Məhkəmə qərarları › İş №2(104)-585/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-585/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-585/2024 27.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-835/2023 saylı mülki iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan 12 sentyabr 2019-cu il tarixli 867rstBRD/19 nömrəli "Güzəştli kredit və Bank hesabı müqaviləsi"ndən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, 12 ay güzəşt müddəti və illik faiz dərəcəsi 1 faiz olmaq şərti ilə 6101,49 manat məbləğdə kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 14 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 867rstBRD/19 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə borcu- əsas məbləğ üzrə 4276,7 manat, faiz borcu üzrə 18,81 manat, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, ümumilikdə borcu 4295,51 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 12 sentyabr 2019-cu il tarixli 867rstBRD/19 saylı kredit müqaviləsinə xitam verilməsini və cavabdehdən 4276,7 manat əsas, 18,81 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4295,51 manat borcun 0,40 manat xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 62,96 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 6101,49 manat məbləğdə kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2 bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır, “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 14 mart 2023-cü il tarixə kredit müqaviləsi üzrə "xxxx" KB ASCyə 4276,7 manat əsas, 18,81 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 4295,51 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün danışıqlar aparılmış, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-835/2023 saylı mülki iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim: H.Qəniyev) iddia təmin edilmiş, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 867rstBRD/19 nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 4276,7 manat (dörd min iki yüz yetmiş altı manat 70 qəpik) əsas borc, 18,81 manat (on səkkiz manat 81 qəpik) faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4295,51 manat (dörd min iki yüz doxsan beş manat 51 qəpik) kredit borcunun, həmçinin ödənilmiş 62,96 manat (altmış iki manat 96 qəpik) dövlət rüsumunun və 0,40 manat xidmət haqqının pul əvəzinin tutularaq, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-835/2023 saylı mülki iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, əvvəla bildirir ki, işə baxılmasının yeri və vaxtı barədə ona rəsmi məlumat verilməmişdir. Bundan başqa məhkəmə borcun düzgün hesablanması üçün ekspertiza təyin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: f Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə.185.6.İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya əvvəlcə apellyatorun məhkəmə iclasının onun iştirak olmadan keçirilməsi ilə bağlı şikayətin dəlilinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarının 17-ci vərəqində olan poçt xəbərnaməsindən müəyyən edilir ki, məhkəmənin 17 avqust 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh faktiki yaşadığı Bərdə rayonunun Əliyanlı kəndinə bildiriş göndərilmiş və cavabdeh həmin xəbərnaməyə xx.xx.2023-cü il tarixdə imza etməklə şəxsən qəbul etmişdir. Göründüyü kimi, Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Bundan başqa Cavabdeh apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, kredit borcu artıq hesablanmışdır. Bu səbəbdən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən hesab edir ki, cavabdehin kredit borcunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Belə ki, artıq yuxarıda da qeyd edildiyi kimi, mülki işin materiallarında olan 12 sentyabr 2019-cu il tarixli 867rstBRD/19 nömrəli "Güzəştli kredit və Bank hesabı müqaviləsi"ndən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, 12 ay güzəşt müddəti və illik faiz dərəcəsi 1 faiz olmaq şərti ilə 6101,49 manat məbləğdə kredit verilmişdir. Cavabdeh apellyasiya şikayətində borcun düzgün hesablanmadığını bildirsə də, həmin borcdan hər hansı bir məbəğdə ödəniş etməsi barədə ödəniş qəbzlərini apellyasiya şikayətinə əlavə etməmiş, həmçinin məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olmasına baxmayaraq heç bir əsas göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və borcundan daha çox məbəğdə ödəniş etməsi barədə heç bir sübut təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə kredit borcunun düzgün müəyyən edilib-edilməməsi ilə bağlı məhkəmə müşasibatlıq ekspertizasının keçirilməsinə heç bir zərurət yoxdur, cavabdehin əsas və faiz borcu düzgün hesablanmışdır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmiş, cavabdeh tərəfin əsas və faiz borcunu düzgün müəyyən etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-835/2023 saylı mülki iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 4295.51 manatdır. Ona görə də, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə görə hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-835/2023 saylı mülki iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar