Məhkəmə qərarları › İş №2(104)-586/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-586/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-586/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: zərərin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2025ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2618/2023 nömrəli qərardadından görünür ki, iddiaçı X2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsi və apellyasiya icraatına iddiaçı X2 apellyasiya şikayəti üzrə xitam verilməsi qərara alınmışdır.

2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən torpaq sahəsi almaq üçün verdiyi 12000 ABŞ dolları, ev inşa olunmasına icazə barədə sərəncam verilməsi üçün verdiyi 1500 ABŞ dolları və torpağın hasarlanmasına xərclədiyi 4000 manat məbləğində pulun, 171 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Gədəbəy rayonun Slavyanka kəndində yaşayır. 2011-ci ildə X6 makler kimi torpaq alğı-satqısı işi ilə məşğul olan şəxs kimi tanımışdır və Ariflə görüşüb torpaq sahəsi almaq istədiyini bildirmişdir. Arif isə tanışı Cavabdeh satışda olan torpaq sahələrinin olduğunu bildirmişdir. Daha sonra onlar birlikdə Gəncə şəhəri Sevinc qəsəbəsinə gedərək 23 və 24-cü küçələrdə olan iki torpaq sahəsini onlara göstərmişdir. Bir neçə gündən sonra onu Səyad adlı şəxslə görüşdürüb birlikdə həmin torpaq sahələrinə yenidən baxmaq üçün getmişlər. Cavabdeh Arifin yanında Sevinc qəsəbəsində 23 və 24-cü küçədə Arifin göstərdiyi torpaqları bir daha ona göstərərək satılması ona həvalə olunduğunu və torpağın hər birini 6000 ABŞ dollarına satdığını bildirmiş və iddiaçı həmin qiymətlə razılaşaraq hər iki torpaq sahəsini almaq qərarına gəlmişdir. Bundan sonra iddiaçı Səyada hər bir torpaq sahəsi üçün 6000 ABŞ dolları olmaqla, cəmi 12000 ABŞ dolları pulu Arifin iştirakı ilə ödəmiş, Səyad isə ona yaxın bir müddətdə həmin torpaq sahələrini iddiaçının adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin cavabdeh müxtəlif bahanələr edərək rəsmiləşdirməkdən yayınmışdır. Həmin torpaqlardan birində tiknti işləri aparmaq istəyərkən sahə müvəkkili yaxınlaşıb tikiliyə icazə sənədi tələb etdikdə, iddiaçı Ariflə birlikdə Səyadla görüşüb tikiliyə razılıq verilməsi ilə bağlı sənəd tələb olunduğunu bildirmişdir. Səyad isə bildirmişdir ki, 1500 ABŞ dolları pul versə torpaqda tikinti işlərinin arparılması ilə bağlı ona sərəncam alıb verəcəkdir. İddiaçı razılaşıb Səyada Arifin yanında 1500 ABŞ dolları pul versə də, Səyad hər hansı bir sərəncamı ona verməmişdir. Sahə müvəkkili isə sonradan ona hər hansı bir problem yaratmadığı üçün torpaq sahəsinin kənarlarını mişar daşı ilə tikdirmişdir. İddiaçı 12000 ABŞ dollarına razılaşıb Səyaddan aldığı iki torpaq sahəsinə dair hüquqi sənədlərin düzəldilib verilməsini dəfələrlə tələb etsə də, düzəldəcəyi barədə vədlər verərək torpaqlara dair hüquqi sənədlərin düzəldilməsi ilə bağlı ondan əlavə olaraq 3600 manat məbləğində pul istəmişdir. İddiaçı Ariflə birlikdə Səyadla görüşüb və həmin 3600 manat pulu Arif ondan götürərək sayıb onun yanında Səyada vermişdir. Lakin Cavabdeh ondan aldığı 12000 ABŞ dolları dəyərində olan torpaq sahələrinə dair hüquqi sənədlər verməmişdir. Dəfələrlə ondan torpağa dair hüquqi sənədlərin düzəldib təhvil verməsini tələb etsə də, müxtəlif bəhanələr edərək yayınmışdır. Əlavə olaraq, cavabdeh ona verdiyi 13500 ABŞ dolları pulu ona verdiyini etiraf edir və qaytarmayacağını bildirir. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, torpaq sahələri iddiaçıya verildiyi üçün onların əvəzi olaraq aldığı pulları geri qaytarmalı deyil. Həmin torpaq sahələrinin Nizaminin adına rəsmiləşdirildiyini deyə bilmir. O, pul alınıb-verilməsini görməmişdir. İddiaçı torpağın dəyərindən qalan 4000 manat pulu ödəməmişdir. Pul məsələsi o qədər uzanıb ki, sərəncam üçün verilən 3600 manat pulu geri qaytarmalı olmuşdur.

6. Məhkəmə iclasında şahid qismində izahat vermiş X8 bildirib ki, Nizamini uzun müddətdir tanıyır, münasibətləri yaxşıdır. Səyadı makler kimi tanıyır. 2011-ci ilin sentyabr ayının əvvəlində Səyad 2 torpaq sahəsini satdığını bildirmişdir. O, Nizamiyə torpaq sahələrinin satıldığını demiş, Nizami isə həmin torpaq sahələri üçün onun yanında 12000 ABŞ dolları pulu Səyada vermişdir. Daha sonra Nizami Səyada tikintiyə icazə almaq üçün 1500 ABŞ dolları, çıxarış almaq üçün sənədləşdirməyə görə 3600 manat pul vermişdir. Torpaq sahəsini satın almaq barədə danışıq məktəbdə dərs ili başlamazdan əvvəl olmuş, 12000 ABŞ dolları pul isə məktəbdə dərs ili başladıqdan sonra verilmişdir. Nizaminin verdiyi pulları o, sayıb əlbəəl Səyada verdiyi üçün pulların məbləğini və məzənnəsini dəqiq bilir. Onun iştirakı olduğu üçün pulların alınıb-verilməsi vaxtını xatırlayır.

7. Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilmiş və Cavabdeh 13500 ABŞ dolları məbləğdə pulun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158,85 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmənin mövqeyinə görə, iddiaçının tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi şahid ifadəsi ilə müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin əldə edilməsi üçün 12000 ABŞ dolları, rəsmiləşdirilməsi üçün 1500 ABŞ dolları pulu Arif Həsənovun iştirakı ilə Cavabdeh təhvil vermişdir. Lakin tərəflər arasında barəsində razılaşdırılmış torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş və ya bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, həyata keçirilməmiş əsasa görə pul, yəni məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığndan – torpaq sahəsi adına rəsmiləşdirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Bundan başqa, qanunvericiliyə əsasən, qaytarma tələbini istisna edən hal(lar) müəyyən olunmur. Həmçinin nəzərə alınır ki, cavabdeh iddiaya etiraz etsə də, onun verdiyi izahat bir-birinə ziddiyyətli cümlələrdən ibarət olmuş, habelə məhkəmə qaydasında tələb edilən pulun verilməsi şahid ifadəsi ilə təsdiq olunmuş, geri qaytarılması isə sübut olunmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edib ki, iddia 13500 ABŞ dollarının tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

9. Məhkəmə həmçinin qeyd edib ki, iddiaçı mübahisəli daşınmaz əmlakın hasarlanması üçün çəkilən xərcin əvəzi qismində 4000 manat pulun tutulmasını xahiş etsə də, həmin hissədə iddia sübuta yetirilmədiyi üçün təmin edilməməlidir.

10. Məhkəmə onu da bildirib ki, iddianın sübutu qismində təqdim edilmiş audio səs yazılarını ehtiva edən diskin tədqiqi nəticəsində adının Səyad olduğunu təsdiqləyən şəxsin ona 13000 ABŞ dolları pulu verildiyini bildirməsi və qalıq 4000 ABŞ dolları təhvil veriləcəyi halda torpaq sahələrinin rəsmiləşdirilməsinə razılıq bildirməsi müəyyən edilsə də, həmin danışıqlar birbaşa tərəflər arasında deyil, iddiaçının təmsilçisi ilə aparılmışdır, buna görə həmin danışıqlar sübut qismində qəbul edilə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamışdır. Əvvəldən bu iddia ona qarşı deyil, torpaq alveri ilə məşğul olan Arif adlı şəxsə qarşı qaldırılmışdır. Sonradan onlar iddianı ona qarşı qaldırmışlar. O, Nizamiyə 2 torpaq sahəsi vermişdir. Nizami ona bu 2 torpağa görə 12000 ABŞ dolları verməli idi, lakin ona 8000 ABŞ dolları verib pulun yerdə qalanını verməmişdir. Nizami onun verdiyi torpaqları satmışdır. Bu gün iddiaçı ondan aldığı 4000 ABŞ dollarını vermədiyi torpaqları satıb ondan pul istəyir. Halbuki, torpağı satıb iki qat pul qazanan şəxs əgər ondan pul istəyirsə, torpağını geri qaytarmalıdır. Məhkəmə işdə şahid kimi X5 şahid qismində verdiyi ifadəyə istinad etmişdir. Halbuki, şikayətə əlavə etdiyi şahid X5 xx.xx.2023-cü ildə Gəncə Şəhər Məhkəməsinə yazdığı etiraz ərizəsində ona pul vermədiyini bildirmişdir. Belə olan halda şahidin izahatının sübut kimi qəbul edilib, ondan 13500 ABŞ dolarının tutulmasının hüquqi əsası yoxdur. Ona verilən pul 12000 ABŞ dolları yox, 8000 ABŞ dolları məbləğindədir. Məhkəmə isə bu halı tam araşdırmadan iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1397/2024 nömrəli iş üzrə 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmiş, Cavabdeh 8000 ABŞ dolları məbləğdə pulun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş 158 manat dövlət rüsumunun 110 manatı alınaraq İddiaçı verilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: - Birinci instansiya məhkəməsi iddianı 13500 ABŞ dolları məbləğində təmin edərkən şahid qismində dindirilmiş X5 ifadəsinə əsaslanmışdır. - Məhkəmə kollegiyası qeyd edib ki, hazırkı iş üzrə şahid X5 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, o, hazırkı iş üzrə maraqlı şəxs olmaqla, həm də onun ifadəsi digər sübut növləri ilə öz təsdiqini tapmır. - Göründüyü kimi, iddiaçı cavabdehə 13500 ABŞ dolları məbləğində pul verməsi barədə heç bir mötəbər sübut növü təqdim etməmişdir. - Bununla belə, Cavabdeh iddiaçıdan 8000 ABŞ dolları pul alması onun izahatı ilə təsdiq edilir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2, 1093.1-ci, MPM-nin 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiya məhkəməsində icraat

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 3959/2024 nömrəli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli 2(104)- 1397/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, təmsil olunan Gülabatın Məmmədovanın öz mülkiyyətində olan torpaq sahəsindən bir hissəsini Tacəddin Əsgərova satmaq istəyinin olması barədə iş materiallarında məlumatlar mövcuddur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, şifahi razılaşma ilə Nizamiyə 2 torpaq sahəsini 12000 ABŞ dollarına satmış, iddiaçı ona 8000 ABŞ dolları verib, 4000 ABŞ dolları borcu qalmışdır. Torpaq sahəsinin hüquqi sənədi olmamışdır. İddiaçının həyat yoldaşı əvvəlcə Arif Həsənova qarşı pul tələbinə dair iddia qaldırmış, hazırda isə ona qarşı iddia qaldırmışdır və bu baxımdan o, maraqlı şəxs olduğu üçün ifadəsi qəbul edilə bilməz. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. İş üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. İş üzrə cavabdehin vəkili Vəkil2 Məmmədəli oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

28. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

29. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma.

33. Maddə 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə 1091.2 əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. Maddə 1093.1 öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

45. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

46. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh 13500 ABŞ dolları məbləğdə pulun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158,85 manat pulun tutularaq İddiaçı ödənilməsi - hissəsində dəyişdirilməli, Cavabdeh 10.000 ABŞ dolları və 141 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir.

51. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı torpaq sahəsi almaq üçün 10.000 ABŞ dolları məbləğində pul almış və torpağı satması barədə öhdəlik götürmüşdür. Lakin, cavabdeh iddiaçıya həmin torpaq sahəsini satmamışdır.

52. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

53. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

54. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

55. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

56. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslı olmamışdır.

57. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

58. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

59. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

60. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

61. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

62. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

63. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

64. Belə ki, mülki işin 33-cü səhifəsinə cavabdehin iddiaçıdan 10000 ABŞ dolları məbləğdə pul aldığını təsdiq edən yazılı izahatı əlavə olunmuşdur. Lakin işə baxmış birinci instansiyası məhkəməsi həmin izahata qiymət verməmişdir.

65. Məhkəmə kollegiyası tərəfindən mülki işin tam və obyektiv araşdırılması üçün sorğu əsasında Gəncə Şəhər Məhkəməsinin 2(125)-1317/2023 saylı mülki işə baxış keçirilərkən, Cavabdeh izahatında iddiaçıdan 10.000 ABŞ dolları məbləğdə pul aldığını təsdiq etmişdir.

66. Belə ki, qeyd olunan mülki işdə şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, iddiaçı X1rı Zeynalov Aydın və Zeynalova Aybənizə məxsus hər birinin ölçüsü 0.04 ha olan iki torpaq sahəsi satmışdır. Torpaq sahələrinə görə iddiaçı və onun əri Nizami ona 14000 manat pul verməli, o isə həmin torpaq sahələrini onların mülkiyyətinə verməliymiş. Həmin torpaqların sənədləşdirilməsi üçün iddiaçı və Nizamidən qudalarının adından etibarnamə verərkən notariusun qarşısında 10000 dollar pul almışdır. Sonradan qalan 4000 dolları vermədikləri üçün torpağı iddiaçı və ərinin adına sənədləşdirməmiş və etibarnaməni ləğv etmişdir. Lakin iddiaçının əri həmin torpaq sahələrini özü sənədləşdirmişdir. Həmçinin mübahisəli torpaq sahəsini sənədləşdirmək üçün iddiaçı və ərindən 3600 manat pul almış, həmin pulu polisdə araşdırma gedərkən iddiaçı və ərinə qaytarmışdır. Arif iddiaçı və ərindən pul almamışdır.

67. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq, cavabdehin əvvəlki məhkəmə icraatlarında – o cümlədən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1317/2023 nömrəli işində – iddiaçıdan 10.000 ABŞ dolları aldığını etiraf etdiyi yazılı izahat təqdim olunmuşdur.

68. Eyni zamanda, cavabdehin müxtəlif mərhələlərdə verdiyi ifadələr ziddiyyət təşkil edir: bir halda 8000 ABŞ dollar, digər halda 10.000 ABŞ dollar və ya 12.000 ABŞ dollar məbləğində pul aldığını göstərmiş, bu isə onun etiraflarının sabit və etibarlı olmadığını göstərir. Bu ziddiyyətlər Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsi baxımından sübutların dəyərinə təsir edən mühüm hal kimi dəyərləndirilmişdir.

69. Halbuki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

71. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

72. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

73. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

75. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçının şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

79. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

80. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, Cavabdeh İddiaçı iki torpaq sahəsi almaq üçün 10.000 ABŞ dolları almış və torpağı satması barədə öhdəlik götürmüşdür. Lakin, cavabdeh iddiaçıya həmin iki torpaq sahəsini satmamışdır. Sorğu əsasında alınmış Gəncə Şəhər Məhkəməsinin 2(125)-1317/2023 saylı mülki işə, məhkəmə iclas protokoluna baxış keçirilərkən, həmin işdə şahid olan Cavabdeh izahatında iddiaçıdan torpaq alınması ilə bağlı 10.000 ABŞ dolları aldığını təsdiq etmişdir. Bu hal Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1317/2023 nömrəli qətnaməsi ilə bir daha müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh müxtəlif mərhələlərdə verdiyi ifadələr ziddiyyət təşkil etmişdir. Bir halda 8000 ABŞ dollar, digər halda 10.000 ABŞ dollar və ya 12.000 ABŞ dollar məbləğində pul aldığını göstərmiş, bu isə cavabdehin etiraflarının sabit və etibarlı olmadığını göstərir.

81. Beləliklə, Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh 13500 ABŞ dolları məbləğdə pulun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158,85 manat pulun tutularaq İddiaçı ödənilməsi - hissəsində dəyişdirilməli, həmin hissədə Cavabdeh 10.000 ABŞ dolları və 141 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir.

82. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 141 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.3, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 10.000 (on min) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və 141 (bir yüz qırx bir) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar