürə bilməz. Əsas borclu 2022-ci ilin iyul ayında vəfat etmişdir. İddiaçı isə 2024-cü ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, aAybəniz 07 sentyabr 2022-ci ildə vəfat etmişdir. Anasının ölümündən sonra kredit borcu ödənilməmişdir. Hazırda işləmir, ona görə də kredit borcunu birdəfəlik ödəyə bilməz. Cavabdeh1 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkıəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilsədə, sonuncu məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını münkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

20. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

21. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

23. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi borcun zaminlərdən tutulması hissədə mübahisələndirildiyindən hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı QSC ilə Budaqova Aybəniz Tahir qızı arasında 12 yanvar 2022-ci il tarixli 016A********** nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə, illik 2,0833 faiz olmaqla 3000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində kreditorla Cavabdeh1 arasında 12 yanvar 2022-ci il tarixli 016G**********01 nömrəli, Cavabdeh2 arasında isə 12 yanvar 2022-ci il tarixli 016G**********02 nömrəli zaminlik müqavilələri bağlanmış və zaminlər kreditin qaytarılmasına dair borcalanla birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Borcalan kredit müqaviləsi üzrə 494,46 manat ödəniş etmişdir. Kredit müqaviləsi üzrə 2505,54 manat əsas, 540,65 manat faiz, 229 manat cərimə olmaqla, cəmi 3275,68 manat borc yaranmışdır. Budaqova Aybəniz Tahir qızı 07 sentyabr 2022-ci ildə öldüyündən, eləcədə alınmış sorğuya cavabda Budaqova Aybəniz Tahir qızının adına əmlak olmadığından vərəsəlik işi açılmadığı qeyd olunduğuna görə, kreditor yaranmış borcun qaytarılması barədə zaminlərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

37. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

38. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

39. Bundan əvvəldə qeyd olunduğu kimi alınmış sorğuya cavabdan müəyyən olunmuşdur ki, Budaqova Aybəniz Tahir qızının 07 sentyabr 2022-ci ildə ölümündən sonra miras əmlakı qalmamış, bu səbəbdəndə vərəsəlik işi açılmamışdır. Kreditin təminatı qismində kreditorla Cavabdeh1 və Cavabdeh2 12 yanvar 2022-ci il tarixli, 016G**********01 və 016G**********02 nömrəli zaminlik müqavilələri bağlamışdır.

40. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı QSC ilə Budaqova Aybəniz Tahir qızı arasında 12 yanvar 2022-ci il tarixli 016A********** nömrəli müqavilə əsasında yaranmış borcun, yəni 2505,54 manat əsas, 540,65 manat faiz və 229,49 manat cərimə olmaqla, cəmi 3275,68 manat borc və 52,76 manat dövlət rüsumunun kreditorun xeyrinə zaminlər Cavabdeh1 və Cavabdeh2 tutumaqda düzgün nəticəyə gəlmişdir.

41. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(015)-934/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar